Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 07:09

Kosovo ordusuna görə üz-üzə gəldilər


Kosovo Prezidenti Hashim Thaci BMT Təhlükəsizlik Şurasının iclasında

Kosovo və Serbiya liderləri BMT-nin Təhlükəsizlik Şurasında qarşı-qarşıya gəliblər. Bir neçə gün öncə Kosovo parlamenti yüngül silahlanmış təhlükəsizlik qüvvəsinin əsl orduya çevrilməsinə səs verib.

Bu addım Kosovonun etnik serblərini, həmçinin Belqradı qəzəbləndirib, NATO-nun da xəbərdarlığına səbəb olub.

Prezident Hashim Thaci dekabrın 17-də BMT-də deyib ki, Kosovonu suveren dövlət statusunu möhkəmləndirmək üçün ordunun yaradılması “təbii addım”dır.

Kosovoun səhvi yalnız ordunu yaratmaq üçün beş il gözləməkdə ola bilər”, – Thaci deyib.

1999-cu ilədək Kosovo Serbiyanın bir əyaləti olub. İki illik müharibə zamanı etnik albanların Serbiya qüvvələri tərəfindən qətli, qovulmasını dayandırmaq niyyətilə NATO raket zərbələri endirib. O vaxtdan bu məkanı NATO əsgərləri qoruyur.

Aleksandar Vucic Təhlükəsizlik Şurasının iclasında
Aleksandar Vucic Təhlükəsizlik Şurasının iclasında

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Onu Serbiyadan başqa 110-dan artıq ölkə tanıyıb.

“KOSOVONU CİLOVLAYIN”

Serbiya Prezidenti Aleksandar Vucic isə BMT-ni Kosovonu “cilovlamağa” çağırıb. O, Kosovonun öz ordusunu yaratmaq kimi “dırnaqarası suveren hüququ”nun olması fikrini rədd edib.

Vucic deyib ki, Kosovo ordusunun təsirlərindən “həddən artıq narahatdır, hətta bir az da qorxur”.

Dekabrın 14-də Kosovo parlamenti 2500 üzvlük Kosovo Təhlükəsizlik Qüvvəsinin 5 min heyətlik, daha sanballı silahlarla təchiz olunmuş milli orduya çevrilməsinə səs verib. Kosovodakı 120 min etnik serbi təmsil edən siyasi partiyalar iclası boykot edib.

Birləşmiş Ştarlar Kosovonun addımını dəstəkləyib, NATO isə onun “pis vaxta salındığını” deyib.

BMT-nin Baş katibi Antonio Guterres Kosovonun planlarından narahatlığını bildirib. O deyib ki, NATO-nun rəhbərlik etdiyi sülhməramlı missiyanın təhlükəsizlik məsuliyyətinin hər hansı şəkildə məhdudlaşdırılması BMT Təhlükəsizlik Şurasının missiyayla bağlı qətnaməsinə uyğun olmalıdır.

Rusiya isə Kosovonun addımına qətiyyətlə qarşı çıxıb. Səfir Vassily Nebenzia deyib ki, ordunun genişləndirilməsi Təhlükəsizlik Şurasının qətnamələrinin “kobudcasına pozulmasıdır” və ordu yaradılmasını “qanunsuz” adlandırıb.

Kosovo və Serbiyanın Avropa Birliyinə üzvlük yolunda irəliləməsi üçün fikir ayrılıqlarının həlli şərt kimi qoyulub.

XS
SM
MD
LG