Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:14

Kremlin Rusiyanı yeni idarə üsulu – Qərb mediası


Rusiyada pensiya islahatına etirazlar, arxiv fotosu
Rusiyada pensiya islahatına etirazlar, arxiv fotosu

Rusiyada rejimin reytinqinin düşdüyü, narazılığın artdığı bir məqamda Kreml ölkəni idarə etməklə bağlı yeni yanaşma seçib. “Karnegi” fondunun saytında Andrey Pertsev bunun sovet və korporativ menecment yanaşmalarının qarışığı olduğunu yazır.

Bu yanaşmanın başında prezident administrasiyasından Sergei Kiriyenko durur və hakimiyyəti daha çox bir korporasiya kimi görünməyə və davranmağa məcbur edir. Bir tərəfdən, onlar siyasətçilərin və hökumət adamlarının təliminə daha çox vaxt və resurs ayırırlar, bu şəxslər “beyin fırtınası” sessiyalarına qatılır, biznes simulyasiyaları oynayırlar. Amma sıravi rusiyalılara həqarətlə baxılır və bu dövlətlə vətəndaş arasında uçurumu dərinləşdirir”, – müəllif yazır.

Prezident administrasiyasının işlər idarəsinin rəhbər müavini Sergei Kiriyenko-nun məmurlara təlim keçilməsində daha çox canfəşanlıq etdiyi vurğulanır. Bundan sonra bürokratların işi əsas performans indikatorları vasitəsilə dəyərləndiriləcək. Məqalədə deyilir ki, vaxtilə Rosatoma rəhbərlik etmiş Kiriyenko 2016-cı ildə yerli siyasəti kurasiya edəndən saysız biznes təcrübəsi tətbiq edib. Məsələn, Kreml indi qubernator vəzifəsinə namizədlər üçün təlimlər keçir.

Sergei Kiriyenko
Sergei Kiriyenko

Müəllifin fikrincə, Kreml sadəcə, xaosa sərt korporativ qurumla reaksiya vermək istəyir.

Rejimin reytinqinin qaldırılmasına məsul rəsmilər indi dəyərləndiriləcək, problemlər beyin fırtınası sessiyalarında həll olunacaq, yeni qubernatorlara özəl təlim keçiləcək. Hökumət məqsədlərini və metodlarını aydın şəkildə izah edib və arzuolunan nəticə – sosial etirazın məhvi, rejimin qorunub saxlanması indi əlçatan görünür”, – məqalədə vurğulanır.

İranlı hakerlər nüvə işçilərini ‘ovlayır’

ABŞ Prezidenti Donald Trump ötən ay İrana ağır iqtisadi sanksiyaları bərpa edəndən sonra hakerlər həmin sanksiyalarla məşğul olan amerikalı rəsmilərin şəxsi emaillərinə girməyə çalışır. Bunu “The Associated Press” agentliyi üzə çıxarıb.

İllüstrativ foto
İllüstrativ foto

AP Londonda mənzillənən Certfa kibertəhlükəsizlik qrupunun topladığı məlumat üzərində işləyib. “Məftunedici Pişik” adlı haker qrupunun ötən ay ABŞ Xəzinədarlığının 10-dan çox əməkdaşının şəxsi emaillərinə necə girməyə çalışdığını öyrənib. Hakerlərin siyahısında nüvə sazişinə bağlı digər rəsmilər, ərəb atom alimləri, İranın mülki cəmiyyət xadimləri, DC-nin beyin mərkəzinin əməkdaşları da olub.

Ola bilsin, bir məqsəd sanksiyalarla bağlı nə baş verdiyini öyrənmək olub”, – amerikalı alim Frederick Kagan deyir və xarici nüvə ekspertlərinin hədəfə alınmasından təlaşını dilə gətirir.

Neçə hesabın yarıldığı bəlli deyil. Agentlik yazır ki, bu emaillər hakerlərin ümumi cəhdlərinin yalnız bir hissəsini təşkil etsə də, Tehranın casusluq prioritetlərinə dərindən baxmağa imkan yaradır.

Certfa-nın tədqiqatçısı Nariman Gharib hədəflərin xüsusi seçildiyini qeyd edir.

Bu həftə yaydığı hesabatda şirkət hakerləri İran hökumətinə bağlayıb. Bunu sözügedən qrupu izləyən digər qurumlar da dəstəkləyib. Atlantada mənzillənən Secureworks şirkətinin tədqiqatçısı Allison Wikoff deyir ki, hakerlərin keçmiş əməliyyatları onları hökumətin dəstəkləməsinə az şübhə yeri qoyur.

İran rəsmiləri isə iddiaları, hələlik, cavablandırmayıb.

AB Britaniyaya əlavə təminatları ‘gözdən keçirməyə hazırdır’

Avropa Birliyi Britaniyaya “əlavə hansı təminatların verilə biləcəyini gözdən keçirməyə hazırdır”. Bunlar əsasən İrlandiya sərhədilə bağlıdır. Bu haqda sənəd layihəsini “Reuters” agentliyi görüb.

Şimali İrlandiyada Brexit-ə qarşı şüar
Şimali İrlandiyada Brexit-ə qarşı şüar

Avropa Birliyi altı maddədən ibarət sənədi Britaniyanın Baş naziri Theresa May üçün hazırlayır. Məqsəd Britaniya parlamentini Brexit razılaşmasını təsdiqləməyə inandırmaqdır. Amma sənəddə qeyd olunur ki, hər hansı təminat razılaşmanı “dəyişməyəcək, yaxud ona zidd olmayacaq”.

Agentlik AB-nin qalan 27 üzvünün heç də hamısının layihəyə razılaşmadığını bildirir və diplomatik mənbələr onun ciddi dəyişə biləcəyini deyiblər. Özəlliklə də İrlandiya hansısa təminata qarşı çıxır.

AB-dəki bir neçə diplomatik mənbənin bildirməsinə görə, Britaniya üç ildən sonra İrlandiya ilə sərhəd qaydalarını sərtləşdirmək istəyir.

Qeyd edək ki, Brexit danışıqlarının əsas hissəsi Şimali İrlandiya və İrlandiya Respublikasını ayıran sərhədlə bağlıdır. AB liderlərinin ötən ay təsdiqlədiyi razılaşmada tərəflər Brexit-dən sonra “sərt sərhəd” qaydalarına – fiziki yoxlamalara qayıtmamağa, infrastrukturu dəyişməməyə boyun olurlar.

Dünən May Brüsseldə AB-nin ikigünlük sammitinə yola düşüb. Ona qulaq asandan sonra qalan 27 lider nələri razılaşdırmağı müzakirə edəcəklər.

XS
SM
MD
LG