Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:26

Deputat: 'Valideynlər uşaqlarına çanta daşıyan tuturlar' [Media icmalı]


S.Novruzov
S.Novruzov

Aqrar sahədə müasir texnologiyanın tətbiqi, təhsilin vəziyyəti, ailə institutuna aid mənfi göstəricilər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur»

«Yeni Müsavat» qəzetində «Milli Məclisdə sərt müzakirələr» sərlövhəli yazı oxumaq olar.

Yazıda parlamentdə dekabrın 18-də gedən müzakirələrdən bəhs edilir. Müəllifin qeyd etməsinə görə, iclasda müzakirə olunan məsələlərdən biri «Ümumi təhsil haqqında» Qanun layihəsi olub. Yazıda vurğulandığına görə, deputat Siyavuş Novruzov bəzi tənqidi fikirlər dilə gətirib. O deyib ki, bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq: «Çünki əvvəllər uşaqlar həm əyləncəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz».

S.Novruzov deyib ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar: «Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir».

S.Novruzov özəl təhsil müəssisələrinin qiymətləri ilə bağlı məsələyə də toxunub. O vurğulayıb ki, kim təhsil müəssisəsi tikirsə, özündən qiymət qoyur: «Təhsil müəssisəsi bununla bağlı bir dəfə də hesabat vermir. İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir».

Boşanma
Boşanma

10 ilə 100 faiz artan boşanma

Qafqazinfo.az saytında «Azərbaycanda boşanmalarla bağlı şok – statistika» sərlövhəli yazı yer alır.

Sayt hüquqşünas Ələsgər Məmmədlinin rəsmi statistik göstəricilərə istinadən ölkədə ailə institutunun mövcud durumuna dair düşüncələrinə yer verib.

Ə.Məmmədli əvvəlcə Azərbaycanda son 10 ildə boşanmaların dinamikasını göstərir. Son 10 ildə boşanmaların sayı 146 faiz artıb. 2018-ci ilin 10 ayı ərzində 50 min 882 evlənmə, 12 min 396 boşanma qeydə alınıb.

Hüquqşünas vurğulayıb ki, son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir: «2008-ci ildə ölkədə 79 min 964 evlilik, 7 min 933 boşanma qeydə alınıb. Yəni, boşanmanın evliliyə nisbəti 9.92 faiz olub, 2018-ci ildə bu nisbət 24.36 faizə kimi yüksəlib».

Ə.Məmmədli bildirib ki, 2007-ci ildə 81 min 738 ailə qurulub, 2017-ci ildə bu rəqəm 62 min 923-ə enib və ya 23.01 faiz geriləyib.

Ə.Məmmədli əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: «Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir...».

İ.Əliyev Astarada çay plantasiyasında
İ.Əliyev Astarada çay plantasiyasında

Aqrar islahatlar

«Azərbaycan» qəzetində «Aqrar islahatların intellektual mərhələsi» sərlövhəli yazı dərc edilib.

Yazıda Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə keçirilən «AgTech and Green Energy» mövzusunda beynəlxalq forumdan bəhs edilir.

Yazıda vurğulanıb ki, aqrar sektoru qlobal miqyasda mütərəqqi texnologiya və innovasiyaların tətbiqinə sövq edən əsas səbəb ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin olunmasıdır.

Müəllifin fikrincə, Azərbaycan islahatların önündə gedən ölkə kimi qeyri-neft sektorunun, xüsusən aqrar sahənin inkişafında son texnologiyaların tətbiqində ciddi təşəbbüslər göstərir: «Aparılan islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası belə qənaətə gəlməyə imkan verir ki, aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu istiqamətdə artıq logistika sistemi qurulmuş, müasir soyuducular, emal müəssisələri istifadəyə verilmiş, böyük su ehtiyatları yaradılmış, yüz min hektarlarla torpaqlar dövriyyəyə qatılmış, aqroparklar fəaliyyətə başlamışdır».

Müəllif yazıb ki, forumda natiqlər ərzaq təhlükəsizliyini təmin etməkdən ötrü mövcud resurslardan səmərəli istifadə edilməsini, məhsuldarlığın artırılmasını və ətraf mühitin qorunmasını önə çəkiblər.

Yazının sonunda da bu forumun əhəmiyyəti belə çatdırılır: «Bu forum aqrar, energetika sahələrinin perspektiv əlaqələri, yeni texnologiyaların və yaşıl enerjinin tətbiqi sahəsində qabaqcıl təcrübəyə, dünyada müşahidə olunan trendlərə nəzər salmağa imkan verir».

XS
SM
MD
LG