Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Sanksiyaların ‘vurduğu’ iranlılar – Qərb mediası


Tehranda sürücülərin etirazı, arxiv fotosu
Tehranda sürücülərin etirazı, arxiv fotosu

İranlı xanım Lamal Chinar-ın anasına ürək xəstəliyinin müalicəsinə dərman gərəkdir, özü isə qazancını xaricdən əldə edir. Deyir, qardaşının biznes vizası var deyə, Fransaya hər gedişində xeyli dərman alıb gətirir. “Bizim bəxtimiz gətirib. Amma çoxları xaricə gedə bilmir, axı. Onlar aptekləri gəzirlər, istədikləri dərmanları tapa bilmirlər. Çox ağırdır”, – o deyir.

“The Guardian” qəzetinin əməkdaşı Patrick Wintour Birləşmiş Ştatların sanksiyalarının sıravi iranlılara necə təsir göstərməsindən söz açır. Chinar Kanada üçün gördüyü proqramçılıqdan qazanır. Di gəl,heç bir beynəlxalq kommersiya bankı sanksiya altında olan İrana aid pula toxuna bilmir deyə, qadın pulunu almaq üçün qara bazara üz tutur, qazancını kiçik hissələrlə əldə edir.

Bizdə xərçəng xəstəliyi çox yayılıb, dünyada ən pis göstəricilər bizdədir, bir səbəb yeməklər, digər səbəb çirklənmədir. Benzin ucuzdur deyə, hamı maşın sürür”, – Zarha Talebi adlı həkim deyib.

Özümüz xeyli dərman istehsal edirik, amma qıtlıq da var. Adamlar daimi müayinədən keçmirlər, diaqnoz qoyulanda da dərman tapa bilmirik. Əziyyəti adi adamlar çəkir”, – o, sözlərinə əlavə edib.

İran hərbi qayığı
İran hərbi qayığı

Müəllif yazır ki, nəzəri olaraq, İranın dərman kimi humanitar məhsulları alması sanksiyalardan azaddır. 2015-ci ildə sanksiyalar qaldırılanadək də belə idi.

Sanksiyalar nəqliyyat şirkətlərinə də çətinliklər yaradır. Tehranda bir tibbi mənbənin iddiasına görə, DHL daha xərçəng xəstələrindən götürülmüş nümunələri xaricə aparmayacaq. Yeni ortaya çıxan hüquqi çətinliklər isə bəzi dərmanların getdikcə daha çətin tapılacağı deməkdir. Digər tərəfdən, rialın kəskin ucuzlaşması dərmanları bahalandırıb.

Çində avtomobillər hökumətlə necə ‘işləyir’

Çində Tesla avtomobilləri hökumətə maşının harda olması barədə informasiya göndərir. Həm də təkcə o deyil. Çin ölkədəki bütün elektrik avtomobil istehsalçılarını bu hesabatları göndərməyə çağırıb. “The Associated Press” yazır ki, bu, hökumətin əlindəki nəzarət alətlərindən birinə çevrilə bilər. Elə Prezident Xi Jinping-in də istədiyi texnologiya vasitəsilə Çin vətəndaşlarını izləməkdir.

Tesla-nın qurucusu Elon Musk Honq Konqda
Tesla-nın qurucusu Elon Musk Honq Konqda

Bu yaxınlarda Tesla avtomobili almış Shan məsələdən xəbəri olmadığını deyir. “Bu informasiya Teslaya gedə bilər, amma hökumətə niyə ötürülsün ki? Bu axı, gizlilik məsələsidir”, – o deyib.

Agentlik 200-dən artıq avtomobil istehsalçısının hökumətə maşınların yeri, digər informasiyanı ötürdüyünü aşkarlayıb. Bu, adətən, avtomobil sahiblərinin bilgisi olmadan edilir.

Şirkətlər yerli qanunlara əməl etdiklərini, bunun yalnız alternativ enerji maşınlarına aid olduğunu deyirlər. Çin rəsmilərinin iddiasına görə, bu məlumatlardan ictimai təhlükəsizliyin gücləndirilməsi, sənaye inkişafını, infrastruktur planlamasını asanlaşdırmaq üçün təhlillərdə istifadə olunur.

Amma bir məsələ var ki, elektron maşınlar üçün böyük bazarlar sayılan Birləşmiş Ştatlar, Yaponiya, Avropada bu cür informasiya toplanmır.

Tənqidçilərin fikrincə, Çində yığılan informasiyadan yalnız xarici avtomobil istehsalçılarının rəqabətli mövqeyinə zərbə vurmaq, həm də nəzarət məqsədilə istifadə oluna bilər.

Daha bir narahatlıq bu cür informasiya paylaşımının getdikcə daha çox şəxsi məlumatlara aid ola biləcəyi sarıdandır.

Dünyada istiləşmə gedir

Bu il dünyada uzunmüddətli istiləşmə tendensiyası davam edib, orta qlobal temperatur artıq dördüncü dəfədir rekord həddə yüksəlib. Son 22 ildə ən isti 20 il qeydə alınıb, son dörd il isə rekord dərəcədə isti keçib. Bunu Ümumdünya Meteorologiya Təşkilatı bildirib.

Kaliforniyada meşə yanğınından sonra
Kaliforniyada meşə yanğınından sonra

Hesabata görə, bu ilin ilk 10 ayı ərzində qlobal orta temperatur sənaye dövründən (1850-1900) əvvəlki səviyyədən 1 dərəcəyədək yüksək olub.

Bu arada həkimlər iqlim dəyişikliyinin əsrin “sağlamlığa ən böyük təhdidi” adlandırıb. Bu haqda “Reuters” agentliyi yazır.

Səhiyyə rəsmilərinin bildirməsinə görə, iqlim dəyişikliyindən dolayı istiliyin artması, havanın qeyri-sabit keçməsi “21-ci əsrin ən böyük sağlıq təhdidi”nə çevrilib. Son 20 ildə yüz milyonlarla adam bu dəyişikliklərdən əziyyət çəkib. Hesabat “The Lancet” tibb dərgisində dərc olunub.

Bu, məni gecənin bir aləmində yuxudan oyandıran məsələdir”, – “The Lancet Countdown” təşkilatının icraçı direktoru Nick Watts deyib.

Onun sözlərinə görə, tufanlar və daşqınlar təkcə birbaşa xəsarət törətmir, xəstəxanaların bağlanmasına, xəstəliklərin yayılmasına, davamlı zehni sağlıq problemlərinin ortaya çıxmasına səbəb olur. Meşə yanğınları isə adamları evindən didərgin salır, böyük ərazilərdə havanı çirkləndirir.

Məsələn, Kaliforniyada son meşə yanğınları quraqlıq nəticəsində baş verib, 80-dən çox adamın ölümünə səbəb olub, Massaçusetsə qədər ərazidə havanı çirkləndirib.

XS
SM
MD
LG