Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:18

Zuckerberg Facebook-a nəzarəti ‘itirib’ – Qərb mediası


Facebook-a qarşı etiraz aksiyası

Milyonlarla adamın şəxsi informasiyasına və internetdə xəbər və informasiya axınına monopoliya nəzarəti demokratiyaya açıq-aşkar təhlükə yaradır. Facebook-un menecmenti də dəfələrlə göstərib ki, onların məsuliyyətli davranacağına bel bağlamaq olmaz. Bunu “The Project Syndicate” portalında Belçikanın keçmiş xarici işlər naziri Guy Verhofstadt yazır və Facebook-un yaradıcılarından biri Mark Zuckerberg-in mayda Avropa Parlamentində ifadə verməsini yada salır.

Hələ o zaman ona dedim ki, şirkətə nəzarəti itirib. Suallarımın heç birinə birbaşa cavab almamağım məni məyus etdi”, – müəllif yazır və tək olmadığını vurğulayır, dünyada bir çox siyasətçilərin Facebook-un qazanc naminə hesabatlılıqdan qaçmasından yorulduğunu qeyd edir.

Mark Zuckerberg Parisdə mətbuat konfransında
Mark Zuckerberg Parisdə mətbuat konfransında

Bir müddət öncə Cambridge Analytica şirkətinin Facebook istifadəçilərinin şəxsi məlumatlarını qanunsuz əldə etdiyi ortaya çıxınca bu sosial şəbəkə ətrafında qalmaqal yaranmışdı. Ancaq keçmiş nazir bir çox sualların hələ də açıq qaldığını bildirir. Məsələn, Facebook-da hədəfli propaqanda hələ də demokratik seçkilərə risk yaradırmı?

Facebook-un məsələni ört-basdır etməsi sayəsində bunu heç kəs bilmir. Facebook gizliliyin qorunmasını təkmilləşdirdiyini bildirir. Amma Avropa Parlamentinin xahişinə uyğun olaraq, Cambridge Analytica qalmaqalının bitkin daxili auditini apara bilməyib. Buna görə də mayda parlamentə gözlənən seçkilərin daha artıq xarici manipulyasiyaya məruz qalacağından ehtiyatlanmağa səbəb çoxdur”, – məqalədə deyilir.

Kreml daha Rusiyanın sosial gündəminə baxmır?

Ağrılı iqtisadi seçimlərlə üzləşən rusiyalı siyasi elita və hökumət rəsmiləri getdikcə ictimaiyyətdən uzaqlaşırlar. Bu arada sosial məsələlərin ənənəvi mediada işıqlandırılması da təlaşlı xarakter alır. Bu, Kremlin Rusiyanın sosial gündəminə nəzarəti itirməsinin əlaməti ola bilər. Hökumət sosial məsələlərə ikrah və laqeydliklə reaksiya verir və Vladimir Putinin dördüncü prezidentliyinin əsas prinsipi gərək ki bu olsun: dövlətin sizə borcu yoxdur”.

Rusiyada pensiya yaşının artırılmasına etiraz aksiyası
Rusiyada pensiya yaşının artırılmasına etiraz aksiyası

“Karnegi” fondunun saytında Tatyana Stanovaya yazır ki, ənənəvi media başlıqlarına baxanda Kremlin milli təhlükəsizlik və xarici siyasət gündəminə böyük enerji xərclədiyini, sosial problemləri isə görməzdən gəldiyini müşahidə etmək olur.

Əslində, Rusiyada media əsas üç sahəyə diqqət ayırır: prezidentə və daha məhdud miqyasda hökumətə; xaricdəki hərbi və diplomatik münaqişələrə; mövcud rejimə alternativlərin olmamasına. Bunlar son altı ildə Kremlin informasiya siyasətinin əsas sütunlarıdır”, – yazan müəllif Putinin prezidentliyinin ilk iki dönəmində medianın hökumətin sosial siyasətini can-başla müdafiə etdiyini yada salır. Krımın qanunsuz ilhaqıyla sosial siyasət gündəmdən itdi və bu ilhaq rejimi bir neçə il ayaqda saxlayan eyforiya yaratdı. Sosial məsələləri, əlverişsiz iqtisadi şəraiti gözardı edən Kremlin reytinqi yüksək olaraq qaldı. Artıq post-Krım eyforiyası bitib və əhali nəzərlərini televiziyadan soyuducuya yönəldib.

Vladimir Putin və Dmitry Medvedev
Vladimir Putin və Dmitry Medvedev

Rusiya hökumətinin mətbuata total nəzarət etməsinə inananlar hazırda ənənəvi medianın sosial məsələləri necə işıqlandırmasından təəccüblənərlər.Təqaüd yaşının artırılmasından tutmuş ƏDV-nin yüksəldilməsinə qədər – medianın bu haqda yazdıqları müxalifət lideri Alexei Navalny-nin bloq yazılarından, radikal solçuların vərəqələrindən elə də fərqlənmir”, – deyə müəllif yazır.

O, Kremlin ənənəvi medianın sosial məsələləri necə işıqlandırmasına nəzarət etməyə marağını itirdiyini qeyd edir. Digər tərəfdən, hökumət rəsmilərinin prioritetləri də dəyişib. Resurslar azaldıqca, hökumət rəsmiləri siyasi korrektlikdən əl çəkir. Onlar populyarlıq qazanmayan dəyişiklikləri sıravi rusiyalılara sırımağa çalışdıqca xalqın xidmətçisindən çox mühasib kimi görünürlər. Baş nazir Dmitry Medvedev-in “pul yoxdur, dözün” ifadəsi isə indi hökumətin müxtəlif səviyyələrində səslənməkdədir. Hakim Vahid Rusiya Partiyasından deputat Ekaterina Lakhova isə tövsiyə edib ki, rusiyalılar hökumətdən daha çox yardım ummaqdansa, “müharibə dietası”na otursunlar.

Dövlət Dumasının spikeri Vyacheslav Volodin pensiya yaşının artırılmasını müdafiə edib, deyib ki, işlər bir az da pisləşə bilər, yəni pensiyalar tamam ləğv oluna bilər.

Dünyada maaş artımı səngiyib

Ötən il dünyada maaş artımı 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb, yəni qlobal maliyyə böhranından əvvəlki səviyyədən də aşağıya. Bu haqda Beynəlxalq Əmək Təşkilatı (ILO) ötən həftə açıqladığı hesabatda söz açır.

Maaşlar üzrə gender fərqi
Maaşlar üzrə gender fərqi

Qlobal Maaş Hesabatı 2018/19 adlı hesabat üzə çıxarıb ki, 2017-ci ildə qlobal maaş artımı 1,8 faizə düşüb. 2016-cı ildə bu göstərici 2,4 faiz idi. Bu hesabat 136 ölkədən əldə olunmuş məlumatlara əsasən hazırlanıb.

Qabaqcıl Böyük 20-lik ölkələrində 2016-cı ildə maaş artımı 0,9, ötən il 0,4 faiz olub. Bunun əksinə olaraq, keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan Böyük 20-lik ölkələrində maaş artımı 2016-cı ildə 4,9, 2017-ci ildə 4,3 faiz olub.

Son 20 ildə Böyük 20-liyin keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrində orta real maaş demək olar üç dəfə artıb, qabaqcıl ölkələrdə isə 9 faiz yüksəlib. Ancaq bir çox az və ortagəlirli ölkələrdə maaş bərabərsizliyi yüksək olaraq qalır və çox vaxt maaşlar fəhlələrin və ailələrinin ehtiyaclarını ödəməyə yetmir.

Maaşlarda gender bərabərsizliyinin də qaldığı bildirilir. Məsələn, qadınlar kişilərdən təxminən 20 faiz az maaş alırlar.

Yüksək gəlirli ölkələrdə gender uçurumunun yüksəkmaaşlı, az və ortagəlirli ölkələrdə isə aşağı maaşlı işlərdə qabarıq göründüyü bildirilir.

XS
SM
MD
LG