Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Gələn ilə siyasi proqnozlar – Qərb mediası


Cənubi Çin dənizində ABŞ-ın Ronald Reagan aviadaşıyıcı gəmisindən qalxan təyyarə
Cənubi Çin dənizində ABŞ-ın Ronald Reagan aviadaşıyıcı gəmisindən qalxan təyyarə

2019-cu ildə Böyük Dövlət yarışması daha da qızışacaq. Birləşmiş Ştatlar Çinə qarşı strateji hücumunu gücləndirəcək, bunu tariflər, sanksiyalar, yeni yaranan texnologiyalar üzərində nizamlayıcı buferlər, Tayvana dəstəyin artırılması, Cənubi Çin Dənizində özünü daha çox göstərmək yoluyla edəcək.

Geosiyasi mühitinin kəskinləşməsi Polşa və Tayvan kimi nisbətən zəif sərhəd ölkələrə strateji imkanlar açacaq. Di gəl, neytral ortama can atan Türkiyə, Hindistan və Vyetnam kimi orta ölkələrə nəhəng başağrıları yaradacaq. Bunları “Stratfor” təhlil mərkəzi gələn il üçün proqnozlarında qeyd edir.

Mərkəz bildirir ki, milli təhlükəsizliyə hədələri əsas gətirən Birləşmiş Ştatlar Avropaya, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Cənubi Koreya və Tayvana Çinin sərmayələrinə sədlər qurmaları üçün daha çox təzyiq göstərəcək. Bu isə süni zəkadan tutmuş 5G şəbəkəsinin buraxılmasına qədər strateji sahələrdə tədqiqat və ticarətə təsirini göstərəcək. Çinin aerokosmik və digər vacib sahələrdə geridə qalmamağa çalışması isə yalnız və yalnız korporasiyalarə kibertəhdidləri artıracaq və Birləşmiş Ştatların internet məkanındakı siyasətini aqressivləşdirməyə sövq edəcək.

Çində avtomobil sərgisi, arxiv fotosu
Çində avtomobil sərgisi, arxiv fotosu

“Stratfor” populist İtaliya hökumətinin gələn il avrozona üçün ən böyük təhdidi sərgiləyəcəyini qeyd edir. Brüssel Britaniyanın AB-dən sazişsiz çıxması ssenarisini əngəlləməyə çalışsa da, Britaniya parlamentindəki səsvermə nizamlı Brexit-ə ən böyük maneə sayılır.

Birləşmiş Ştatlar İranı regionda təcrid etmək, onu içəridən zəiflətmək siyasətini davam etdirəcək. Bu, Vaşinqtonla Tehran arasındakı uçurumu daha da dərinləşdirəcək. İrana qarşı birgə gündəm isə Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanının yüksək səviyyəli strateji münasibətlərini isidəcək, bu, xarici hökumətlərin vəliəhd şahzadə Mohammed bin Salman-ın liderliyindən narazılığına baxmayaraq baş verəcək.

Kerç blokadası Putini yenidən böyüdə biləcəkmi?

Uzun illər Kremlin propaqandasının özəyini Rusiyanın hücum altında olması təşkil edib. Prezident Vladimir Putin özünü mühasirədə qalan qalanın komandiri kimi təqdim edib. Ancaq onun son cəhdi alınmayacaq, hücum altında olduqlarını rusiyalılara “xatırlada” bilməyəcək. “Project Syndicate” portalında Andrei Kolesnikov yazır ki, Kerç boğazındakı son insident, Rusiyanın Ukrayna gəmilərinə atəş açması, dənizçilərini əsir götürməsi rusiyalıların bəzilərində qürur hissi oyada bilib. Amma bu görüntülər çoxlarının içində Ukraynayla tammiqyaslı müharibə qorxusu yaradıb. Rusiyadakı bir çox valideynlər, dünyanın başqa yerlərində olduğu kimi, 18 yaşına çatmış övladlarına döyüşə deyil, oxumağa göndərməyə üstünlük verərdilər.

Polşada Rusiyaya etiraz aksiyası
Polşada Rusiyaya etiraz aksiyası

Müəllif Krımın qanunsuz ilhaqından öncə Putinin reytinqinin rekord səviyyəyə düşdüyünü, ilhaqdan sonra 80 faizi keçdiyini yazır. Ancaq ötən yaydan reytinq yenidən düşür, oktyabr və noyabrda 66 faizə enib. Axı Rusiyanı beynəlxalq səhnədə böyük dövlətdən etməkdən savayı, Putin həm də rusiyalıların həyat səviyyəsini yüksəltməliydi. Amma dörd il ərzində real gəlirlər azalandan sonra hökumət üstəlik təqaüd yaşının artırılacağını elan edir.

Rusiyalıların iqtisadi problemlərini həll etmək asan olmayacaq. Qərbin Krıma görə qoyduğu sanksiyalar ucbatından Rusiya iqtisadiyyatı təzyiq altındadır. Ən vacibi odur ki, Rusiyanın dövlət-kapitalist modeli rəqabəti zəiflədib, özəl investisiya və sahibkarlığa stimul azalıb.

İctimai rəyi səfərbər etməyə başqa yol qalmadığından Puin qərara alıb ki, rusiyalılara hücum altında olmalarını “xatırlatmaq” zamanıdır. Eyni zamanda Ukrayna Prezidenti Petro Poroshenko da gərginliyin qızışmasından siyasi fayda götürə bilər, o da mart seçkisi öncəsi reytinqini qaldırmağa çalışır”, – müəllif yazır.

“Avropanın qara günü”

Milyarder George Sorosun əsasını qoyduğu Mərkəzi Avropa Universiteti (CEU) bazar ertəsi bildirib ki, Macarıstandan çıxmağa məcbur edilib və bu “qanunsuz çıxarılma” akademik azadlığın pozulmasıdır. Universitet gələn ildən yeni tələbələri qonşu Avstriyada qəbul edəcəyini bildirib.

Mərkəzi Avropa Universitetinin binası
Mərkəzi Avropa Universitetinin binası

“Reuters” agentliyi yazır ki, CEU-nun bu bəyanatı xeyriyyə işləri ilə liberal dəyərləri yayan Sorosla Macarıstanın millətçi baş naziri Viktor Orban hökuməti arasında illərdir davam edən çəkişmənin kulminasiyasıdır.

30 ildən çoxdur CEU keçmiş kommunist məkanı olan şərqi Avropadan minlərlə tələbə üçün Qərbə bir qapıdır. Onlara ABŞ-da akkreditasiyadan keçmiş dərəcə proqramları təklif olunur.

Universitet bildirmişdi ki, dekabrın 1-dək akademik azadlığa zəmanət verilməsə, Budapeştdən gedəcək.

CEU-nu qovdular. Bu, görünməmiş bir hərəkətdir. ABŞ qurumu NATO müttəfiqinin ərazisindən çıxarılır. Avropa qurumu AB-nin üzvü olan ölkədən qovulur”, – institutun prezidenti və rektoru Michael Ignatieff bəyanatında deyib.

Nüfuzlu universitetin qanunsuz çıxarılması akademik azadlığın biabırçı şəkildə pozulması deməkdir. Bu, Avropa üçün, Macarıstan üçün qara gündür”, – CEU-nun bəyanatında vurğulanır.

Ignatieff mətbuat konfransında bildirib ki, CEU-nu Avstriya “aydın və birmənalı” şəkildə dəvət edib.

Birləşmiş Ştatlarda CEU-nun Macarıstanda qala bilməməsindən məyusluğunu dilə gətirib.

CEU-nun hüquqi statusu bir ildən çox idi havadan asılı qalmışdı. Ali təhsil qanununa dəyişikliklər xaricdə qeydiyyatdan keçmiş universitetin daha Macarıstanda çalışa bilməyəcəyini nəzərdə tuturdu. Orbanın tənqidçiləri bu dəyişikliklərin məhz CEU-nu hədəfə aldığını söyləyir.

XS
SM
MD
LG