Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:43

'Yollarda itirilən ömürlər'-Media icmalı


Süpürgəçi
Süpürgəçi

Aqrar sahədə yeniliklər, bəzi küçə süpürgəçilərin acı taleyi, Azərbaycan futbolunda baş verənlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Hərəkətin gur yerlərində texnika tətbiq edilsə,...»

Modern.az saytında «Öz həyatlarını «süpürməyə» çıxan süpürgəçilər...» sərlövhəli yazı oxumaq olar.

Yazıda son vaxtlar yollarda təmizlik işləri görən qadınların avtomobillərlə vurulması nəticəsində baş verən ölüm halları nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynovla müzakirə edilib.

Müəllif yazıb ki, son bir il ərzində iş başında avtomobillə vurulmalar nəticəsində ölən süpürgəçi qadınların sayı artıb.

Ə.Hüseynov modern.az-a açıqlamasında deyib ki, belə qəzalar zamanı əksər halda sürücülər əziyyət çəkirlər, hadisə baş verdiyinə görə məsuliyyət onların üzərinə qoyulur.

Ekspert hesab edir ki, belə hallarda kompleks araşdırma olarsa, qəzaya görə məsuliyyət daşıyan digər şəxslər də ortaya çıxar: «Ən azından yoldakı işləri o formada, o mahiyyətdə təşkil edənləri də sorğu-sual edərlər ki, «xeyir ola, işi bu cür təşkil edirsiz?». Adamlar hərəkətin ən gur vaxtında, yolun hərəkət hissəsində niyə iş görməlidir? Deməli, tapşırıq belə verilib. Bəs, bu tapşırığı kim verib, bu da araşdırılmalıdır. Heç bir halda qabaqcadan, subyektiv olaraq hadisəyə qiymət vermək olmaz. Araşdırma qanunauyğun və obyektiv aparılmalıdır».

Ekspert təmizlik işlərini yollarda hərəkətin intensiv vaxtlarında təşkil edilməsini doğru saymır: «Bu işlər o şəraitdə görülməməlidir. Amma təşkilatçılar onları o saatda, o şəraitdə işləməyə vadar edirlər. Məsələn, işçiyə tapşırır ki, 5 kilometrlik hissəni təmizləsin. Axı, insan o yolu təmizləmək üçün səhərdən axşama qədər küçədə qala bilməz. Ona görə də, o tapşırığı verənlərdən soruşmaq lazımdır ki, niyə insanlar o şəraitdə çalışmağa vadar edilir».

Ə.Hüseynova görə, təhlükəli, hərəkətin gur və intensiv olduğu yerlərdə texnika tətbiq edilsə, belə acınacaqlı vəziyyət də yaranmaz.

R.Sadıqov
R.Sadıqov

R.Sadıqov: «Gözləmirdim»

Oxu.az saytında «Rəşad Sadıqov millidəki istefalar barədə: Gözləmirdim» sərlövhəli yazı yer alır.

Müəllif dekabrın 8-də futbol üzrə Azərbaycanın milli komandasının baş məşqçisi postundan Qurban Qurbanovun kənarlaşması barədə «Qarabağ» klubunun kapitanı Rəşad Sadıqovla söhbət edib.

R.Sadıqov Q.Qurbanovun baş məşqçilikdən kənarlaşmasını «gözlənilməz» adlandırır. O, özünün yığma komandada 21 yaşadək futbolçuların baş məşqçisi postundan ayrılmasının Q.Qurbanovun getməsi ilə bağlı olmadığını deyir: «Mən Qurban Qurbanovun gedişini bilmirdim. Mənimlə yolların ayrılacağını iki gün öncə demişdilər. Ancaq Qurban Qurbanovun gedişini iclasdan sonra bildik. Mən iki gün əvvəl gedişimi bilirdim».

Bu qərarın səbəbləri barədə danışmağa üstünlük verməyən R.Sadıqov hesab edir ki, bir il ərzində çox iş görüblər.

Yazıda vurğulanıb ki, əslində R.Sadıqovun da 21 yaşadək futbolçuların baş məşqçiliyindən ayrılacağı da öncədən bir elə bəlli olmayıb: «Komanda formalaşmışdı. Əslində, bir ay qabaq mənimlə növbəti dövrə üçün görüş keçirilmişdi. Orada gələcək planlardan danışdıq. Qarşıma II-III yerləri tutmaq hədəfi qoyuldu. Mən də qarşıma böyük hədəflər qoymuşam və çalışacağam ki, istəyimizə çataq. Ancaq indi qərar budur, mən də buna hörmətlə yanaşıram».

R.Sadıqovun deməsinə görə, AFFA-dan öncə 21 yaşlı futbolçularla bağlı nəticənin önəmli saymadıqlarını, əsas hədəfin yeni, bacarıqlı futbolçuların üzə çıxarılması olduğunu söyləyiblər: «Bildirildi ki, artıq gələn dövrədə II-III yerləri tutmaq olar. Onsuz da II yeri tutmağı öz qarşıma məqsəd qoymuşdum...».

Şəmkirdə aqropark
Şəmkirdə aqropark

Aqrar sahədə yeniliklər

«Azərbaycan» qəzetində «Yeniliklər bəhrə verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, sovetlər dönəmində kolxozçu, sovxoz fəhləsi deyilən, ondan əvvəl isə mülkədar kimi damğalanan Azərbaycan kəndlisi inamla ayağa durur, uzun illər əlindən alınmış torpağa, mal-qaraya yenidən sahib çıxır: «Qeyri-neft sektorunun şaxələnməsi istiqamətində dövlətin atdığı addımların sırasında aqrar sektorda aparılan islahatlar xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan önə çəkilən vacib məsələlərdən biri müasir elmi bilikləri və təcrübəni ölkənin aqrar sektorunda hamı üçün əlçatan etməkdir. Kənd təsərrüfatının bütün istiqamətlərinin harmonik inkişafı üçün kiçik pay torpaq sahiblərinin və islahatlardan kənarda qalan fermerlərin yenidən təşkilatlanması, müasir dünya təcrübəsi ilə tanış edilməsi, maarifləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilir».

Müəllifin fikrincə, irihəcmli su anbarlarının tikilməsi, 100 min hektarlarla torpağın əkin dövriyyəsinə qatılması, müasir logistika, aqropark, emal müəssisələri sisteminin qurulması, yeni ixrac bazarlarına çıxış əldə olunması və qanunvericilikdə dəyişikliklərin aparılması islahatların göstəricisidir.

Yazıda Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin bazasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradılması da ayrıca olaraq dəyərləndirilir: «Kənd təsərrüfatı mütəxəssisləri bu addımı aqrar islahatların yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirirlər».

Müəllif bu məsələ ilə bağlı sonra da yazıb: «DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində də bir sıra yenilikləri sürətlə həyata keçirməyə imkan verir. «Vahid pəncərə» prinsipinin tətbiqi, şəffaflığın artırılması, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsi aqrar sektorun intellektual bazasının inkişafını təmin edən yeniliklərdir...».

XS
SM
MD
LG