Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

750 milyon nəfər mühacirət etmək istərdi – Qərb mediası


İspaniyada miqrantlar
İspaniyada miqrantlar

2015-ci ildə miqrasiya böhranı Avropanı vurandan miqrasiya təkcə bu qitənin deyil, bütün dünya siyasətində bölücü məsələ kimi ortaya çıxdı. Məsələn, Birləşmiş Ştatlarda Prezident Donald Trump-ın Meksikayla sərhədin hasarlanmasına pul ayrılması tələbi bu il hökumətin qismən qapanmasına apara bilərdi.

Gallup sorğu mərkəzi isə üzə çıxarıb ki, 2015-2017-ci illərdə adamların bir ölkədən digərinə miqrasiya etmək arzusu artıb. Dünyada yetkinlik yaşında olanların 15%-i, yəni 750 milyondan artıq adam imkanı olardısa, başqa ölkəyə köçmək istərdi. 2013-2016-cı illərdə 14% adam belə bir arzusunu dilə gətirmişdi. 2007-2009-cu illərdə isə 16% bu fikirdə idi.

Bu sorğu 2015-2017-ci illərdə dünyanın 152 ölkəsində 453 min 122 nəfər arasında keçirilib. Təhlil dövrü Avropada 2015-ci ildə başlamış miqrant böhranıyla üst-üstə düşür. O vaxtdan qitəyə çatmaq istəyən on minlərlə miqrant və qaçqın bu məşəqqətli yolda dünyasını dəyişib.

Bosniya Herseqovinada miqrantlar
Bosniya Herseqovinada miqrantlar

Miqrasiya etmək arzusu elə miqrantların ən çox gəldiyi regionlarda – Saharaaltı Afrikada, Latın Amerikasında və Karib hövzəsində, Yaxın Şərqdə və Şimali Afrikada güclənib.

Amma Şimali Amerikada da bu yöndə yüksəliş gedib. Rəyi soruşulanların 14 faizi köçmək istədiyini deyib. Bir neçə il bu göstərici 10% civarında qalmışdı. 2017-ci ildə hər altı amerikalıdan biri (16%) deyib ki, başqa ölkəyə köçmək istərdi.

Digər regionlarda isə bu arzu güclü dəyişməyib. Məsələn, Asiyanın bütün regionlarında başqa ölkəyə köçmək istəyənlərin faizi dəyişməz qalıb. Avropada AB üzvü olmayan ölkələrdə (Balkanlar daxil olmaqla) miqrasiya arzusu güclənib.

2016-2017-ci illərdə ABŞ rəhbərliyinin imicinin zədələnməsinə baxmayaraq, Birləşmiş Ştatlar yenə də potensial miqrantların ən çox getmək istədiyi ölkədir. Bu tendensiya Gallup bu sorğunu on il öncə keçirməyə başlayandan dəyişməyib.

BMT üzvləri qlobal miqrasiya paktını qəbul edirlər

Dünən – dekabrın 10-da BMT üzvləri dünyada artan miqrasiyanı daha yaxşı yoluna qoymaq üçün sazişi qəbul ediblər. Mərakeşdə keçirilən tədbirə 30-dək ölkə qatılmayıb.

Ottavada BMT-nin miqrasiya paktına etiraz aksiyası
Ottavada BMT-nin miqrasiya paktına etiraz aksiyası

Bu pakt miqrasiya üzrə əməkdaşlığı təkmilləşdirməyi nəzərdə tutur. Sənədi iyulda BMT-nin 193 üzvü, ABŞ istisna olmaqla razılaşdırıb. Dünən isə pakta cəmi 164 ölkə imza atıb.

Əsasən keçmiş kommunist Şərqi Avropasında yerləşən 10 ölkə razılaşmadan geri çəkilib. İsrail və Bolqarıstan daxil altı ölkə ondan çıxıb-çıxmamağı müzakirə edir.

Hazırda dünyada 21,3 milyon qaçqın var. 2015-ci ildə Avropaya 1 milyondan çox qaçqın gələndən BMT belə bir pakt üzərində işləməyə başladı.

Ancaq Prezident Donald Trump administrasiyası bildirib ki, bu məsələyə qlobal yanaşma ABŞ-ın suverenliyinə uyğun gəlmir.

İyuldan bəri Avropanın əsasən ifrat-sağçı siyasətçiləri sənədi tənqid etməyə başlayıb, onun Afrika və ərəb ölkələrindən immiqrasiyanı gücləndirəcəyini deyib.

Almaniya Kansleri Angela Merkel isə bildirib ki, əməkdaşlıq problemin tənzimlənməsinin yeganə yoludur. Tənqidçilər onu 2015-ci ildə Almaniyanın sərhədlərini açmaqla qaçqın böhranını pisləşdirməkdə suçlayır.

“Bu pakt uğrunda savaşmağa dəyər. Miqrasiyayla birlikdə mübarizə aparmağın vaxtı çatıb”, – Merkel Mərakeşdə keçirilən forumda deyib.

Suriyada ədalət naminə aclıq edənlər

“The Guardian” qəzeti Suriyanın qərbindəki Hama şəhərinin mərkəzi həbsxanasında aclıq edən məhbuslardan yazır. Onların bəziləri 2011-ci ilin dinc Ərəb baharı etirazları zamanı saxlanıblar, o vaxtdan mühakimə olunmayıblar.

Suriyada həbsxanadan çıxmış məhbus
Suriyada həbsxanadan çıxmış məhbus

Bu günlərdə yayılmış videoda məhbuslardan biri illərdir qaranlıq həbsxanada saxlanmalarına etiraz olaraq aclıq aksiyası keçirmək qərarına gəldiklərini deyir: “Taqətdən düşmüşük. Yaşamaq, başımıza gələnlərin ciddiyə alınması hüququmuz var”.

Müxbir Bethan McKernan yazır ki, bu mesaj Suriyada yüz minlərlə siyasi məhbusun indiyədək görünməyən dünyasına işıq salır.

Bu həbsxanada 200-dək kişi artıq üçüncü həftədir aclıq aksiyası keçirir. Onlar həm də 11 məhbusun Dəməşqin mənfur Sednaya hərbi həbsxanasına köçürülməsinə etiraz edirlər. Bu həbsxananı Amnesty International “qətl evi” adlandırır.

Sednayaya göndərilmək 11 “ölü kişinin yeriməsi” deməkdir, yerli fəal Mustafa belə deyir. O, qohumların Hamadakı polis məntəqəsi qarşısında həmrəylik etirazları keçirdiyini söyləyir.

Ey insanlar, suriyalılar, xahiş edirəm, qulaq asın, mən terrorçu deyiləm. Heç vaxt silah tutmamışam. Sadəcə, azadlıq nümayişində iştirak etmişəm”, – aclıq edənlərdən biri WhatsApp-da səs mesajında deyir.

Sednayada illərimizi keçirmişik və bizi edam etmək üçün oraya qaytarırlar. Biz Suriya xalqına pislik etməmişik... Səsimizi dinləyin, heç olmasa, bircə dəfə”, – o deyib.

Suriyada vətəndaş müharibəsinin başlamasından səkkiz ilə yaxın vaxt keçir və beynəlxalq ictimaiyyət Prezident Bashar al-Assad müharibədə qalib gəldiyini əsasən qəbul edib.

İndiyədək hökumət həbsxanalarına 80 minədək adam ya yoxa çıxıb, ya işgəncə görüb, ya da qətlə yetirilib. Müəllif yazır ki, bütün bunlara görə ədalət mühakiməsi qurulmayınca, istənilən sülh razılaşması açıq yaranı örtən plastıra bənzəyəcək.

XS
SM
MD
LG