Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:08

'Devalvasiya söhbəti vardısa, nə üçün nazir bunu açıqlamırdı?' – Media icmalı


V.Əhmədov
V.Əhmədov

Olke.az saytı yazır: «Azərbaycanda devalvasiya üçün heç bir zəmin yoxdur».

Sayt maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı verdiyi açıqlamanın birmənalı qarşılanmadığını xatırladır.

«Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq», - nazir belə deyib.

Deputat Vahid Əhmədov olke.az-a maliyyə nazirinin çıxışının anlaşılmaz olduğunu söyləyib. O hesab edir ki, bu gün dayanıqlı manat ölkəyə çox lazımdır.

«Bu gün həm əhali, həm də sahibkarlar üçün dayanıqlı manatın olması lazımdır ki, hər hansı ciddi problem yaranmasın. 2015-ci il devalvasiyası çoxlarının yadına gəlir. Həmin devalvasiyadan nə qədər insanlar əziyyət çəkdi, əhalinin nə qədər milli valyutası dəyərdən düşdü. Banklarda olan əmanətlər dəyərini itirdi, bankların vəziyyəti ağırlaşdı, buna görə əhali ilə banklar arasında problemlər yaşandı və s.», - V.Əhmədov söyləyir.

Deputat hesab edir ki, hazırda manatın dəyərdən düşməsi üçün heç bir əsas yoxdur. O xatırladır ki, hazırda dünyada neftin qiyməti 60 dollardan yuxarıdır, Azərbaycanın idxal-ixrac əməliyyatlarında müsbət saldo var və Mərkəzi Bank tərəfindən pul kütləsinə çox ciddi nəzarət olunur: «...sadaladığım bu üç əsas amil Azərbaycanın xeyrinə olduğu üçün indiki şəraitdə manatın devalvasiyasından söhbət gedə bilməz».

Dövlətin 45 milyard dollardan çox valyuta ehtiyatı olduğunu deyən V.Əhmədova görə, Azərbaycanda devalvasiya gözlənilmir və vətəndaş yaxın vaxtda bunun şahidi olmayacaq.

Deputat nazirin söylədiklərinə aydınlıq gətirməli olduğunu xüsusi qeyd edir: «Şəxsən mən nazir Samir Şərifovun dedikləri ilə qətiyyən razı deyiləm. Əgər doğrudan da belə bir proses var idisə, o zaman Milli Məclisdə dövlət büdcəsi müzakirə olunanda bu açıqlanmalı idi. Biz 15 günə yaxın müzakirələr apardıq və manatın dayanıqlığını təsdiq etdik. Bəs belə söhbət vardısa, nə üçün nazir bunu açıqlamırdı?».

V.Bayramov
V.Bayramov

«Qiymətin 60 dollardan hesablanması riskdır»

«Yeni Müsavat» qəzetinin məqaləsi belə adlanır: «Neftimizin kaprizləri – «qara qızıl» bizi hara aparır».

Qəzet dünya neft bazarında təlatüm yaşandığını, neftin qiymətinin sürətlə endiyini yazır. İqtisadçı-ekspert Vüqar Bayramov «Yeni Müsavat»a açıqlamasında neftin qiymətindəki enmələri gözlənilən sayır: «Hələ qiymət 80 dollara qalxanda bildirmişdik ki, belə yüksək qiymətlər dayanıqlı deyil, tezliklə əks proseslə əvəz olunacaq. Bunun bir neçə səbəbi var. Birinci səbəb budur ki, dünya bazarında təklif artıqlığı var. Bu gün dünyada gündəlik neftə olan tələbat 99.7 milyon barel təşkil edir. Amma təklif 100 milyon bareldən artıqdır. Təklifin belə artıqlığı isə qiymətin enməsini şərtləndirir».

Ekspertə görə, daha bir səbəb İranla bağlı gözləntilərin özünü doğrultmamasıdır. Belə ki, İran neftinin bazardan çıxması ilə bazarda gündəlik 1.8 milyon barel neftin azalacağı gözlənilirdi, amma ABŞ-ın İranın əsas neft ixracat etdiyi 8 ölkəyə yaşıl işıq yandırması bu gözləntilərin doğrulmamasına səbəb oldu.

V.Bayramov deyir ki, Vyanada OPEK və OPEK+-un qəbul edəcəyi qərarlar neftin taleyini həll edəcək: «Əgər OPEK+ hasilatın daha da kəskin azaldılmasına dair qərar verəcəksə, neftin qiymətində yenidən artım olacaq. Bu ssenari bir qədər şübhəlidir, çünki Rusiyadan verilən açıqlamalar onların buna qarşı olduqlarını göstərir. İkinci variant isə budur ki, hasilatın bir qədər azaldılmasına qərar verilir və qiymətlər indiki həddə saxlanır».

Ekspert hesab edir ki, 2019-cu ildə neftin qiymətinin 60 dollar hesablanması çox riskli bir addımdır: «Neftin qiymətinin 40 dollardan hesablanmasını daha məqsədəuyğun hesab edirik».

Bakıda neft buruğu
Bakıda neft buruğu

«Cənubi Qafqazın iqtisadi mərkəzi»

«Azərbaycan» qəzetində ölkə iqtisadiyyatının inkişafı dəyərləndirilir: «250 milyard dollar sərmayə, 45 milyard dollar valyuta ehtiyatı».

Qəzet yazır ki, son illərdə Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır: «Son 15 ildə ölkənin valyuta ehtiyatlarını 28 dəfə artıraraq 45 milyard dollara yüksəltməsi, iqtisadiyyata 250 milyard dollar investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır».

Qəzet son illər biznes sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasını, ölkədəki sabitliyin Azərbaycana investisiya axınını gücləndirdiyini yazır və sərmayələrin əsasən İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya, Türkiyədən gəldiyini vurğulayır: «Azərbaycan 51 ölkə ilə ikiqat vergitutma sahəsində sazişlər, 47 ölkə ilə ikitərəfli investisiya müqavilələri imzalayıb».

Qəzet 2019-cu ildə ölkə iqtisadiyyatının perspektivinə də toxunur - gələn il üçün dövlət investisiya proqramı 6 milyard 825 milyon 300 min manat həcmində qiymətləndirilir, bu vəsaitin 5 milyard 129 milyon 600 min manatı əsaslı vəsait qoyuluşu hesabına, qalanı isə xarici kreditlər hesabına cəlb ediləcək. Həmçinin, gələn il infrastruktur layihələrinə 4 milyard 960 milyon 674.6 min manat yönəldiləcəyi qeyd olunur.

Məqalədə Azərbaycanın təkcə investisiyalar cəlb etmədiyi, həm də böyük sərmayəçi kimi çıxış etdiyi bildirilir. TANAP, TAP, «Cənub Qaz Dəhlizi» kimi beynəlxalq enerji layihələrinin bunun təsdiqi olduğu deyilir.

XS
SM
MD
LG