Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'Real gəlirlər artmır, dollara tələb yüksəlir'-Media icmalı


Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Keçmiş prezident Heydər Əliyevin anım mərasimi, rektorların 5 il müddətinə təyin ediləcəyi ilə bağlı yeni fərmana baxış, 2018-ci ildə dollar satışının iki dəfə artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Rektorların 5 illik təyinatı

«Yeni Müsavat» qəzetində «Rektorlar 5 illik təyin ediləcək-ekspert dəyərləndirməsi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, başlığa çıxarılan məsələ ilə bağlı prezident İlham Əliyev bu günlərdə ««Təhsil haqqında» Qanunun tətbiq edilməsi barədə» Fərmana dəyişiklik haqqında sənəd imzalayıb.

Müəllifin vurğulamasına görə, ekspertlər bir müddət idi ki, bir şəxsin uzun zaman rektor vəzifəsində qalmasının universitetlərin idarə olunmasına, yeniliklərin tətbiqinə mənfi təsir etdiyini söyləyirdilər.

Təhsil üzrə eksperti Kamran Əsədov «Yeni Müsavat»a bildirib ki, 2009-cu ildə qəbul edilmiş «Təhsil haqqında» Qanunda bir çox məsələlər açıq qalırdı: «Ən ciddi məsələlərdən olan ali təhsil müəssisələrində rektorlar, elmi şuralar, dekanlar, kafedra müdirlərinin seçilməsi, onların vəzifə tutma müddətləri kimi məsələlər öz əksini tapmayıb».

Ekspertə görə, elə belə boşluqdan irəli gələrək ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə hətta 30 ilə qədər bir adam rəhbərlik edib.

K.Əsədov hesab edir ki, rektorların 5 il müddətinə təyinatı universitetlərin fəaliyyətinə ciddi şəkildə müsbət təsir göstərəcək: «Çünki 5 il sonra fəaliyyətində irəliləyiş olmayan rektorların yenidən təyin olunması çətin olacaq. Ona görə də, universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirməkdə, dünya reytinqində irəli getməkdə maraqlı olacaqlar».

Başqa bir ekspert Etibar Əliyev də düşünür ki, yeni fərman təhsilə müsbət təsir göstərəcək: «Rektorların müddətsiz təyinatı onlarda arxayınçılığı gücləndirir. Bu səbəbdən təhsilin keyfiyyəti zamanın ixtiyarına buraxılırdı...».

Xarici valyutalar
Xarici valyutalar

Dollar satışı iki dəfə artıb

Modern.az saytında «Banklarda nağd satılan xarici valyutanın həcmi artıb - kimlər alıb?» sualı gündəmə daşınır.

Yazıda vurğulanır ki, Azərbaycan Mərkəzi Bankı 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb. Müəllif dollar satışının həcminin artması və bunun səbəbləri barədə iqtisadçı-ekspert Rövşən Ağayevlə söhbətləşib.

R.Ağayev sayta bildirib ki, ötən 2017-ci ilin 10 ayı ilə müqayisədə 2018-ci ilin eyni dövründə bankların nağd satdığı xarici valyutanın həcmi iki dəfəyə yaxın artıb: «Bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.740 mlrd. dollar olubsa, 2018-ci ilin eyni dövründə 3.375 mlrd. dollar ekvivalentində olub. Bu göstərici 2015-ci ildə - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir».

Ekspertin deməsinə görə, bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2 faizini ABŞ dolları, 19.6 faizini avro, 1.8 faizini funt sterlinq, 1.4 faizini də rubl təşkil edib.

R.Ağayev hesab edir ki, əslində bu göstəricilər dərin analiz tələb edən rəqəmlərdir: «İqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın (iqtisadiyyatda çox kiçik və ya heç böyümə olmaması halı-A.R) yaşandığı, real gəlirlərin faktiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür. Nağd valyutaya tələbi, əsasən, bu subyektlər təmsil edir».

Ekspert qeyd edib ki, valyutaya tələbin artmasında əsas faktor dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artmasıdır. R.Ağayev rəsmi statistikaya istinadən bildirir ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80 faizədək artıb: «Bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır».

Fəxri xiyabanda H.Əliyevin məzarı
Fəxri xiyabanda H.Əliyevin məzarı

Heydər Əliyevin anım mərasimindən

Rəsmi qəzetlər keçmiş prezident Heydər Əliyevin vəfatının 15 illiyi ilə bağlı yazılara geniş yer veriblər. «Azərbaycan» qəzetində «Ümumxalq məhəbbətinin təcəssümü» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, tarixə adı yazılan şəxsiyyətləri nə zaman unudur, nə də ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq: «...15 il öncə, 2003-cü ilin soyuq dekabr ayında paytaxt Bakı bugünkündən fərqli olaraq, sükut, qüssə və kədərə bürünmüşdü. O zaman hüznlü baxışlardan süzülən kədər, qəhər və qüssə dolu göz yaşları yanaqları yandırırdı. Dünən (dekabrın 12-də) isə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edənlərin çöhrəsindəki kədərin arxasında bir əminlik də duyulurdu. Bunun səbəbləri az deyil. Ən əsası odur ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycan bu gün nəinki Cənubi Qafqazda, artıq inkişafına görə dünyanın aparıcı dövlətləri sırasında olduğunu təsdiqləyib».

Müəllif qeyd edib ki, H.Əliyevin müəyyənləşdirdiyi siyasi kursu indi də dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.

Yazıda daha sonra anım mərasiminə qatılan insanlardan bəhs edilir: «Ziyarətə gələnlərin yaş fərqi göstərirdi ki, xalqın qəlbində əbədi məşəl yandıranlar cismən uzaqlaşsa, haqqın dərgahına qovuşsalar da, onlar mənən yaşayır və əbədiyyət simvoluna çevrilirlər...».

XS
SM
MD
LG