Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Narkoloji Mərkəzin direktoru yanğın haqda danışmaq istəmir


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə cinayət məsuliyyətinə cəlb olunan dörd nəfər arasında Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev də var. Beş aydır həmin hadisə ilə bağlı məhkəmədə araşdırmalar getsə də, onlar ifadə verməkdən imtina edirlər. Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işi araşdıran hakim Azər Paşayev yenidən onlara müraciət edərək, ifadə verməyi təklif edib. Onlar yenə imtina ediblər. Deyiblər ki, zərərçəkmiş və şahidlərin hamısı dindiriləndən sonra onlar da danışacaqlar.

Məhkəmədə yenə zərərçəkənlər dindirilib. O adamlar ki, yanğın vaxtı Narkoloji Mərkəzdə olublar, ancaq sağ qalıblar. Məsələn, Famil Laçınov deyir ki, o, Mərkəzə müalicəyə gəldiyi günün gecəsi hadisə baş verib: “Məni ora qardaşım aparmışdı. Günorta getdik, axşam da yanğın oldu. Gecə yanğın başlayanda mən yatmışdım, səs-küyə oyandım. Oyanan kimi də çölə qaçdım”.

“Fikirləşdim ki, kiminsə ürəyi gedib deyə, su istəyirlər”

Narkotik asılılığından əziyyət çəkdiyini və əvvəllər də bir neçə dəfə Narkoloji Mərkəzdə müalicə olunduğunu deyən F.Laçınov özü yanğın olan korpusdakı 5-ci palatada saxlanırmış. Dediyinə görə, qaçıb dəhlizə çıxanda yanğının 14-cü palatadan başladığını eşidib. Amma necə başlaması barədə heç nə bilmir.

Başqa bir zərərçəkən Yaşar Tağıyev deyir ki, narkotik asılılığına görə onu Mərkəzə məcburi müalicəyə göndərmişdilər: “Mən 16-cı palatada idim. Heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Öz yerimdə uzanmışdım. Səs gələndə əvvəl düşündüm ki, bəlkə kimsə yenə dava salıb. Fikir verməyib uzandım. Sonra qışqırdılar ki, “su gətirin”. Mən də fikirləşdim ki, kiminsə ürəyi gedib deyə, su istəyirlər. Səs-küy çoxaldı, qışqırırdılar ki, “yanır”. Tez dəhlizə çıxdım, gördüm ki, tüstü hər yeri bürüyüb. Mən də hamı ilə çölə qaçdım”.

Y.Tağıyev bildirib ki, əvvəlcə çöl qapıları bağlı olub. Ona görə də həyətə qaçmağa bir qədər yubanıblar. Sonra qapılar açılıb və hamı qaçıb: “Adamlar basabasla çıxdı”.

Təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədova qarşı ittihamda yazılıb ki, o, yorğanı yandırandan və alov ətrafı bürüyəndən sonra çölə çıxıb, ardından izi itirmək məqsədilə ümumiyyətlə, Narkoloji Mərkəzdən qaçıb.

M.Məmmədov deyir ki, yanğın vaxtı ilk həyətə çıxan 5 nəfərdən biri olub. Amma sonradan heç yerə qaçmayıb. Zərərçəkən Yaşar Tağıyevdən soruşub ki, həmin vaxt həyətdə kimləri görüb?

“Hamı birdən basabasla çıxdığına görə orada kiminsə üzünü dəqiq xatırlamıram”, - zərərçəkən belə cavab verib.

Məhkəmə dekabrın 21-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

64-yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir. Lakin onların heç biri özlərini təqsirli bilmir. M.Məmmədov bildirir ki, polis idarəsində onu döyə-döyə Mərkəzi yandırması haqda ifadəyə imza atdırıblar.

Azərbaycan cinayət qanunvericiliyində iki və daha çox adamın qəsdən öldürülməsinə görə 20 ilədək və ya ömürlük, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olanda 3 ildən 7 ilə qədər, dəfələrlə rüşvət almağa görə 8 ildən 12 ilə, yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmişlərin ölümünə səbəb olanda isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG