Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Vergi güzəştləri ləğv olunur – Media icmalı


R.Ağayev
R.Ağayev

«Regionların vergi güzəştləri niyə ləğv olundu?».

Modern.az eyniadlı məqaləsində belə bir suala cavab axtarır.

Sayt yazır ki, yeni vergi islahatlarından biri də regionlarla bağlı güzəştlərin ləğvidir. Modern.az-a açıqlamasında iqtisadçı Rövşən Ağayev bildirir ki, sadələşdirilmiş verginin dərəcəsi Bakıdan iki dəfə aşağı idi, (Bakıda sadələşdirilmiş vergi 4%, Naxçıvan da daxil olmaqla regionlarda 2% idi -red.) artıq yeni ildən isə bərabərləşir: «Fərdi sahibkarların sosial sığorta haqları kəndlərdə iki dəfə aşağı idi, indi 2019-dan Bakı ilə eyni olacaq. Güzəştlərdən niyə imtina edildi? Rəsmi əsaslandırma və arqumentlər nədən ibarətdir - bu çox önəmlidir».

Ekspert deyir ki, əgər bu güzəştlər iqtisadi baxımdan səmərəsiz idisə, az qala 15 il gözləmək nəyə lazım idi, axı bu, zaman itkisidir. Onun sözlərinə görə, hökumət regionların artıq inkişaf etdiyini və vergi güzəştlərinə ehtiyac qalmadığını düşünürsə, o zaman hətta rəsmi rəqəmlərin bu arqumenti müdafiə etməyə gücü yetmir: «15 il əvvəl olduğu kimi, indi də regionların milli gəlirdə payı 25%-i, ixracda payı 3-5%-i, büdcədə payı isə 4-5%-i keçmir».

R.Ağayevin qənaətincə, regionların inkişafdan qalmasının əsas və köklü səbəbi kimi vergi siyasətinin yanlışlığını iddia etmək də çətindir.

«Mənə qalsa, düşünürəm ki, Azərbaycanda əksmərkəzləşmə islahatlarını gerçəkləşdirib yerlərə iqtisadi və təşəbbüskarlıq azadlığı verilməyincə, hətta bölgələrin vergidən tam azad edilməsi, müxtəlif investisiya təşviqləri belə nəticə verməyəcək», - Ağayev söyləyir.

İqtisadçının fikrincə, yaxın zamanlar üçün atıla biləcək ən vacib addım regional iqtisadi inkişafla bağlı ayrıca qanunun qəbuludur.

R.Ağayev hesab edir ki, 15 ildir işlənən ənənəvi regional inkişaf proqramlarından imtina edilməli, hər bir bölgəni ayrıca əhatə edən proqramlaşma təcrübəsinə keçilməlidir.

Bankomat
Bankomat

Təhlükəsizliyə vəsait qoyulmadıqda...

«Yeni Müsavat» qəzetində «Azərbaycan bankları kibercinayətkarlığın hədəfində» başlıqlı məqalə diqqəti cəlb edir.

Qəzet iddia edir ki, Azərbaycan bankları kibercinayətkarlar üçün asan «yem»ə dönür və buna misal olaraq, bu günlərdə həbsə alınan Səddam Nəzərlinin 100-dən çox müştərinin bank kartından 85 min manat pul çıxarmasını göstərir.

Yazıda deyilir ki, S.Nəzərliyə qədər də xüsusi proqramlarla müştəri kartlarına, bankomatlara müdaxilələr olub, xarici ölkə vətəndaşlarının iştirakı qeydə alınıb.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov qəzetə açıqlamasında baş verənlərin maliyyə böhranından qaynaqlandığını deyir, Azərbaycan banklarının kibertəhlükəsizliyə pul ayırmamaları ilə əlaqələndirir: «2015-ci ilə qədər Azərbaycanda bankların informasiya texnologiyalarının səviyyəsi, həmçinin təhlükəsizlik səviyyəsi yüksək idi. Banklar xaricdə yüksək reytinqə malik şirkətlərin informasiya-təhlükəsizlik proqramlarını alırdılar. Həmin proqramların daim yenilənməsinə, təkmilləşdirilməsinə pullar xərclənirdi. Belə proqramların alışı və yenilənməsinə ildə bir neçə milyon dollar pul xərclənirdi».

Ə.Həsənovun sözlərinə görə, böhran başlanandan sonra banklar problemlər yaşadı, təhlükəsizlik bir kənara, bankomatlarda elementar çek verilməsi üçün kağız lent problemi yarandı: «Bu problemlər əksər bankların təhlükəsizlik, texniki təminat sahəsinə xərcləri kəskin azaltmalarıyla bağlıdır. Bu işlərə pul qoymurlar deyə, belə problemlər yaşanır. Əmanətçilərin, təqaüdçülərin və digər kateqoriyadan olan bank müştərilərinin hesablarına müdaxilələr olur».

Ekspert hesab edir ki, bundan çıxış yolu kibertəhlükəsizliyi təmin etməyən banklara qarşı tədbirlər görülməsindədir.

Gəncə şərabı
Gəncə şərabı

«Made in Azerbaijan»-nüfuzlu brend

«Azərbaycan» qəzeti yazır: ««Made in Azerbaijan» dünyada nüfuzlu brendə çevrilir».

Məqalədə deyilir ki, «Made in Azerbaijan» brendi ilə dünya bazarına çıxarılan məhsulların ixrac coğrafiyası genişlənir və bu işdə ixrac missiyası, açılan ticarət evləri çox əhəmiyyətli rola malikdirlər.

«Bu gün artıq Azərbaycan ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxır. Ticarət evlərinin yaradılması da bu məqsədə xidmət edir. Yəni Azərbaycanın qeyri-neft məhsullarının heç bir vasitəçi olmadan birbaşa xaricə, yeni bazarlara çıxarılması üçün imkan yaranır», - «Azərbaycan» yazır.

Qəzet xatırladır ki, ilk Azərbaycan Ticarət Evi 2017-ci ilin mayında Belarusun paytaxtı Minskdə açılıb, dövlət qeydiyyatına alınıb, Belarusla yanaşı, Ukrayna, Latviya və Çində Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bundan başqa, Rusiyanın Həştərxan vilayətində yaradılan Azərbaycan İşgüzar Mərkəzinin geniş sərgi zonasında Azərbaycanın 30-dan çox şirkətinin malları nümayiş etdirildiyi qeyd olunur.

Növbəti ticarət evinin dekabrın 6-da Polşanın paytaxtı Varşavada açılacağı deyilir.

Qəzet hesab edir ki, ticarət evləri həm də Azərbaycana xarici investisiyanı yönləndirmək baxımındam da uğurlu addımdır. Elə bu səbəbdən gələn il daha dörd ölkədə Azərbaycan Ticarət Evinin açılacağının planlaşdırıldığı bildirilir. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Çin (ikinci ticarət evi), Qazaxıstan və Rusiya Federasiyasıdır.

Məqalədə ixrac məhsullarının çeşid və həcminin artırılmasının, ixrac coğrafiyasının genişləndirilməsinin prioritet istiqamət olduğu deyilir.

XS
SM
MD
LG