Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:56

Rusiyada aeroportların adlarını niyə dəyişirlər – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Rusiyada 47 aeroporta tarixi şəxsiyyətlərin adları veriləcək. Şeremetyovo aeroportu Aleksandr Pushkin-in, Domodedovo alim Mikhail Lomonosovun adına olacaq.

“The Atlantic” portalında Gabby Deutch yazır ki, mədəniyyət naziri Vladimir Medinsky-nin təsdiqlədiyi bu layihə Prezident Vladimir Putinin reytinqinin son altı ildə ən aşağı həddə düşdüyü bir dönəmə təsadüf edir. Görünür, rusiyalıları millətçi bur layihə ətrafında səfərbər etmək, sıravi vətəndaşlara siyasi muxtariyyət dərəcəsi vermək elə Putinin işinə yarayır.

İctimaiyyətin diqqətini iqtisadi inkişaf, korrupsiya, ümumi narazılıq kimi məsələlərdən nəsə neytral bir şeyə yönəltmək Kremldən ötrü vacib idi”, – bunu onlayn bir dərginin redaktoru Anton Barbashin deyir. Onun fikrincə, aeroportların adlarının dəyişdirilməsi həm “əyləncəli, həm də mühüm” məsələ sayıla bilər.

Vladimir Medinsky
Vladimir Medinsky

Amma bu layihəni hamının dəstəklədiyini də demək olmaz. Bəzi ekspertlər bunu indiki iqtisadi çətinliklər dönəmində əlavə xərc sayırlar. “Təkcə tarix və mədəniyyətdən danışmırıq, bir ətək puldan söhbət gedir”, – Merilend Universitetində Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları Mərkəzindən Maria Snegovaya deyir.

Müəllif bu layihənin arxasında daha sinik bir addımın durduğunu qeyd edir. Sorğu keçirilən vebsaytda yazılıb ki, “bir səs- bir aeroport-bir ad” prinsipi ilə işləyəcək və bu da rusiyalılara vacib demokratik prosesdə iştirak hissi verib. Barbashin əlavə edir ki, “Rusiyadakı seçkilərdə olduğu kimi, namizədin uyğun olub-olmadığını dövlət filtrdən keçirir”.

Belə ki, rusiyalılar tarixi şəxsiyyətlərin adlarını təklif ediblər, son siyahını isə mədəniyyət naziri Medinsky təsdiqləyib.

AB ‘dezinformasiya müharibəsi’ ilə savaşa pulu artırır

Avropa Birliyi gələn il Avropa parlamentinə seçkilərini qorumaq məqsədilə Kremlin yaydığı “dezinformasiyaya qarşı müharibə” elan edib. Bu haqda “The Guardian” qəzetində Daniel Boffey yazır.

İllüstrativ foto
İllüstrativ foto

Rusiya Prezidenti Vladimir Putin Avropada bölücülük yaratmağı hədəfləyən hərbi strategiyanın bir hissəsi olaraq “yalan yaymağa” ildə 1 milyard funt sterlinqdən artıq vəsait xərcləməkdə ittiham olunur.

Avropa Komissiyasının vitse-prezidenti Andrus Ansipin qəzetə deməsinə görə, “Avropadakı dezinformasiyanın əsas mənbəyinin Rusiya olmasına güclü dəlil var”.

Komissiya bildirib ki, AB üzvlərinin dezinformasiya kampaniyalarını tanımağa kömək edəcək sürətli həyəcan sistemi quraşdıracaq, dezinformasiyanın aşkarlanması üçün büdcəni isə 1,69 milyon funt sterlinqdən 4,4 milyon funt sterlinqə (5 milyon avro) qaldıracaq. Qurum həmçinin texnologiya şirkətlərinə təzyiq göstərəcək ki, saxta xəbərlərlə mübarizədə öz üzərlərinə düşəni etsinlər.

Böyük sosial media platformaları artıq davranış kodeksini imzalayıblar. Amma Britaniyanın təhlükəsizlik komissarı Julian King onlara öhdəliklərinə “ciddi yanaşmağa” çağırıb. Onun sözlərinə görə, AB “hər şeyin baş alıb getdiyi interneti” qəbul etməyəcək.

King deyir ki, Facebook bu sosial platformadakı hesabların 60 milyon-90 milyonunun, yəni ümumi istifadəçilərin 3-4 faizinin saxta olduğunu bildirib və “bu hesablardan bəziləri çox fəaldır”.

Hər il yol qəzalarında 1,35 milyon nəfər həlak olur

Dünyada hər 24 saniyədə bir nəfər yol qəzalarında həlak olur və ildə bu qurbanların sayı 1,35 milyon nəfərə çatır. Bu məlumatı bu gün – dekabrın 7-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Arxiv fotosu
Arxiv fotosu

Cəmi 3 il ərzində yol qəzalarında ölənlərin sayı 100 min nəfər artıb. Hazırda nəqliyyat qəzaları 5-29 yaşlıların əsas qatili hesab olunur.

Bu ölümlər hərəkətlilikdən ötrü verilən qəbuledilməz qiymətdir. Fəaliyyətsizliyin bəhanəsi ola bilməz. Bu problemin sübut olunmuş həlli var”, – ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus bəyanatında deyib.

Hesabat 2016-cı ilkin məlumatlarına əsaslanır və durumun getdikcə pisləşdiyini göstərir. 2013-cü ilin rəqəmlərinə əsaslanan hesabatda isə yol qəzalarından ildə 1,25 milyon nəfərin həlak olduğu bildirilirdi.

İllik statistikada artıma baxmayaraq, əhalinin və maşınların artımıyla müqayisədə son illər yol qəzalarında ölənlərin sayının sabit qaldığı qeyd olunur.

Bu onu deməyə əsas verir ki, orta və yüksəkgəlirli ölkələrdə yol təhlükəsizliyi sahəsində görülən işlər durumu yumşaldıb”, – ÜST bildirir.

Səkilərin, velosiped cığırların salınması, avtomobil standartlarının təkmilləşdirilməsinin də nəticəsi olub.

Bir çox yoxsul ölkələrin isə bu mənada geridə qaldığı vurğulanır.

XS
SM
MD
LG