Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:52

Əlçatmaz özbək ‘propiska’sı – Qərb mediası


Daşkənd plovunun hazırlanması, arxiv fotosu
Daşkənd plovunun hazırlanması, arxiv fotosu

Özbəkistan hökumətinin vədlərinə baxmayaraq, bu ölkədə propiska tələbi ləğv olunmur. “The Diplomat” portalında Umida Hashimova yazır ki, hökumətin bu il üçün qəbul etdiyi islahat proqramında martın 20-dək propiskanın, yaxud yaşamaq hüququ sisteminin ləğvi də nəzərdə tutulurdu.

“Propiska” Özbəkistanda daimi yaşayış yeridir, pasporta möhürlənir. Fərdin qeydiyyatda olduğu ünvanda yaşaması və işləməsi tələb edilir. Uşaqlar yalnız valideynlərinin yaşayış yerində dövlət təhsili ala bilərlər. Adekvat “propiska”nın olmaması cəriməylə nəticələnir. Müəllif bu qaydanın digər keçmiş sovet respublikalarında qaldığını, amma Özbəkistanda, özəlliklə də Daşkənd regionunda sərt şəkildə qorunduğunu qeyd edir.

Üstəlik, Daşkənddə “propiska”ya düşmək də asan deyil. Paytaxtda işçilərinə sponsorluq edən 70 hökumət agentliyi var. Həyat yoldaşları və yaxın qohumlar daxil 12 kateqoriyaya bölünmüş adamlar da “propiska”yla təmin edə bilərlər. Ötən il Daşkənddı yaşamayanların paytaxtda propiska əldə etməsi üçün onların azı 94 min dollarlıq əmlak alması tələb olunurdu. Ölkədə ötən il orta əməkhaqqı 166 dollar olub.

Özbəkistanın hər yerindən adamlar Daşkəndə köçməyə meyllidirlər, çünki paytaxtda daha yaxşı xidmət, daha yaxşı təhsil və infrastruktur, iş imkanları mövcuddur. Di gəl, Daşkəndin “qapalı şəhər” olması iş qabiliyyətində olanları və ali təhsilliləri ölkədən kənara getməyə sövq edir. Son təhlilə görə, Daşkəndə azad şəkildə köçə bilməmək Özbəkistanda iqtisadi artımı azaldır. Bu məhdudiyyətlər olmasaydı, Özbəkistan daha varlı ölkəyə çevrilərdi”, – məqalədə deyilir.

Parçalanmış Avropa

Avropa Birliyi daim üzvlərinin demokratik siyasətini uyğunlaşdırmaq mübarizəsi aparıb. Bu problem 1999-cu ildə, uyğun siyasi və fiskal birlik olmadan valyuta birliyinin yaradılması ilə daha ciddi xarakter aldı. 2011-ci ildən başlayaraq isə avrozonanın suveren borc böhranı real, ancaq idarə olunan məsələyə çevrildi. İndi qeyri-işlək valyuta birliyində ilişib qalmış AB nə üzv dövlətlərin demokratiyasına uyğunlaşa bilir, nə də onları sıxışdıra. “Foreign Affairs” dərgisində Helen Thompson yazır ki, sonucda son on ilin tendensiyası davam edir: davamlı həll olmadan böhran ardınca böhran.

AB liderlərinin toplantısı
AB liderlərinin toplantısı

Müəllif yazır ki, İtaliya hökuməti ilə avrozona hakimiyyəti arasında İtaliyanın büdcə defisiti ilə bağlı qarşıdurma AB-nin demokratiya ilə bacara bilməməsinə daha bir örnəkdir. İtaliya koalisiya hökumətinin üzvləri ötən ilki seçki zamanı vergi və xərclərlə bağlı vədlər veriblər, ancaq indi onları yerinə yetirə bilmirlər, bu halda defisit böyüyə bilər. Bu zaman öncəki hökumətin Avropa Komissiyası qarşısındakı öhdəlikləri də pozular. İtaliya borcunu maliyyələşdirməkdən ötrü Avropa Mərkəzi Bankından xeyli dərəcədə asılıdır, yəni, AB-yə meydan oxuya bilməz.

Digər tərəfdən, müəllif yazır ki, İtaliya seçicilərinin əksəriyyəti Avropanın ölkə siyasətinə nəzarətini qəbul etməyəcəklər. Elə Beş Ulduz Hərəkatının yüksəlişi də 2011-ci ildən sonra başlandı. O zaman Avropa Mərkəzi Bankı və Almaniya kansleri Angela Merkel İtaliya Prezidenti Giorgio Napolitano-nu məcbur etdi ki, dikbaş baş nazir Silvio Berlusconi-ni vəzifədən uzaqlaşdırsın, yerinə texnokrat hökumət qoysun. “Bu gün İtaliya hökuməti inanır ki, AB-yə qarşı nə qədər duruş gətirərsə, gələn mayda Avropa Parlamentinə seçkilərdə daha çox səs yığa bilər”, – məqalədə deyilir.

Rusiya təbliğatı Ukrayna və Fransada təlatüm yaradır

Rusiya təbliğatının Ukraynadakı durumu daha da qızışdırması sarıdan narahatlıq var, üstəlik, Fransadakı son iğtişaşlarda Moskvanın barmağının olması haqda da iddialar səslənir. Bu haqda “EU Observer” portalında Andrew Rettman yazır.

Azov dənizində Mariupol limanı
Azov dənizində Mariupol limanı

Rusiyanın Xarici İşlər Nazirliyi belə bir ideya ortaya atıb ki, Ukrayna ölkənin şərqində rusiyapərəst döyüşçülərə qarşı kimyəvi silahdan istifadə etməyi planlaşdırır. Rusiyanın ATƏT-dəki səfiri Alexander Lukashevic noyabrda deyib ki, “Ukraynanın provokasiya hazırlamasına dair informasiya var”. Son günlər bu haqda nazirliyin sözçüsü Maria Zakharova da danışıb.

Mənbənin deməsinə görə, Moskvanın Ukraynanın şərqində saxta kimyəvi hücum adı altında buradakı rusdilli əhalini qorumaq bəhanəsiylə silahlı müdaxilə edəcəyindən narahatlıq artır. Axı, Kreml Suriyada da bu cür davranmışdı, hücumdan öncə Kremlə bağlı media iddialar, “xəbərdarlıqlar” səsləndirirdi, mənbə söyləyib.

Azov dənizindəki insidentdə də Rusiya təbliğatı bir amil idi, AB-nin təhlükəsizlik komissarı Julian King deyib. “Bu insidentin heç nədən yarandığını düşünmüsünüzsə, yanılırsız”, – King vurğulayıb. Qeyd edək ki, noyabrın 25-də Rusiya Ukraynanın Azov dənizindəki gəmilərinə atəş açıb, dənizçilərini əsir götürüb.

Fransa isə bazar günü bildirib ki, Rusiyanın “sarı jiletlilər”in qiyamında iddia olunan rolunu araşdıracaq. Son həftələr Parisdə və digər şəhərlərdə hökumətə qarşı sosial tələblərlə etirazlar keçirilib.

Araşdırma gedir”, – Fransanın Xarici işlər naziri Jean-Yves Le Drian yerli radiolardan birinə deyib. Bu iğtişaşları Rusiya dövlət mediasının və sosial medianın qızışdırmasına dair iddialar səslənir.

“Biz Fransa da daxil olmaqla, digər ölkələrin daxili işlərinə qarışmamışıq və qarışmayacağıq”, – Kremlin sözçüsü Dmitry Peskov bazar ertəsi bildirib.

Müəllif isə qeyd edir ki, Rusiyanın son iki ildə Avropada və ABŞ-da seçkilərə müdaxilə etməsinə dair bir ətək sübut-dəlil var.

Kreml AB və NATO-nun Qərbi Balkanlara genişlənməsini də əngəlləməyə çalışır.

O dayanan deyil”, – Monteneqronun AB-dəki elçisi Bojan Sarkic deyib.

Monteneqro hökuməti ötən həftəki kiber hücumdan sonra hökumətin email hesablarını bağlayıb.

XS
SM
MD
LG