Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

40 il əvvəl nələr baş verib


İranlı qadınlar ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında, arxiv fotosu
İranlı qadınlar ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında, arxiv fotosu

1979-cu ildə ərəb və müsəlman dünyasında bir sıra dramatik hadisələr baş verib. Elə hadisələr ki, 40 il sonra – günü bu gün də izləri qalır. “Frans Pres” agentliyi həmin hadisələrin siyahısını hazırlayıb.

Yanvarın 16-da İranın sonuncu monarxı, qərbpərəst Şah Mohammad Reza Pahlavi rejimə qarşı aylarla davam edən etirazlar ucbatından ölkədən qaçır.

Etirazlara sürgündən liderlik edən şiə ruhani Ayatollah Ruhollah Khomeini fevralın 1-də ölkəyə dönür.

Şah hökuməti ordu ona qarşı çıxandan 10 gün sonra süqut edir. Ertəsi gün dövlət radiosu monarxiyanın, “2 min 500 illik despotizmin sona çatdığını” elan edir.

Aprelin 1-də İran İslam Respublikası elan olunur, şəriət qanunlarını qəbul edir.

Ayatollah Ruhollah Khomeini-nin şəkli olan poster
Ayatollah Ruhollah Khomeini-nin şəkli olan poster

Mayın 5-də Khomeini elit İnqilab Keşikçiləri Korpusunu yaradır və bu korpus rejimin ordusuna çevrilir.

İnqilab dövründə İranda neft hasilatının azalması qiymətləri yüksəldir, Qərb iqtisadiyyatlarına enerji böhranı yaradır.

MİSİR VƏ SURİYA

Martın 26-da Misir Prezidenti Anwar Sadat İsrailin Baş naziri Menachem Begin ilə Vaşinqtonda yəhudi və ərəb dövlətləri arasında ilk sülh sazişini imzalayır.

ABŞ prezidenti Jimmy Carter-in iştirakıyla imzalanan sənəd bu iki qonşu arasında müharibəyə son qoyur. Amma ərəb ölkələri sazişi xəyanət sayır, Misirlə əlaqələri kəsirlər.

Anwar Sadat İran şahının dəfn mərasimində
Anwar Sadat İran şahının dəfn mərasimində

Ölkəsində də tənqid olunan Sadat 1981-ci ilin oktyabrında qətlə yetirilir.

İyunun 16-da Suriyanın şimalında Hələb şəhərində 80 hərbi məktəb kursantı akademiyada qətlə yetirilir. Onlar ələvi şiə azlığından idilər. Suriyanın indiki prezidenti Bashar al-Assad-ın atası Hafez al-Assad da həmin azlığı təmsil edir.

Hücumu sünni çoxluğunu təmsil edən, rejimin ələvilərə isti münasibətindən qəzəbli təlimçi təşkil edib.

Hökumətsə cavabında Müsəlman Qardaşlığı qruplaşmasına təzyiqi artırır. Silahlı üsyana qalxan qruplaşma 1982-ci ildə Hama şəhərində darmadağın edilir. Bu zaman 10 min-40 min adamın həlak olduğu bildirilir.

SADDAM HUSSEİN ERASI

İyulun 16-da İraqda Saddam Hussein prezident postuna keçir. O, 1968-ci il çevrilişindən sonra hakimiyyətə gələn Bəəs partiyasının lideri idi.

İraq prezidenti Ahmed Hassan al-Bakr (sağda) və Saddam Hussein, 1978-ci il
İraq prezidenti Ahmed Hassan al-Bakr (sağda) və Saddam Hussein, 1978-ci il

Saddam ölkəni sərt şəkildə idarə edir, İraqı bir neçə münaqişəyə sürükləyir, İranla müharibəyə gedir. 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi əməliyyatlar nəticəsində devrilir, üç il sonra edam olunur.

Noyabrın 4-də islamçı tələbələr ABŞ-ın Tehrandakı səfirliyini tuturlar, Birləşmiş Ştatlarda müalicə alan şahın ekstradisiyasını tələb edirlər.

52 diplomat 444 gün girov saxlanır. Vaşinqtonla Tehranın o vaxtdan pozulan münasibətləri bu gün də düzəlməyib.

MƏKKƏYƏ HÜCUM

Noyabrın 20-də 400-dən çox fundamentalist Səudiyyə rejiminə etiraz olaraq Kəbəyə basqın edir, minlərlə zəvvarı girov götürüb. Səudiyyə qüvvələri iki həftə sonra hücuma keçir, əsgərlər, üsyançılar və dinc sakinlər daxil olmaqla, azı 333 nəfər öldürülür.

Səudiyyə Ərəbistanında islamçı ekstremizm belə baş qaldırdı.

Dekabrın 27-də sovet qoşunları kommunist hökumətini dəstəkləmək məqsədilə Əfqanıstana hücum edir, bu işğal doqquz il çəkir.

Birləşmiş Ştatlar və Səudiyyənin gizli xidmətlərinin dəstəyilə əfqan mücahidləri silahlı müqavimətə başlayır.

Zəngin səudiyyəli Osama bin Laden bu işdə əsas rol oynayır, əsasən ərəb könüllüləri ətrafına yığır, Al-Qaeda lideri kimi onları antiqərb cihada həvəsləndirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG