Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:06

Dünyanın ən güclü qadını kimdir – Qərb mediası


Angela Merkel
Angela Merkel

Artıq 8-ci ildir Almaniya kansleri Angela Merkel dünyanın ən güclü qadını elan olunur. Bu yaxınlarda Xristian Demokratik Birliyinin (CDU) rəhbərliyindən istefa verməsinə, 2021-ci ildə kansler postuna namizədliyini verməyəcəyini açıqlamasına baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatına liderliyi onu azad dünyanın da de-fakto qadın liderinə çevirir. Reytinqi “Forbes” dərgisi tərtib edib.

Siyahıda ikinci yeri Britaniyanın Baş naziri Theresa May, üçüncü yeri Beynəlxalq Valyuta Fondunun rəhbəri Christine Lagarde tutur. Milyarder Bill Gates-in həyat yoldaşı, Bill və Melinda Gates xeyriyyə fondunun yaradıcısı Melinda Gates dünyanın ən güclü qadınları siyahısında altıncıdır.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina isə siyahıda 49-cu pillədədir.

Macron geri çəkilir

Dekabrın 4-də Fransanın Prezidenti Emmanuel Macron dizel yanacağına vergini qaldırmaq planlarını azı altı aylığa ertələməyə məcbur olub. Buna ölkədə baş qaldırmış zorakı etirazlar səbəb olub.

Parisdə etirazlar
Parisdə etirazlar

Baş nazir Edouard Philippe qərarı açıqlayarkən deyib ki, küçələrdə baş qaldırmış qəzəbi görməmək, yaxud eşitməmək üçün “kar ya da kor olmaq” lazımdır.

Macron verginin artırılmasını iqlim dəyişikliyi ilə mübarizədə vacib sayırdı.

Sarı jilet geyinmiş fransızlar vergilərin azaldılmasını, işləyib vergi ödəmək istəyirlər.Biz də bunu istəyirik. Bunu izah edə bilməsəydim, hakim çoxluq fransızları inandıra bilməsəydi, nə isə dəyişməliydi”, – Philippe deyib.

Daha öncə rəsmilər minimum əməkhaqqının qaldırılmasının mümkünlüyünə eyham vururdular, amma Philippe belə bir öhdəlik dilə gətirməyib.

Ancaq o, vətəndaşlara xəbərdarlıq edib ki, daha aşağı vergi ödəyib daha yaxşı dövlət xidməti gözləyə bilməzlər.

Emmanuel Macron (solda) və Edouard Philippe
Emmanuel Macron (solda) və Edouard Philippe

Son günlər baş verənlər bizə bir şeyi göstərdi, fransızlar nə vergilərdə artım, nə də yeni vergilər qoyulmasını istəyirlər. Vergiyığımı azalarsa, xərcləmələr də azalmalıdır, çünki biz borclarımızı övladlarımıza ötürmək istəmirik. Və bu borcların miqyası heç də kiçik deyil”, – o vurğulayıb.

Son üç həftədə etirazlar anti-Makron üsyanına çevrilmişdi, çoxları prezidenti zənginlərin xeyrinə siyasət yürütməkdə, kasıblar üçün heç nə etməməkdə qınayırdı.

“Reuters” yazır ki, vergilərlə bağlı son qərar Macron-a heç əl vermir. Bu qərarın verildiyi bir məqamda hökumətlər Polşada yığışır, qlobal istiləşmənin ən ağır fəsadlarını önləmək üçün tədbirlər razılaşdırmalıdırlar. Elə Macron-un qaldırmaq istədiyi verginin məqsədi də bu problemlə bağlı idi.

Son etirazların iqtisadiyyata milyonlara başa gəldiyi bildirilir. Topdan və pərakəndə satışa, restoran və otelçilərə böyük ziyan dəyib.

İran Trump-ın Suriya siyasətinin mərkəzinə keçir

Bu payız ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyaya hücumları intensivləşdirib, mindən artıq hava və artilleriya zərbəsi endirib. Zərbələrin demək olar, hamısı İraqla sərhəddə gerçəkləşdirilib, çünki Vaşinqton ilin sonunadək bu ölkədə İslam Dövləti (İŞİD) qruplaşmasının varlığına son qoymaq istəyir. “The Atlantic” portalında Samuel Oakford yazır ki, İŞİD bu ərazidə məğlub ediləndən sonra Suriyadakı 2 minədək Amerika əsgərinin taleyi qaranlıq qalır. Rəsmilər bu ölkədə hərbi mövcudiyyəti saxlamaqdan ötrü İrana qarşı əsaslandırmalar gətirirlər. Ancaq tənqidçilər həmin arqumentin hüquqi əsası olmadığını deyirlər. Demokratlar Nümayəndələr Palatasında üstünlüyü ələ alıb, görünür, Donald Trump administrasiyasına bu strategiyanı daha yaxşı əsaslandırmaq üçün təzyiq artacaq.

Suriyada ABŞ əsgərləri
Suriyada ABŞ əsgərləri

Suriyada azından müəyyən sayda ABŞ əsgərini saxlamağa bir əsas var. Məsələn, Amerikanın hərbi dəstəyini artırmaq vədi kürd yaraqlıların tədricən Suriya Prezidenti Bashar al-Assad rejiminə yan almasını önləyə bilib. Səudiyyə Ərəbistanı isə İŞİD-dən azad olunan ərazilərdə sabitlik yaratmağa maliyyə yardımı boyun olub. Bunu George Washington Universitetinin Ekstremizm Proqramının aparıcı əməkdaşı Hassan Hassan deyir. Amerika rəsmiləri həm də inanırlar ki, hərbi dəstək Birləşmiş Ştatların Suriyada siyasi danışıqlarda mövqeyini gücləndirə bilər.

Ancaq Ağ ev Suriyada qalmasının hədəfini getdikcə İrana yönəldir. Milli təhlükəsizlik müşaviri John Bolton sentyabrda deyib ki, “İran əsgərləri İran sərhədlərindən kənara çıxdığı müddətdə Amerika qüvvələri Suriyada qalacaq”.

Müəllif yazır ki, bu məsələ təkcə Suriyaya aid deyil. Administrasiya Yəməndə Səudiyyənin rəhbərlik etdiyi koalisiyanı dəstəkləməsini də İrana bağlı husi üsyançıları, həm də al-Qaeda və İŞİD-lə əlaqələndirmişdi. Ancaq bunun qanuni əsasları elə də güclü deyil.

Məsələn, Prezident Barack Obama 2014-cü ildə İŞİD-ə qarşı müdaxiləni 2001-ci ildə qəbul olunmuş Hərbi Gücdən İstifadə Səlahiyyəti (AUMF) qanunu ilə əsaslandıra bilmişdi. Bu sənəd 2001-ci ilin 11 sentyabr terrorundan sonra qəbul olunub. Sonradan prezidentlər George W. BushDonald Trump Yəmənə, Pakistana dron hücumlarını, Liviyaya raket zərbələrini sözügedən sənədlə əsaslandırıblar. Amma məsələ ondadır ki, Obama administrasiyası Suriyada İŞİD-I vurmaq üçün AUMF-a söykənsə də, bu qrup 11 sentyabr terrorundan qabaq mövcud olmayıb.

Texas Universitetindən hüquq professoru Steve Vladeck deyir ki, heç kəs AUMF-un İrana, yaxud Suriya hökumətinə aid olduğunu iddia edə bilməz.

XS
SM
MD
LG