Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Turturro Umberto Eko ilə necə tanış oldu


C.Turturro
C.Turturro

Aktyor Con Turturro ötən ilin yazında Umberto Ekonun «Qızılgülün adı» əsərinin televiziya adaptasiyasına çəkilmək təklifi alanda hələ nə Ekonu oxumuş, nə də 1986-cı ildə bu əsərin əsasında çəkilmiş filmi görmüşdü. Turturro bütün dövrlərin ən çox oxunan əsərlərindən olan «Qızılgülün adı» romanını oxuyandan sonra filmdə çəkilməyə razılıq verib. Ancaq bir şərtlə: prodüserlər orijinal əsərdən kənara çıxmamalı idilər.

Şon Konnerinin də çəkildiyi filmdə Turturro XIV əsrə aid italyan monastırında baş vermiş silsilə qətlləri araşdıran fransiskan rahibi Baskervilli Vilhelm rolunu alır. Rupert Everett isə rəhmsiz inkvizitor Bernar Gini oynayır.

«Ekonun sözlərinə qayıdırdıq»

Doğmaqda olan ulduz Damian Hardunq Baskervilli Vilhelmin gənc yetirməsi Adsonu canlandırır. Turturro deyir ki, o, həm gənc tərəf müqabilinə məsləhətlər verib, həm də onun köməyindən yararlanıb: «İlk vaxtlarda bir az çəkinirdim, çünki elm adamı deyiləm. Damian Hardunq isə həkim ailəsində böyüyüb, çox gözəl gəncdir və çox elmyönlü düşüncəsi var. Mən ona çox sayda aktyorluq məsələlərində kömək edə bildim. O isə mənə çox da aydın olmayan şeyləri başa saldı. Anladıq ki, bir-birimizə kömək edə bilərik».

26 milyon dollara başa gələn serial gələn il İtaliyanın «Rai» telekanalında efirə çıxacaq.

U.Eko
U.Eko

Roman çapdan çıxdığı 1980-ci ildən bəri bütün dünyanı gəzib. Yeni serial da, romanın özü kimi, beynəlxalq aləmin mülkiyyəti olacaq. Filmə maraq göstərən televiziya kanalları arasında Britaniyanın BBC, Fransanın OCS, Almaniyanın «Sky», Avstraliyanın SBS, Norveçin NRK şirkətlərinin adları da var. Filmin satışı ilə Almaniyanın «Tele München» şirkəti məşğul olur.

HBO-nun «Bir gün gecə» adlı kriminal dramındakı işi ilə tanınan Turturro yeni layihənin dövrümüzlə ayaqlaşdığını düşünür: «Mənə elə gəlir, bu kitab çox yerinə düşür, bəlkə kitabın çap olunduğu dövrdən də çox bizim dövrümüzdə yerinə düşür. Bütün o bərkgedən güc sahibləri, qalmaqallar, kilsə, …kişinin qadını əzməsi – hamısı kitabda var».

«Mən həmişə hansı sözlərin Ekoya aid olduğunu, hansıların ona aid olmadığını deyə bilirdim... Biz bacardığımız bütün yerlərdə Ekonun sözlərinə qayıtdıq», – deyə Turturro əlavə edib.

Ekonun oğlu çəkilişlərdə olub

Umberto Eko 2016-cı ildə vəfat edib. Ancaq onun oğlu Romanın tarixi «Cinecitta» studiyasında gedən çəkilişlərə baş çəkib. Filmin çəkildiyi məkanlar arasında Abrusso, Peruca və Umbriya da var.

Turturro deyir ki, çəkiliş asan olmayıb: «Vaxt az idi və əlbəttə, biz çatdırmırdıq... Həmişə həftə sonları da işləyirdik, daim ssenarinin üzərində işləyirdik ki, görək nəyi təkmilləşdirə bilərik. Bu, bir növ araşdırmaya çevrilmişdi. Surətlər özlərini araşdırırdılar... Bu, yorucu olsa da, bizə çox stimul verirdi».

Filmi İtaliyanın «11 Marzo Film», «Palomar» və «Rai Fiction» studiyaları Almaniyanın «Tele München» kanalı ilə birlikdə ərsəyə gətiriblər.

Variety.com saytına müsahibə verən Turturro layihənin Ekonun həssaslığını qoruyub saxladığına ümid etdiyini deyib: «İşlədiyim bəzi layihələrdə bu itirilib və yazıçını sevməyimizin səbəbi pəncərədən çölə atılıb».

Aktyor yeni layihə ilə bağlı ümidlərini də ifadə edib: «Ümid edirəm, onun nəfəs almasına imkan verəcəklər».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG