Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:03

Deputat: 'Azərbaycanda AES inşasına ehtiyac yoxdur' [Media icmalı]


Çexiyada atom elektrik stansiyası
Çexiyada atom elektrik stansiyası

Azərbaycanın yol infrastrukturu, Atom Elektrik Stansiyasının inşası, Yeni il ərəfəsi qiymətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Azərbaycanda AES söhbəti

«Yeni Müsavat» qəzetində «Əli Məsimli: Azərbaycanın AES-ə ehtiyacı yoxdur» sərlövhəli yazı oxumaq olar.

Müəllifin yazmasına görə, son günlər Rusiyanın «Rosatom» dövlət korporasiyasının Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi də daxil olmaqla, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsi barədə müzakirələr gedir. Yazıda bu məsələ ətrafında deputat Əli Məsimli ilə söhbət təqdim edilir.

Ə.Məsimli deyib ki, Azərbaycanda AES tikilməsi səyləri hələ sovet dönəmində də olub, amma bu və ya digər səbəb üzündən baş tutmayıb. Deputatın fikrincə, indiki halda isə Rusiyanın təklifi qazanc və strateji səmərə əldə etmək məqsədi güdür.

Ə.Məsimlinin vurğulamasına görə, bu, kifayət qədər bahalı tikintidir, indiki halda bunun Azərbaycana neçəyə başa gələcəyini söyləmək çox çətindir. O qeyd edib ki, bu, reaktorun gücündən, alınan avadanlıqların keyfiyyətindən və başqa amillərdən asılıdır: «Bir reaktorun dəyəri 2-5 milyard dollar arasında dəyişə bilir. Rusiyanın Belarusda tikmək istədiyi AES 6 milyard dollar dəyərləndirilir, digər xərclərlə birlikdə isə bu rəqəm 9 milyard dollara da qalxa bilər. AES Özbəkistana 11 milyarda dollara başa gələcək, amma şərtlər tam açıqlanmır. Rusiyanın Türkiyədə tikdiyi AES-in dəyəri 20-22 milyard dollar arasındadır».

Ə.Məsimli söyləyib ki, 2011-ci ildə Yaponiyadakı zəlzələdən sonra Fukuşima AES-də sızma ilə bağlı dünya AES tikintisindən geri çəkilməkdədir.

Deputat Azərbaycanda belə bir tikintiyə zərurət görmür. O, bunu ölkənin kifayət qədər karbohidrogen ehtiyatlarına, bərpa olunan enerjidən istifadə imkanlarına malik olması ilə əsaslandırır.

V.Əhmədov
V.Əhmədov

«Subyektiv amillərdən doğan qiymət artımı»

Moderator.az saytında «Bayram öncəsi qiymət artımları obyektiv yox, subyektiv amillərdən qaynaqlanır» sərlövhəli yazı yer alır.

Yeni il öncəsi qiymət artımının baş verməsi gözləniləndirmi? Moderator.az saytı bu sualla deputat Vahid Əhmədova üz tutub.

«Bayram öncəsi qiymət artımı demək olar ki, həmişə müşahidə olunur. Novruz bayramında da, Yeni ildə də bu cür qiymət artımları olur. Bu, obyektiv yox, subyektiv səbəblərdən qaynaqlanan haldır», - deyə deputat cavab verib.

V.Əhmədov vurğulayıb ki, sahibkarlar imkan olan kimi qiymətləri qaldırırlar və bu qiymətlər bayramdan sonra da aşağı düşmür.

Deputat qeyd edib ki, müəyyən strateji əhəmiyyətli məhsulların qiymətləri istisna olmaqla, bazar iqtisadiyyatında qiymətlər tənzimlənmir. Amma onun fikrincə, müəyyən qədər də olsa, bu sahəyə diqqəti artırmaq lazımdır.

«Xüsusilə ərzaq, geyim, dərman məhsullarının qiymətinə nəzarət etmək lazımdır ki, burada qiymət artımı obyektiv olsun. Təəssüf ki, bu gün subyektiv amillərdən doğan qiymət artımı var», - V.Əhmədov bildirib.

Bakıda yol qovşağı
Bakıda yol qovşağı

«MDB-də birinci yollar»

«Azərbaycan» qəzetində «Dünyada 34-cü, MDB-də birinci» sərlövhəli yazıda Azərbaycanda yol infrastrukturundan bəhs edilir.

Yazıda vurğulanıb ki, bu gün Azərbaycan rahat, müasir dünya standartlarına cavab verən avtomobil magistralları, körpülər, yol qovşaqları, keçidlər ölkəsidir. Müəllifin qeyd etməsinə görə, bunu beynəlxalq reytinq təşkilatları da təsdiq edir. Yazıda xatırladılıb ki, Dünya İqtisadi Forumunun «Qlobal Rəqabətlilik Hesabatı»na görə, Azərbaycan yolların keyfiyyət indeksinə görə, dünyada 34-cü yerdə, postsovet məkanında birincidir: «Azərbaycanın dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyət indeksi üzrə 34-cü pilləyə yüksəlməsi sıradan bir fakt deyil. Bu, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan yenidənqurma tədbirlərinin və onun tərkib hissəsi olan yol infrastrukturunun təkmilləşdirilməsinin nəticəsidir».

Yazıda iddia olunur ki, Azərbaycan yolların keyfiyyətinə görə bir sıra Avropa ölkələrini belə geridə qoyur. Müəllifin qeyd etməsinə görə, cari ilin 9 ayı ərzində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, 23 rayonda 54 layihənin icrası, 12 ölkə əhəmiyyətli, 37 kəndlərarası avtomobil yollarının tikinti və yenidən qurulması başa çatdırılıb. Yazının sonunda da oxuyuruq: «Azərbaycan dəmir yolu kimi avtomobil nəqliyyatı yolları üzrə də beynəlxalq əhəmiyyətli qovşağa çevrilir. Bunun üçün beynəlxalq əhəmiyyətli «Şimal-Cənub» dəmir yolu ilə yanaşı, magistral avtomobil yollarının tikintisi və yenidən qurulması da sürətlənir. Artıq bu istiqamətdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə start verilib».

XS
SM
MD
LG