Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:48

Macron ‘sarı jiletilər’in üsyanını yatırda biləcəkmi?


Etiraza gənclər və məktəblilər çıxır
Etiraza gənclər və məktəblilər çıxır

Fransada günlərdir davam edən etirazları polis gözyaşardıcı qazla dağıtmalı olub. “Reuters” agentliyindən David A. Andelman Prezident Emmanuel Macron-un öz siyasi həyatı uğrunda mübarizə apardığını yazır. “Azı indiki məqamda onun ölkəsi və Avropanı əhatələyən baxışları seçicilərindən getdikcə daha çox uzaqlaşır. On minlərlə adam küçələrə narazılığını bildirməyə çıxıb. Və bu da milyonlarla sakini qorxuya salır”, – müəllif yazır.

Biz özü üçün işləyən bu kiçik siyasi dünyanı rədd etməliyik”, – “sarı jiletlilər”in lideri, Fransanın şimalında çalışan Laurent Tinois “Le Monde” qəzetinə deyib. Müəllif bu sözlərin yüzminlərlə etirazçının baxışlarını əks etdirdiyini vurğulayır.

İlkin olaraq yanacaq vergisinin qaldırılmasına etiraz olaraq başlamış hərəkat getdikcə siyasi cərəyana çevrilib.

Emmanuel Macron (ortada)
Emmanuel Macron (ortada)

Tinois seçkidə Macron-un rəqibi Jean-Luc Mélenchon-a səs verib. Digər etirazçılar da Macron-un opponentlərinə səs verdiklərini etiraf ediblər. Görünür, çoxları bu hərəkatdan özünün fərqli arzuları – yeni parlament seçkiləri, hətta Macron-un istefasına nail olmaq üçün yararlanır. Məqalədə deyilir ki, bu siyasi hərəkətin əsas hədəfinin ötən ilki seçkini yenidən keçirmək olduğu görünür. Həmin seçkidə Macron yeni siyasi partiyası ilə hakimiyyətə gəldi. Seçkiyə getməyən minlərlə adam isə indi qəzəbini küçələrə püskürür.

İKİ FRANSA BİRLƏŞİB

Charles de Gaulle və Fransanın digər prezidentlərinin etirazların öhdəsindən necə gəldiyini müşahidə etmiş bir şəxs kimi hiss edirəm ki, Macron dəyişməyə çalışdığı milləti real olaraq tanımayıb. Fransa ağır-ağır irəliləyən nəhəng bir okean gəmisidir. Sükan arxasına keçən Macron istiqaməti kəskin dəyişməyə çalışır. Vergilərə və bərabərsizliyə etiraz olaraq barrikadalara üz tutulması ölkənin tarixinə bələd hər kəs üçün tamamilə gözlənilən idi”, – yazan müəllif bu dəfə inqilabın yayılma təhlükəsinin olduğunu vurğulayır. Minlərlə şagird Macron-un təhsil islahatlarına etiraz olaraq küçələrə çıxır. Ambulanslar saatlarla yolları bağlayır, yüzlərlə sürücü nəhənglərin xeyrinə kiçik ambulans şirkətlərinə qarşı ayrıseçkilik yaradan qaydalara etiraz edir.

Müəllif qeyd edir ki, Macron-un dizel yanacağı vergisini qaldırmağı ertələməsi yetərli olmaya bilər. Doğrudur, fiskal addımlarının hər birinin intellektual baxımdan parlaq səbəbi var. Yanacaq vergisinin artırılmasının səbəbi ətraf mühitlə bağlıdır. Sərvət vergisini ləğv etməklə Brexit-in Londondan çıxardığı britaniyalı bankirləri cəlb etmək istəyir. Amma bunların heç birinin əyalət işçisinə dəxli yoxdur. Onların çoxu ailəsini dolandırmaq üçün ayda 1500 avro (1700 dollar) maaş alır.

Həqiqətən də iki Fransa mövcuddur – zəngin və yoxsul, ancaq özəlliklə də şəhər və kənd əhalisi. Amma indi ikisi də bu qiyamda birləşib – gələcəkləri sarıdan qorxu naminə. Hökumətsə həll yolunu tapmayıb, sadəcə, küçələrə daha çox təhlükəsizlik qüvvəsi çıxarır. Şənbə günü etirazların yeni dalğası gözlənir.

Fransa prezidenti istənilən Qərb liderindən fərqli böhranla üz-üzədir. Onun üzləşdiyi kəndli üsyanıdır, əgər bu üsyanı tamamilə nəzarətdən çıxmadan neytrallaşdırmaq istəyirsə, tamamilə yeni siyasi alətlərə əl atmalıdır”, – təhlildə deyilir.

XS
SM
MD
LG