Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Beynəlxalq müşahidəçilər Ermənistandakı seçkini alqışlayır


Nikol Pashinian səs verir
Nikol Pashinian səs verir

Ermənistanda vaxtındanəvvəl seçkidə fundamental azadlıqlara sayqı göstərilib, seçki “geniş ictimai inam” və “əsl rəqabət”lə xarakterizə olunub. Bunu beynəlxalq müşahidəçilər bu gün – dekabrın 10-da bildirib.

Seçkidə səslərin 70,4 faizini yığmış Nikol Pashinian-ın “Mənim addımım” alyansı parlamentdəki çoxluğa yiyələnib. İndi o, rahatlıqla korrupsiyayla mübarizə proqramını irəli apara, iqtisadiyyatda islahatlar gerçəkləşdirə biləcək.

ATƏT təmsilçilərinin daxil olduğu monitorinq missiyası ilkin bəyanatında bildirib ki, seçkilər “fundamental hüquqlara sayqı, geniş ictimai inam mühitində keçirilib və bu, gələcək seçki islahatları vasitəsilə qorunub saxlanmalıdır”.

Media da daxil olmaqla açıq siyasi debat dinamik seçki kampaniyasına töhfəsinə verdi, ancaq bəzi hallarda onlayn qızışdırıcı ritorika narahatlıq yaradıb”, – bəyanatda deyilir.

Yerevanda müşahidəçilər, arxiv fotosu
Yerevanda müşahidəçilər, arxiv fotosu

Ermənistanda indiyədək keçirilən seçkilərdə saxtakarlıq, səslərin alınması hallarının olduğu bildirilib.

Beynəlxalq müşahidəçilər bəyanatda mayda Seçki Məcəlləsinə olunan dəyişiklikləri alqışlayır. Həmin dəyişikliklərlə media müşahidəçilərinə məhdudiyyət qaldırılıb, seçki pozuntularına görə cərimələr artırılıb.

Artıq seçicilər öz mesajlarını veriblər, indi Ermənistanın siyasi rəhbərliyi bunun qorunub saxlanmasına təminat verməli, bu gün verdiyimiz pozitiv dəyərləndirməni tamamilə möhkəmləndirəcək islahatlar həyata keçirməlidirlər”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının koordinatoru və lideri Peter Osusky deyib.

***

Pashinian-ın alyansı seçkinin qalibidir

Ermənistanda baş nazirin vəzifəsini icra edən Nikol Pashinian-ın alyansı parlament seçkisində böyük səs fərqiylə qalib gəlib. Alyansa səslərin 70 faizindən çoxunu yığaraq, Pashinian-ın sözlərilə desək, ölkəyə “inqilabi çoxluğu” qazandırıb.

Artıq 2010 seçki məntəqəsindəki bülletenlərin hamısı sayılıb. Mərkəzi Seçki Komissiyası Pashinian-ın “Mənim Addımım” alyansının səslərin 70,4 faizini qazandığını bildirir.

Varlı biznesmen Gagik Tsarukian-ın Firavan Ermənistan Partiyası səslərin 8,3 faizini qazanıb.

Liberal, qərbyönümlü Parlaq Ermənistan partiyası 6,4 faiz səslə üçüncü yerdədir. Bu partiyaya Pashinian-ın müttəfiqi Edmon Marukian başçılıq edir.

Keçmiş hakim Respublikaçı Partiyası (HHK) isə səslərin cəmi 4,7 faizini yığıb ki, bu da parlamentə daxil olmaq üçün qoyulan səviyyədən azdır. Dashnaktsutyun 3,9 faiz səs toplayıb.

***Buna da bax: İlkin nəticələrə görə, Pashinian-ın alyansı böyük fərqlə irəlidədir

Yerevanda seçki, 9 dekabr, 2018-ci il
Yerevanda seçki, 9 dekabr, 2018-ci il

Pashinian dekabrın 10-da deyib ki, seçkilər “təmiz və şəffaf” keçib. O, jurnalistlərə açıqlamasında söyləyib ki, “ölkəmizin vətəndaşları inqilabi çoxluğa səs verirlər və bunu sakit mühitdə edirlər”.

MSK seçkidə səsvermə hüququ olanların yalnız 48, 6 faizinin iştirak etdiyini bildirib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır.

Pashinian isə gün ərzində Facebook-da canlı müraciətlərində bu göstəricinin azlığını belə izah edib ki, “2017-ci ildə və HHK hakimiyyətdə olduğu müddətdə keçirilən digər seçkilərdə adamları avtobuslara doldurub səsvermə məntəqələrinə aparırdılar və hamınızın yaxşı bildiyi mexanizmlər üzrə səsverməyə məcbur edirdilər”.

Hazırda belə mexanizmlərdən istifadə olunmur və oluna da bilməz”, – Pashinian deyib.

Pashinian hakimiyyətə bu ilin mayında, küçə etirazları nəticəsində gəlib. 10 il ölkəyə prezidentlik etmiş Serzh Sarkisian isə baş nazir postunda cəmi bir həftə qala bilib, aprelin 23-də istefa verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG