Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:53

Fərman Ceyranlının həbs müddəti azaldıldı


F.Ceyranlı

«Gürcüstanda həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının cəzası azaldıldı. Bu qərarı bu gün, dekabrın 20-də Gürcüstan Apellyasiya Məhkəməsi çıxardı».

Bunu AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli bildirib. Onun deməsinə görə, F.Ceyranlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmdən yazda verilmiş apellyasiya şikayətinə baxış nəhayət, başa çatıb.

«Məhkəmə bu gün, dekabrın 20-də qərarını elan etdi. Atama verilmiş 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldıldı», - L.Hüseynli bildirib.

L.Hüseynlinin deməsinə görə, Gürcüstan Apellyasiya Məhkəməsi F.Ceyranlının ittiham edildiyi maddələri dəyişdirib. Qızı vurğulayıb ki, məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib.

Cərrahın qızı məhkəmənin qərarı ilə razı olmadıqlarını, F.Ceyranlıya qarşı bütün ittihamların ləğvindən ötrü yuxarı məhkəməyə şikayət edəcəklərini vurğulayıb.

F.Ceyranlı artıq 18 aydan çoxdur ki, həbsdədir. Yeni qərara əsasən, onun həbs müddəti gələn ilin avqustunda başa çatmalıdır.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib.1995-cü ildən M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktoru vəzifələrində çalışıb.

O, bir neçə il əvvəl Gürcüstana gedib. «Lancet» klinikasının yaradıcılarından biri olub və ötən il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məcəlləsi ilə dələduzluqda, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürülməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi bu il fevralın 8-də ona 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb.

F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib. Ancaq Azərbaycanda hakimiyyəti müdafiə edən şəxslər və bəzi deputatlar vurğulayıblar ki, F.Ceyranlının siyasi baxışlarına görə həbs edildiyini deməsinin heç bir əsası yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG