Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Limitlə satılan yumurta - Media icmalı


Neft hasilatı
Neft hasilatı

«ABŞ qiymətin 50 dollara düşməsində maraqlıdır»

Musavat.com saytı REAL Partiyasının təmsilçisi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə dünya neft bazarının yaxın perspektivini müzakirə edir: «Ekspert: Neftin qiymətini 55-60 dollar arasında saxlamağa çalışacaqlar».

Bir neçə gün sonra - dekabrın 6-da Vyanada OPEK Nazirlər Şurasının 175-ci iclası keçiriləcək və toplantıda OPEK üzrə hasilatın azaldılması ilə bağlı qərar gözlənilir. Sayt yazır ki, bu məsələ neft ölkəsi kimi Azərbaycanın da marağındadır.

«Burada OPEK və qeyri-OPEK ölkələrinin, o cümlədən də Rusiyanın iştirakı ilə toplantı gözlənilir. OPEK-in idarə heyəti ilkin təklif kimi hasilatın gələn ildən başlayaraq, növbəti dəfə 1.3 milyon barel azaldılmasını təklif edir. OPEK ölkələrindən isə bu təkliflə bağlı hələlik ciddi reaksiya yoxdur», - Natiq Cəfərli bildirir.

Ekspert deyir ki, G-20 toplantısı çərçivəsində Rusiya prezidenti Putinlə Səudiyyə şahzadəsi görüşsələr də, bu sahədə hələlik ciddi razılığa gəlinmədiyi haqda məlumat verilib: «Əgər OPEC-in ən vacib ölkəsi Səudiyyə hasilatın azalmasına qol qoymasa, bu qərar çıxarılmayacaq».

N.Cəfərli xatırladır ki, ABŞ-ın hasilatın azaldılmasına yanaşması sərtdir, hətta NOPEK adlı qanun layihəsi də hazırlanıb, Ədliyyə Nazirliyindən keçib. Belə bir qanun qəbul olunarsa, Amerika məhkəmələrinin verdiyi qərarın təzminatını OPEK çərçivəsində ən çox onlar ödəməli olacaq.

Bu səbəbdən də iqtisadçı Vyanada kəskin qərar qəbul ediləcəyinə inanmır: «Hazırda «Brent» markalı neftin qiyməti 58 dollar civarındadır. Təxminən bu hədlərdə sabitləşdirməyə çalışacaqlar. Əsas hədəf kimi qiymətlərin qaldırılmasına yox, daha da aşağı düşməməsinə cəhd göstərəcəklər».

Azərbaycana gəlincə, N.Cəfərli burada hasilatın çox aşağı olduğunu və bunun azaldılmasının bazarlara ciddi təsir göstərməyəcəyini deyir. Ona görə iqtisadçı Azərbaycanın da OPEK-in verəcəyi qərarı gözləyəcəyini düşünür: «Çox güman, verilən qərarı dəstəkləyəcəyik, çünki Azərbaycanın qərarlara və dünya bazarına təsir etmə mexanizmi yoxdur».

N.Cəfərli düşünür ki, Vyana görüşündən sonra bazarda neftin qiymətini 55-60 dollar arasında saxlamağa çalışacaqlar, ABŞ isə qiymətlərin təqribən 50 dollara qədər aşağı düşməsində maraqlıdır.

Xurma
Xurma

Qiyməti 3 dəfə ucuzlaşan xurma istehsalı

«Azərbaycan» qəzeti xurma probleminə toxunur. Məqalə belə adlanır: «Xurma bol olsa da...».

Qəzetin əməkdaşı Ağdaşda fermerlərlə xurma ixracının nəticələri barədə söhbətləşir. Fermer Şahmalı Hərimov bu il məhsuldarlığın yüksək olduğunu desə də, satış qiymətlərinin, bunun nəticəsində qazancın azaldığını bildirir: «Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq, cari ildə isə qiymət orta hesabla 3 manatdır».

İstehsalçı ilə alıcı arasında vasitəçi olan Anar Abbasov qiymətin aşağı düşməsi barədə danışır: «Əgər səbəblərdən biri keçən il ilə müqayisədə bu il bağların daha çox məhsul verməsidirsə, digər amil məhsulun başlıca satış bazarı olan Rusiyada milli valyutanın ucuzlaşmasıdır. Üstəlik, gömrük rüsumunun artması da vəziyyətə təsirsiz ötüşməyib».

Kənd sakini Ayaz Abdullayev deyir ki, 2017-ci ildə xurmanın qiyməti münasib olduğundan bağ sahibləri bu il əvvəlki dövrlərlə müqayisədə ağaclara daha yaxşı qulluq göstəriblər: «Budama, suvarma, ağacların dibinin yumşaldılması, üzvi gübrə ilə təminat yüksək səviyyədə aparıldı, əvəzində məhsul ikiqat artdı, qiyməti isə ucuzlaşdı».

Məqalədə deyilir ki, cari ildə fermerlər tək xurma satışında deyil, başqa kənd təsərrüfatı məhsullarının satışında da belə problemlərlə üzləşiblər. Məsələn, bu il qiymət baxımından daha çox sarımsaq istehsalçıları ziyana düşüblər, tonlarla sarımsaq əllərdə qalıb.

Qəzet yazır ki, fermerlər bu problemlərin tezliklə həllini və topladıqları məhsulun münasib qiymətə satışının təmin olunmasını gözləyir. Və bu baxımdan, «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin üzərinə böyük vəzifələr düşür.

Yumurta
Yumurta

1 adama 20 yumurta

Modern.az saytında yumurta satışına toxunur: «Quşlar tələf olur, Bakıda yumurta limitlə satılır».

Yazıda sentyabrın sonlarından ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yarandığı deyilir. Rəsmilər təkzib etsələr də, məqalədə iddia olunur ki, Siyəzən və Hacıqabulun quşçuluq təsərrüfatlarında quşlar kütləvi tələf olur.

Sayt xatırladır ki, Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev hələ iki ay əvvəl bu qıtlığı gah paytaxta tələbələrin axını ilə, gah da yeni fərələrin az yumurtlaması ilə əlaqələndirdi, ötən günlərdə isə problemin tamamilə aradan qaldırıldığını söylədi.

Qida Təhlükəsizliyi Agentliyinin (QTA) modern.az-a cavabı da təxminən Respublika Quşçular Cəmiyyətinin mövqeyi ilə üst-üstə düşür: «Hazırda Azərbaycanın quş əti və yumurta istehsalı potensialı kifayət qədər yüksəkdir. Mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. Buna baxmayaraq, quş əti və yumurtaya olan tələbat ödənilir. Əhalinin quş əti və yumurta ilə təhlükəsiz təmin olunması məqsədilə QTA mütəmadi tədbirlər həyata keçirir. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib».

Sayt rəsmi açıqlamanı inandırıcı saymır və bildirir ki, modern.az əməkdaşının paytaxtın bir neçə iri marketində apardığı müşahidələr bunun tam əksini deməyə əsas verir.

Məqalə müəllifi qiymətlərin süni artımının aradan qaldırıldığnı deyərək sentyabr-oktyabr aylarında ədədi 20-22 qəpiyədək bahalaşan yumurtanın qiymətinin hazırda 17-19 qəpik civarında olduğunu bildirir: «Amma qıtlıq hələ də qalır, qıtlıq olmasaydı, rəsmi rəqəmlərdə daxili istehsalı 100 faizi keçən yumurta istehlakçıya limitlə satılmazdı».

Modern.az iddia edir ki, Qaraçuxur qəsəbəsində yerləşən «Xəzər» supermarketində 30 ədəd yumurta almaq istəyən alıcıya satıcı bunun mümkünsüz olduğunu bildirib: «Rəhbərliyin xüsusi göstərişi var, yumurta bir şəxsə yalnız 20 ədəd olmaqla satılır. Əvvəl hələ limit 10 idi, ölkədə yumurta yoxdur. Biz də çalışırıq ki, müraciət edən hər bir vətəndaşın tələbatını qismən də olsa, ödəyək. Narazılıqlar var, amma bunun həlli bizdən asılı deyil».

XS
SM
MD
LG