Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Yeni avtokratlar – liderlər demokratiyadan necə faydalanır


Polşada etiraz aksiyası, arxiv fotosu
Polşada etiraz aksiyası, arxiv fotosu

“The Washington Post” qəzeti ayrı-ayrı ölkə liderlərinin demokratiyanı əsarət alətinə necə çevirməsindən yazır. Müəllif Griff Witte Polşadan yazır ki, vaxtilə gizli azadlıq hərəkatının qəhrəmanı olan Wladyslaw Frasyniuk 80-ci illərdə kommunist rejiminə qarşı çıxıb. Ancaq 2015-ci ildə hakimiyyətə gələnlər müasir demokratik ölkənin verdiyi azadlıq və səlahiyyətdən müstəqil qurumları boğmaq üçün faydalandılar. İndi Frasyniuk tarixin yalnız bir istiqamətdə getmədiyini anlayır.

Mənim nəslimin həyata keçirdiyi hər bir şey bu hökumətin nəzarəti gücləndirməsini daha da asanlaşdırıb”, – 20 yaşlarında inqilabçı olmuş Frasyniuk 60 yaşında yenidən dissidentə çevrilib.

Müəllif yazır ki, vaxtilə məğlub edildiyi güman olunan avtokratiya indi yenidən dünyanın müxtəlif yerlərində baş qaldırmaqdadır.

Ancaq bu, əcdadlarının daha ütülü, təkmil versiyasıdır, demokratik strukturları və prinsipləri istibdad və dövlət nəzarəti alətinə çevirir.

NEO-AVTOKRATİYA

Elə ABŞ-da mənzillənən “Freedom House” insan haqları təşkilatı da 2007-ci ildən bəri azad sayılan ölkələrin sayında kəskin eniş olduğunu bildirir. Dünyanın hər bir regionunda ölkələrdə azad və ədalətli seçkilər, mətbuatın müstəqilliyi, azlıqların hüquqları, hüququn aliliyi sahələrində geriləmə yaşanıb.

Macarıstanda hökumətə qarşı etiraz aksiyası
Macarıstanda hökumətə qarşı etiraz aksiyası

Bu, avtokratiya deyil, neo-avtokratiyadır”, – Rumıniyanın Siyasi Araşdırmalar və Dövlət Administrasiya Məktəbinin dekanı Cristian Parvulescu deyib. Onun sözlərinə görə, “bu, artıq demokratiya deyil, post-demokratiyadır”.

Müəllif regionda bəzi hökumətlərin, məsələn, Macarıstanın qeyri-müəyyən birpartiyalı idarəçilik yolunda irəlilədiyini qeyd edir. Çexiya kimi ölkələrin liderlərinin isə mütləq hakimiyyətə can atdığı görünür.

Ancaq avtokratiyayla bağlı bir şey dəqiqdir: Onlar 20-ci əsrdəki despotizmi sıralayan dərsliklərdəki repressiv metodlara çox az bənzəyirlər”, – yazan müəllif küçələrdə əsgərlərin addımlamadığını, böyük lider ətrafında şəxsiyyətə pərəstiş müşahidə olunmur.

Opponentlər və jurnalistlər açıq şəkildə, ucadan danışa bilirlər, təqibdən qorxmurlar. Hökumətlər öz adamlarını kənara buraxmayan hasarlar ucaltmırlar, ehtimal olunan düşmənlərin qarşısına texniki sədlər ucaldırlar. İqtisadi təcrid əvəzinə ölkəyə xarici sərmayə axır.

Amma yenə də hakim siyasətçilər və partiyalar hakimiyyəti kommunist erasında görünməmiş səviyyədə möhkəmləndirə biliblər. Müstəqil olmalı qurumlar – məhkəmələr və prokurorluqlar siyasi nəzarət alətlərinə çevriliblər. Qəzetləri və televiziyaları hakimiyyətin dostu olan şirkətlər alır, hökumətin kursunu yeridir. Seçkilər keçirilir, amma çoxluq onlardan öz iradəsini diktə etməyə yararlanır, azlığın söz demək şansı az olur”, – məqalədə deyilir.

BURASI AVROPAYA BƏNZƏYİR...

“Hər anlamda, burası Avropaya bənzəyir. Ancaq əslində, Avropanın əsasında duran azadlıqları görmürsən”, – kanadalı insan haqları alimi, Budapeştdə mənzillənən Mərkəzi Avropa Universitetinin (CEU) prezidenti Michael Ignatieff deyir. “Bu, yeni siyasi texnologiyadır”, – o, sözlərinə əlavə edir.

Michael Ignatieff
Michael Ignatieff

Elə onun rəhbərlik etdiyi universitet də bu innovasiyanın qurbanına çevrilib. CEU Macarıstandan çıxarılıb, bundan sonra Avstriyada fəaliyyət göstərəcək.

Frasyniuk isə Polşada kommunizmin süqutundan sonra biznesə irişib. Di gəl, Hüquq və Ədalət Partiyasının yüksəlişi onu yenidən küçələrə çıxarıb.

2017-ci ilin iyununda hökumət əleyhinə etiraz zamanı o, polislə əlbəyaxa olub, istintaqla əməkdaşlıqdan isə imtina edib. Bu ilin fevralında polis əməkdaşları qapısını döyüb.

Hakimiyyət mənim kimilərlə ciddi davranırdı. Qapıları sındırır, səni küçəyə atırdılar”, – səsində nifrət duyulur.

O, 64 yaşında olsa da yaxşı formadadır və azadlıq mübarizəsinin önündə gedir. “Canlı dəliləm. Həyatın boyu tarix təkrarlana bilər”, – o deyir. Di gəl, gəncliyin kor-koranə cəsarəti yoxdur artıq, üstünlüyün avtokratların tərəfində olduğunu da anlayır…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG