Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:30

Cəbhəçilərin istintaqı başa çatıb


S.Rüstəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün də adı keçən cinayət işinin istintaqı başa çatıb.

Söhbət bu partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmliyə açılmış cinayət işindən gedir.

Bu haqda AXCP-dən bildiriblər.

Məlumata görə, cəbhəçilərə verilən ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib.

AXCP-dən habelə bildiriblər ki, cəbhəçilər heç bir ittihamı qəbul etmir. Yaxın günlərdə qanunvericiliyin tələbinə uyğun olaraq cəbhəçilər və onların vəkilləri cinayət işi materialları ilə tanış olmalıdırlar. Ardından cinayət işi məhkəməyə göndərilməlidir.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı S.Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş ProkurorluqDaxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli də ittihamı rədd edərək qurama iş adlandırıb.

XS
SM
MD
LG