Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

'Azərbaycanda artım tempi MDB-dən 2 dəfə aşağıdır'-Media icmalı


Ə.Məsimli
Ə.Məsimli

NATO-Rusiya hərbi komandanlarının Bakı görüşü, xarici yatırımçıları Azərbaycanda çəkindirən amillər, 2018-ci ilin iqtisadi-sosial nəticələri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

2018-ci ilin vətəndaşların həyatında rolu

Modern.az saytında «2018-ci ilin iqtisadi hadisələri - uğurlar, problemlər və təkliflər...» sərlövhəli yazı oxumaq olar.

Yazıda başa çatmaqda olan 2018-ci ilin Azərbaycan vətəndaşlarının həyatına təsiri ilə bağlı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun (İSİİ) rəhbəri Əli Məsimli ilə söhbət təqdim edilir.

Ə.Məsimli söhbət boyu ilin uğurları ilə yanaşı, problemlərdən də danışır. O deyir ki, birinci qrup problemlər ümumi iqtisadi inkişafa bağlıdır. İqtisadçı vurğulayıb ki, hökumət proqnozlarında 2018-ci il üzrə 2 faiz artım nəzərdə tutsa da, 10 ayda cəmi 0.8 faiz artım baş verib.

Ə.Məsimlinin fikrincə, əhalisi ildə orta hesabla 1.2-1.3 faiz artan Azərbaycana 0.8 faizlik yox, azı 4 faizdən yüksək artım lazımdır ki, insanların güzəranını yaxşılaşdırmağa real iqtisadi baza yaransın: «Amma «neft bumu» mərhələsində hər il orta hesabla dünya iqtisadiyyatından 5-6 dəfə, MDB-nin orta göstəricilərindən 2.5-3 dəfə yüksək sürətlə artan Azərbaycanda 2018-ci ildə artım tempi dünya iqtisadiyyatının orta artım tempindən 3 dəfə, MDB-nin orta artım tempindən 2 dəfə aşağıdır».

Deputat xatırladıb ki, rəsmi proqnozlara əsasən, 2019-cu ildə iqtisadiyyatda 3.6 faiz, 2020-2022-ci illərdə isə orta hesabla 3.4 faiz artım gözlənilir: «Bu o deməkdir ki, Azərbaycan hələ 2022-ci ilə qədərki orta perspektivdə də 2011-ci ildən başlanan aşağı artım templəri ilə inkişaf etmə trayektoriyasından çıxa bilməyəcək».

Ə.Məsimli deyir ki, ikinci qrup problemlər sosial xarakterlidir. Bu da onun fikrincə, iqtisadi artım sürətinin azlığından, milli gəlirin, eləcə də büdcə xərclərinin ədalətsiz bölgüsündən qaynaqlanır: «Büdcənin sırf sosial xərcləri Rusiyada 36 faiz, Qazaxıstanda 44 faiz, Belarusda 46 faiz, Özbəkistanda 54 faiz, Azərbaycanda isə müxtəlif prizmalardan yanaşma üzrə 26-32 faizdir…».

Biznes
Biznes

Yatırımçıları Azərbaycanda çəkindirən amillər...

«Yeni Müsavat» qəzetində «Azərbaycana ərəb yatırımları niyə gecikir- səbəblər» sərlövhəli yazı yer alır.

Müəllif başlığa çıxarılan mövzunu iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Yazıda bildirilir ki, ərəb ölkələri böyük sərmayə imkanlarına, dünya ticarət və infrastrukturlarında böyük paya sahibdir. Müəllif bəzi ekspertlərə istinadən vurğulayıb ki, Bakının da ərəb ölkələri ilə son illərdə istiləşən münasibətləri məhz onların sərmayəsinin cəlb olunmasına hesablanıb. Yazıda qeyd edilir ki, artıq Bakıda, az da olsa, belə yatırımlar hiss olunmaqdadır

İqtisadçı ekspert N.Cəfərli isə qəzetə bildirib ki, yatırımçıların milləti olmur: «Harada perspektiv varsa, yatırımçı oraya vəsait qoymaqda maraqlıdır. Ona görə də istənilən yatırımçı hansısa ölkəyə gəlmədən öncə həmin ölkənin perspektivlərini, oyun qaydalarını, vergi, gömrük qanunvericiliyini, məhkəmə hakimiyyətinin vəziyyətini öyrənir».

Ekspert xatırladıb ki, Azərbaycanda son iki ildə iki dəfə vergi qanunları köklü şəkildə dəyişdirilib.

Konkret ərəb ölkələrindən olan yatırımçılara gəldikdə isə, N.Cəfərli bunları deyib: «Ərəbistan yarımadası ölkələrinin yatırım fondlarını öyrəndikdə məlum olur ki, bunların böyük əksəriyyətinin idarə edilməsi Avropa və Amerika mütəxəssislərinin əlindədir».

N.Cəfərli vurğulayıb ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının da üzvü deyil: «21 ildir danışıq aparsaq da, nəticə yoxdur».

K.Skaparotti və V.Gerasimov
K.Skaparotti və V.Gerasimov

Bakının rolu

«Azərbaycan» qəzetində «Azərbaycana olan yüksək beynəlxalq etimadın nümunəsi» sərlövhəli yazı dərc edilib. Yazıda NATO-Rusiya hərbi qüvvələri komandanlarının Bakıda keçirilən görüşü dəyərləndirilib.

Müəllif xatırladıb ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş dekabrın 12-də yenə Bakıda keçirilib: «Bundan əvvəl isə bu iki general arasında görüş aprel ayında Bakıda baş tutmuşdu. Valeri Gerasimovun 2017-ci ilin fevralında ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə görüşlərinə də evsahibliyini Bakı etmişdi».

Hazırda tərəflər arasında gərginlik yaşandığını vurğulayan müəllifə görə, bütövlükdə bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir.

Müəllif yazının sonunda da belə görüşlərdən ötrü məkan kimi Bakının seçilməsini heç də təsadüfü saymır: «Bakı artıq dünyada sammitlər, konfranslar, forumlar, multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi tanınır. İndi isə Bakı həm də Rusiya-NATO və Rusiya-ABŞ ali hərbi rəhbərlikləri arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi üçün mühüm şəhərdir. Bu da onu göstərir ki, Azərbaycan həm NATO və Rusiya üçün eyni dərəcədə önəmli, həm də qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji mərkəzdir».

XS
SM
MD
LG