Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Khashoggi-lər dünyası – Qərb mediası


Londondakı Səudiyyə səfirliyi qarşısında etiraz aksiyası, arxiv fotosu
Londondakı Səudiyyə səfirliyi qarşısında etiraz aksiyası, arxiv fotosu

Səudiyyəli jurnalist Jamal Khashoggi-nin həmin ölkənin İstanbuldakı konsulluğunda qəddarlıqla qətlə yetirilməsi anomaliyadan da uzaqdır. Ancaq bu il dünyada 73 jurnalist qətlə yetirilib, çoxu da elə Səudiyyə rejimi kimi Birləşmiş Ştatların sıx müttəfiqi olan ölkələrdə. Beynəlxalq Mətbuat İnstitutuna görə, jurnalistlərə qarşı zorakılıq və günahkarların cəzasız qalması “bugünkü dünyamızda media azadlığına ən böyük təhdidlərdən yalnız ikisidir”. Bu haqda “Project Syndicate” portalında Daoud Kuttab yazır.

Müəllif qeyd edir ki, hökumətlər jurnalistlərə qarşı kökə və kötəkdən istifadə edirlər, jurnalistlərin rəsmi siyasəti dəstəkləməsi üçün onları mükafatlandıra, digər rüşvət formalarına əl ata bilərlər. Amma satılmaqdan imtina edənlər ya təməl hüquqlardan məhrum olurlar, məsələn, pasportları yenilənməyə bilər, ya da nüfuzları darmadağın edilir. Üstəlik, ABŞ Prezidenti Donald Trump-ın jurnalistləri “saxta xəbərlər” yayanları “düşmənlər” adlandırması da avtokratik rejimlərin əlinə oynayır.

Mohammed bin Salman (sağda) Fransa Prezidenti Emmanuel Macron ilə görüşür, 30 noyabr, 2018-ci il
Mohammed bin Salman (sağda) Fransa Prezidenti Emmanuel Macron ilə görüşür, 30 noyabr, 2018-ci il

Həbs avtokratik rejimlərin həqiqəti söyləməyə cəsarət edən jurnalistləri susdurmasının daha bir yoludur. Misirdə Al Jazeera-nın jurnalisti Mahmoud Hussen iki ildir məhkəməsiz həbsdə saxlanır. Birləşmiş Ərəb Əmirliklərindən iordaniyalı jurnalist Tayseer al-Najjar üç illik həbs cəzası çəkir, sosial mediada yaydığı posta görə üzərinə qoyulmuş 136 min dollarlıq cəriməni ailəsi ödəyə bilməsə, cəzası uzadıla bilər. Türkiyədə isə 2016-cı ilin uğursuz iyul çevrilişindən sonra 150-dən çox jurnalist həbsə atılıb.

Və əlbəttə ki, həqiqətə xidmət etdiyinə görə ən ağır qurban verənlər də var. Bir hesablamaya görə, bu il indiyədək 73 jurnalist qətlə yetirilib. Ötən il 12 ölkədə beşdən çox jurnalistin qətlinin üstü açılmayıb. Buraya təkcə müharibə gedən İraq, Somali, Suriya kimi ölkələr deyil, Braziliya, Hindistan, Meksika, Nigeriya və Rusiya kimi demokratiyalar və psevdo-demokratiyalar da daxildir”, – yazan müəllif ABŞ və digər Qərb ölkələrinin müttəfiqləri olan belə ölkələrin hərəkətlərinə görə heç bir siyasi, yaxud diplomatik bədəl ödəmədiyini vurğulayır.

Bu mənada, Khashoggi-nin qətli də güclü bir mesaj göndərmiş olur. Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-ın bu qətli sifariş etməsinə güclü inam olsa da, Səudiyyə Ərəbistanının maliyyə dəstəyindən asılı, inkişaf etməkdə olan ölkələrdəki jurnalistlər və insan haqları fəallarından nəzakətlə (bəzən elə də nəzakətlə deyil) susmaları istənilir.

Miqrasiya məsələsində digər ölkələr də Trump-ın yolunu tutur?

Düz bir il öncə ABŞ Prezidenti Donald Trump BMT-nin miqrasiya paktından çıxanda beynəlxalq miqyasda kəskin qınandı. Trump administrasiyası bu razılaşmanın ölkənin suverenliyini və miqrasiya siyasətini pozacağını iddia edirdi. Bundan öncə isə Paris iqlim sazişindən, digər çoxtərəfli sazişlərdən çıxdığını elan etmişdi. “The Washington Post” qəzetində Rick Noack yazır ki, Birləşmiş Ştatlar bir sıra cəbhələrdə, məsələn, Paris iqlim sövdələşməsində təcrid olunub. Di gəl, Trump-ın BMT-nin miqrasiya paktından çıxmaq qərarı başqa yerlərdəki tənqidçiləri də ürəkləndirib. Son həftələr bəzi ölkələr də onun elədiyini edir və bu, kəskin debatlara yol açıb.

Meksikanın ABŞ-la sərhədində Cənubi Amerikadan gəlmiş miqrantlar
Meksikanın ABŞ-la sərhədində Cənubi Amerikadan gəlmiş miqrantlar

Belçikanın koalisiya hökumətinin ən böyük üzv partiyası bu həftə bildirib ki, ölkənin paktda iştirakına qarşı çıxacaq. Qonşu Almaniyada Kansler Angela Merkel-in partiyasındakı xələfləri də bu məsələdə toqquşur. Avstraliya, Avstriya, Çexiya, İsveçrə və bəzi ölkələrin hökumətləri də bu paktı imzalamayacaqlarını, yaxud qərarlarını ertələyəcəklərini deyiblər.

BMT-nin miqrasiya paktı iki il öncə 193 üzvün hamısının razılaşdırdığı daha geniş bir plan nəticəsində əldə olunub. Məqsəd miqrasiyanı daha insani və düzənli etməkdir. Axı, iki il öncə xəbərlərdə Avropaya keçməyə çalışan qaçqın və miqrantların Aralıq və Egey dənizlərində həlak olması daha böyük yer alırdı.

Avropanın əsasən ifrat sağçı partiyaları bu razılaşmanı Avropaya daha çox miqrantın gəlməsinə şərait yaradan qarışıq mexanizm adlandırırlar. Macarıstan və Avstriya razılaşmadan geri çəkilən ilk ölkələrdən olub. Macarıstan Serbiya və Xorvatiyayla sərhədinə hasar çəkib. Bu ölkə 2015-ci ildə Qərbi Avropaya yol almış qaçqın və miqrantlar üçün tranzit ölkəyə çevrilmişdi.

Razılaşmanın tərəfdarları isə deyirlər ki, miqrantların və ailələrin iş və yaşayış şəraiti ağırdır, insan alverinə, iş yerlərində diskriminasiyaya son qoyulması üçün daha çox birgə işləmək gərəkir.

Dünyada nə qədər miqrant işçi var

Hazırda dünyada 164 milyon miqrant işçi var. Bu rəqəm 2013-cü ildən bəri 9 faiz artıb. O zaman miqrant işçilərin sayı 150 milyon idi. Hesablamanı Beynəlxalq Əmək Təşkilatı (ILO) aparıb.

Rusiyada Qırğızıstandan miqrant fəhlə
Rusiyada Qırğızıstandan miqrant fəhlə

2013-2017-ci illəri əhatələyən hesabatda deyilir ki, miqrant işçilərin 96 milyonu kişilər, 68 milyonu qadınlardır. Yəni, kişilərin payı 56 faizdən 58-ə yüksəlib. Qadınların sayı isə 44 faizdən 42-yə düşüb.

Miqrant işçilərin 87 faizə yaxını fəal işləmə yaşındadır, 25-64 yaşlıdır. Bu o deməkdir ki, mənbə ölkələr işçi qüvvələrinin ən məhsuldar seqmentini itirir. Hesabatda bildirilir ki, bu, həmin ölkələrin iqtisadi artımına mənfi təsir göstərə bilər.

Dünyadakı 164 milyon miqrant işçinin 111,2 milyon nəfəri (67,9 faizi) yüksək gəlirli ölkələrdə yaşayır. 30,5 milyonu (18,6 faizi) orta gəlirli, 16,6 milyonu (10,1 faizi) aşağı orta gəlirli, 5,6 milyonu (3,4%) azgəlirli ölkələrdə yaşayır.

Miqrant işçilər yüksəkgəlirli ölkələrin işçi qüvvəsinin 18,5 faizini, azgəlirli ölkələrdə 1,4-2,2 faizini təşkil edir. 2013-2017-ci illərdə miqrant işçiləri yüksəkgəlirli ölkələrə cəmlənməsi 74,7 faizdən 67,9 faizə düşüb, amma yuxarı ortagəlirli ölkələrdəki payı isə yüksəlib. Bu da sonuncuların iqtisadi inkişafına töhfəsini verib.

XS
SM
MD
LG