Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:52

'Vətəndaşları 30 qəpik kimi görürlər' – Media icmalı


Avtobus sürücülərinin ən böyük dərdi
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Avtobus sürücülərinin ən böyük dərdi

Dekabrın 4-də Azərbaycan KİV-ləri regionların sosial-iqtisadi inkişafına, 2019-cu il dövlət büdcəsinə, sərnişindaşıma şirkətlərindəki vəziyyətə və başqa mövzulara toxunur.

«İctimai nəqliyyatın 85 faizinə dövlət nəzarət etsin»

Marja.az-da ictimai nəqliyyatın problemləri yenidən gündəmə gətirilir: «Plan verdikləri üçün vətəndaşları 30 qəpik kimi görürlər - BNA sədri».

Sayt paytaxtda ictimai nəqliyyatda sərnişindaşıma sahəsindəki vəziyyətə dair Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin fikirlərinə yer ayırıb. O, hazırda paytaxtda 41 daşıyıcı şirkətin fəaliyyət göstərdiyini bildirib və bunların əksəriyyətinin xidmətindən narazılıq ifadə edib: ««BakuBus» MMC də daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir. Gün ərzində Bakıda avtobuslarla 2.7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi «BakuBus»ın payına düşür».

İdarə Heyətinin sədri deyib ki, ictimai nəqliyyatın 85 faizinə dövlətin nəzarət etməsini istəyirlər, qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara uyğun gələn özəl şirkətlərə istifadəyə verilə bilər. Amma V.Kərimli bu qədər böyük paya niyə dövlətin sahib çıxmaq istəməsinin səbəbini açıqlamır.

Sayt yazır ki, BNA sədri həmçinin, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanaraq hökumətə təqdim olunduğunu bildirir. O, 2019-cu ildən hər ay Bakıya yeni avtobusların gətiriləcəyini də deyib: «Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq».

BNA sədri ictimai nəqliyyatda sürücü probleminə də toxunub: «Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər».

V.Kərimlinin sözlərinə görə, sərnişindaşıma şirkətləri gündəlik planı önə çəkdiklərindən vətəndaşları 30 qəpik olaraq görürlər.

Q.İbadoğlu
Q.İbadoğlu

Q.İbadoğlu: «19 zəif bəndi olan büdcə»

Strateq.az yazır: «Qubad İbadoğlu 2019-cu ilin büdcəsini təhlil etdi: Xərclər bölgüsü ədalətsizdir, qapalıdır, inflyasiya yaradacaq».

Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun qənaətincə, gələn ilin büdcəsində ən azı 19 zəif bənd mövcuddur. İqtisadçı iddia edir ki, zəif bəndlərin çoxalması növbəti ilin büdcəsinin keyfiyyətini, xərclərin faydalılığını və onların iqtisadi artıma töhfəsini aşağı salır.

Q.İbadoğlu ilkin zəif bənd kimi Azərbaycanda büdcə danışıqlarının aparılmamasını, büdcənin təşkili və müzakirəsinin parlamentin yox, icra hakimiyyəti daxilində bir qrupun, Maliyyə Nazirliyi və Prezident Administrasiyasının tam nəzarətində olmasını göstərir.

İqtisadçı büdcədə neft gəlirlərinin xərclənməsinə demək olar ki, məhdudiyyət qoyulmamasını da zəif bənd sırasına aid edir.

Q.İbadoğluna görə, büdcədə neftin barelinin qiymətinin 60 dollardan götürülməsi optimist ssenariyə əsaslanır və real deyil.

O hesab edir ki, büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyil, qeyri-neft sektorunun ÜDM-də payının son illər ərzində artmasına baxmayaraq, büdcə gəlirlərində qeyri-neft sektoru hələ də aparıcı mövqeyə çıxa bilmir.

İqtisadçının qənaətincə, daha bir zəif bənd büdcənin neft gəlirlərindən asılılığıdır, büdcə gəlirlərinin formalaşmasında Dövlət Neft Fondunun transfertləri hələ də əsas mənbə olaraq qalır.

Q.İbadoğlunun proqnozuna görə, gələn ilin büdcəsi inflyasiya yaradacaq, çünki növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb.

Ekspert dünya bazarında neftin qiymətinin gələn il ucuzlaşmasının dövlət büdcəsinə mənfi təsir göstərəcəyini vurğulayır.

İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında
İ.Əliyev İsmayıllı velosiped zavodunun açılışında

Açılıb-bağlanan iş yerləri

«Azərbaycan» qəzeti regionların sosial-iqtisadi inkişafını dəyərləndirir: «Regionlar yenə irəli çıxır».

Qəzet yazır ki, ölkə regionlarında yeni istehsal və xidmət, aqrar sektorda əməktutumlu sahələrin yaradılması və dirçəldilməsi hökumətin prioritet fəaliyyət istiqaməti olaraq qalır.

Bu istiqamətdə regionların sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının icrasının payının böyük olduğu qeyd edilir.

Məqalədə Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, üçüncü dövlət proqramının icrasını əhatə edən 2014-cü ildən 2018-ci il oktyabrın 1-nə kimi ölkədə 624.9 mini daimi olmaqla 913.6 min iş yeri açılıb.

Yazıda bu da xüsusi vurğulanır ki, iş yerlərinin əksəriyyəti regionlarda yaradılıb: «Cari ilin 9 ayında yeni iş yerlərinin 24 faizi Bakıda açıldığı halda, 75 faizi regionlarda açılıb. Yəni yeni iş yerlərinin açılmasında da bölgələr önə keçib».

Bu yerdə qəzet iş adamlarından şikayət edir ki, bir çox hallarda sahibkarlar vergi və müavinət ödənişlərini etməmək üçün işçilərlə əmək müqaviləsi bağlamır, işçilərin faktiki sayı gizlədilir və nəticədə məşğul əhalinin, işsizlərin sayının dəqiq müəyyən olunmasında problemlər yaranır.

«Azərbaycan» yazır ki, bu sahədə şəffaflıq tam təmin edilsəydi, paytaxtda və regionlarda rəsmi iş yerlərinin, yəni işləyənlərin sayı daha çox olardı.

Qəzet deyir ki, cari ilin 9 ayında ölkədə 94.5 mini daimi olmaqla 192.5 min yeni iş yerinin açılması rəsmiləşdirilib, bunun da 42.4%-i özəl sektorun payına düşür. Məqalədə o da qeyd olunur ki, bu ilin 9 ayında ölkədə 30 min iş yeri bağlanıb və bağlanan iş yerlərinin 88.7 faizi özəl sektorun payına düşüb.

XS
SM
MD
LG