Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

'2019-cu ilə problemli kreditlərlə gedirik'-Media icmalı


A.Lukaşenko
A.Lukaşenko

«Şahdəniz-2» layihəsi, Qarabağ münaqişəsi, vaxtı keçmiş kreditlər probleminin həll edilməməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Aleksandr Lukaşenkonun dedikləri...

Azadliq.info saytında «Lukaşenko Azərbaycan hakimiyyətini biabır etdi» sərlövhəli yazı oxumaq olar.

Müəllifin yazmasına görə, bu günlər Belarus prezidenti A.Lukaşenko deyib ki, Rusiya dövlət başçısı Vladimir Putinlə birlikdə Ermənistan prezidentini işğal etdikləri 5 rayonu qaytarmağa razı salmağa çalışıblar. Yazıda qeyd edilməsinə görə, bu razılaşmanın şərtlərinə görə, Kəlbəcər, Laçın rayonları və Dağlıq Qarabağın özü bütövlükdə Ermənistan tərəfində qalmalı idi.

A.Lukaşenko jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın təhlükəsizliyini irəli sürərək bundan imtina edib. Onun deməsinə görə, baxmayaraq ki, buna imkan verilməyəcəyini, əraziyə silahlı qüvvələr yeridiləcəyini vəd ediblər.

Azadliq.info saytının müəllifi isə deyilənləri təslimçilik planı adlandırır: «Lakin xoşbəxtlikdən bu rüsvayçı məğlubiyyət planı baş tutmayıb. Ermənistan prezidenti Serj Sarkisyan buna razı olmayıb».

Müəllifin fikrincə, S.Sarkisyan düşünüb ki, Azərbaycan öz tarixinin ən zəngin mərhələsini- neft bumunu yaşadığı vaxtda Qarabağın özündən, Laçın və Kəlbəcərdən asanlıqla imtina edirsə, güzəştə getməyə ehtiyac yoxdur.

N.Cəfərli
N.Cəfərli

Problemli kreditlər yükünün bölüşdürülməsi

«Yeni Müsavat» qəzetində «2019-cu ilə problemli kreditlərlə gedirik: həlli yolu nədir» sərlövhəli yazı yer alıb.

Yazıda vaxtı keçmiş kreditlər probleminin həlli ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbət təqdim edilib.

Müəllif bildirib ki, ölkədə vaxtı keçmiş kreditlərin məbləği (1.7 milyard manat) yüksək qalmaqda davam edir, 2015-ci ilin devalvasiyalarından bu yana başlayan problem 2018-ci ildə də həllini tapmayıb: «Noyabr ayına olan rəsmi məlumatlara görə, ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 4.4 faiz artıb. Ötən il noyabrın 1-nə nisbətən isə 10.1 faiz azalıb. Oktyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13.8 faiz təşkil edib».

Ekspert N.Cəfərli «Yeni Müsavat»a bildirir ki, problemli kreditlərlə bağlı hazırda iki önəmli məsələ var: «Birincisi odur ki, Azərbaycan rəsmi statistikası problemli kreditləri ümumi kredit portfelinin 16 faizi kimi göstərir. Əslində bu da çox böyük rəqəmdir. Çünki dünyada problemli kreditlər ümumi kredit portfelinin 3 faizini keçdiyi zaman bu, bank sektorunda böyük təlatümlərin olmasının göstəricisi kimi qəbul olunur».

N.Cəfərli deyib ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda problemli kreditlərin həcmi dünya normalarından 5 dəfədən də artıqdır. Amma o qeyd edib ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanda problemli kreditlərin reallıqda daha yüksək olduğunu düşünürlər.

Ekspertin vurğulamasına görə, Azərbaycanda hazırda məhkəmə çəkişmələrinin böyük bir hissəsi problemli kreditlərin üzərinə düşür: «Cəzalarla, hər hansı böyük həcmdə məhkəmə qərarları ilə məsələ həll olunmayacaq. Nə vətəndaş bu yükün altına tək girə bilir, nə də banklar təkbaşına problemi həll etmək gücündədir. Burada artıq dövlətin müəyyən addımlarına, proqramlarına ehtiyac yaranıb. Dövlət də addım atmaq fikrində deyil».

N.Cəfərliyə görə, çıxış yolu yükün bölüşdürülməsindədir. Onun fikrincə, bu yükün 33 faizi dövlətin, 33 faiz bankların, 33 faiz də vətəndaşın üzərinə qoyulmalıdır.

TANAP-ın açılışı
TANAP-ın açılışı

«Şahdəniz-2» layihəsi

«Azərbaycan» qəzetində ««Cənub qaz dəhlizi»nin ehtiyat mənbəyi» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, «Şahdəniz-2» layihəsindən ötrü yekun investisiya qərarı verilməsindən 5 il ötür.

Müəllif qeyd edir ki, layihə bu müddətdə plan üzrə irəliləyib və 6 aydan çoxdur «Şahdəniz-2» qazı genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (COBK) vasitəsilə TANAP-a (Trans-Anadolu Qaz Boru Kəməri) ötürülür.

««Şahdəniz-2» çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunmalıdır. Ümumilikdə isə, «Şahdəniz» 1.2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat ehtiyatı olan nəhəng yataqdır»,-deyə müəllif yatağın ehtiyatları barədə yazır.

Yazıda bildirilir ki, həmin yatağın işlənməsinə 2006-cı ildən başlanıb. Həmin ildən qaz Gürcüstana, 2007-ci ildən isə Türkiyəyə ixrac edilməyə başlayıb.

Müəllif 2013-cü il dekabrın 17-də yekun investisiya qərarı verilərkən dövlət başçısı İlham Əliyevin onunla bağlı çıxışından sitat gətirir: «Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcək. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcək. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir».

Müəllif yazıb ki, «Şahdəniz-2»ni «XXI əsrin layihəsi» adlandırırlar: «Əvvəla, ilk dəfədir Azərbaycan və onun timsalında bütün region belə nəhəng miqyaslı bir layihə reallaşdırıb. Azərbaycan həmin layihə ilə zəngin qaz ehtiyatlarının istismarına başlayıb ki, bu da regionun gələcəyinə geniş yol açacaq. İkincisi, sözügedən layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirəcək. Nəhayət, «Şahdəniz-2» Xəzər regionu ilə Avropa bazarlarını bir-birinə bağlayacaq».

XS
SM
MD
LG