Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:57

'Yol xəritəsinə görə, bankların sağlamlaşdırılması bitməli idi'-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

«Elektron hökumət», bank sistemində həllini gözləyən problemlər, son 10 illikdə çayçılıqda geriləmələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bank sektorunda durğunluq ili»

Moderator.az saytında «Bank sektoru ilə bağlı bütün problemlərin həlli 2019-cu ilə qaldı» sərlövhəli yazı oxumaq olar.

Müəllif başa çatmaqda olan 2018-ci ili bank sektorundakı problemlərin həlli baxımından ekspert Əkrəm Həsənovla dəyərləndirib.

Ə.Həsənovun deməsinə görə, cari ildə bank sektorundakı əsas problemlərdən heç biri həllini tapmayıb. Onun fikrincə, müsbət məqam kimi manatın sabitliyini qoruması göstərilə bilər: «2018-ci ili bank sektorunda durğunluq ili kimi xarakterizə edərdim. Problemlər kəskin dərinləşmədi, 2015-2017-ci illərdəki kimi problemlər yaşanmadı. Amma problemlər öz həllini də tapmadı, ən müsbət məqam milli valyutanın sabitliyi oldu. Milli valyutamız son illər ilk dəfə oldu ki, sabit qaldı. Problemli kreditlər bank sisteminin əsas problemi olaraq qalır, bəzi bankların isə azğınlaşmasını gördük».

Ə.Həsənov hesab edir ki, bank sektoruna cavabdeh qurumlar arasında həmrəyliyin olmaması, bəzi hallarda fikir ayrılıqları problemlərin həlinə mənfi təsir göstərir: «2016-cı ilin dekabrında dövlət başçısı tərəfindən təsdiq olunmuş maliyyə bazarlarının inkişafı ilə bağlı strateji yol xəritəsinə əsasən, bu ilin sonuna başa çatmalı olan bankların sağlamlaşdırılması prosesi bitmədi. Mərkəzi Bank problemli kreditləri olan banklara kredit vermədi. Bank sisteminin bütün problemlərinin həlli 2019-cu ilə qaldı...».

Astarada çəltik əkini
Astarada çəltik əkini

Çəltikçilik və çayçılıqda azalan rəqəmlər

Azadliq.info saytında «Kənd təsərrüfatının dəhşət doğuran rəqəmləri» sərlövhəli yazı yer alır.

Sayt həmin yazıda kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlinin düşüncələrinə yer verir.

Ekspert vurğulayıb ki, ölkədə çay, düyü tələbatı ödənilmədiyi halda hökumət «Çay, çəltik və sitrus festivalı» keçirir.

V.Məhərrəmlinin yazmasına görə, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, 2016-cı ildə ölkədə 5.4 min ton təmizlənmiş düyü istehsal olunub, həmin ildə 48.1 min ton isə düyü idxal edilib: «Ümumilikdə 2016-cı ildə ümumi istifadə 54.4 min ton təşkil edib ki, bunun da 41.4 min tonundan ərzaq kimi istifadə olunub. Bu isə adambaşına 4.2 kiloqram düyü deməkdir».

V.Məhərrəmli habelə bildirib ki, Azərbaycanda düyü ilə özünü təminetmə səviyyəsi 2016-cı ildə 10.1 faiz təşkil edib. O deyib ki, düyü üzrə adambaşına istehlak norması il ərzində 32.8 kiloqram nəzərdə tutulur.

Ekspert yazıb ki, son 18 il ərzində ölkədə düyü istehsalı kəskin şəkildə azalıb, əvəzində isə düyü idxalı artıb: «Belə ki, 2000-ci ildə ölkədə 22.2 min ton düyü istehsal olunduğu halda sonrakı illərdə bu göstərici 8 dəfə azalıb».

Ekspertin bildirməsinə görə, Azərbaycan 90 il əvvəl indikindən 3 dəfə, 30 il əvvəl isə 10 dəfə çox çay əkini ilə məşğul olub. O qeyd edib ki, 1988-ci ildə 13200 hektar sahədə çay plantasiyası olub. 2017-ci ildə isə cəmi 1114 hektarda çay əkini təşkil edilib.

V.Məhərrəmli bildirib ki, əkin sahələrinin azalması özünü çay istehsalında da göstərib. Onun vurğulamasına görə, 30 il əvvəl, 1988-ci ildə ölkədə 34.5 min ton yaşıl çay istehsal olunduğu halda 2017-ci ildə bu, 780 tona düşüb: «Çay istehsalının və əkin sahələrinin azalması keçən əsrin 90-cı illərinin əvvəllərindən başlasa da, bu sahə 1995-ci ildən sonra daha sürətlə geriləməyə başlamışdı. Hətta 2008-ci ildə ölkə üzrə ümumi çay yığımı 320 tona düşmüşdü».

Müəllifin qeyd etməsinə görə, çayçılığın geriləməsi məhsuldarlığın kəskin şəkildə aşağı düşməsinə də səbəb olub: «1988-ci ildə hər hektardan 49.5 sentner məhsul əldə olunduğu halda 10 il sonra məhsuldarlıq 38 dəfə azalaraq 1.3 sentnerə düşmüşdür. Uzun müddət ərzində - 1996-cı ildən 2011-ci ilədək məhsuldarlığı 10 sentnerə belə qaldırmaq mümkün olmamışdır».

Kompüter
Kompüter

«Elektron hökumət»

«Azərbaycan» qəzetində «Elektron hökumət: operativliyə, şəffaflığa və məmnunluğa keçid» sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, «Elektron hökumət»in qurulması müasir dünya düzənində dövlətin demokratik dəyərlərinin inkişafını şərtləndirən amillərindən biridir: «Bu, əslində dövlətlə vətəndaş arasında elə münasibətlər sistemidir ki, istənilən şəxs birbaşa dövlət qurumuna getmədən, növbə gözləmədən, bürokratik maneələrdə sıxılmadan, vaxt itirmədən internet resursları vasitəsilə müraciət edir və onun üçün zəruri sayılan məlumatları, arayışları sürətlə əldə edir».

Müəllifin yazmasına görə, məhz bu «hökumət»də dövlət orqanlarına müraciət edən hər kəs özü ilə məmur arasındakı bürokratik ünsiyyət maneələrini asanlıqla dəf edir, münasibətlərini sadələşdirməklə yanaşı, həm də saflaşdıra bilir: «Ölkəmizdə «Elektron hökumət»in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Prezidentin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı»nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında sərəncamı,... və digər normativ hüquqi aktlarla «Elektron hökumət»in fəaliyyəti üçün hüquqi baza yaradılmışdır».

Müəllif sonda da yazıb: «Bu gün ölkədə «Elektron hökumət» haqqında az danışılmasına baxmayaraq, onun bürokratik maneələrin qarşısının alınmasında və bütün nazirlikləri əhatə etməklə şəffaflığın təmin edilməsindəki rolu danılmazdır».

XS
SM
MD
LG