Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

'Minlərlə insanın pensiyasız qalmaq riski...'-Media icmalı


Bakıda qar
Bakıda qar

Azərbaycan-Avropa İttifaqı münasibətləri, pensiya ödənilməsindəki dəyişikliklər, Bakının qış qayğıları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bakının qayğıları...

«Yeni Müsavat» qəzetində «Qış qapıda: Bakının əsas problemi nədir?» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlər Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov paytaxt rayonlarının icra başçılarını, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərini toplayaraq müşavirə keçirib: «Müşavirədə bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlanır».

Yazıda qeyd edilib ki, Bakıda bu il qışın sərt keçəcəyi ilə bağlı proqnozlar var. Müəllif xatırladıb ki, hər il qış aylarında paytaxt ərazisində, əsasən, təbii qaz və yollarla bağlı problem yaşanır.

«Artıq indidən insanlar qazın zəif gəlməsindən şikayətlənirlər», - deyə yazıda bildirilir.

«Yeni Müsavat» qəzetinə danışan ekspert Nüsrət Qasımov deyib ki, bir il ərzində problemləri tam həll etmək mümkün deyil. Ekspertin sözlərinə görə, qərargah yaradılsa, tapşırıq verilsə belə, problemlər yenə yaşanacaq. N.Qasımov ölkədə xüsusilə qaz təsərrüfatının yeni olmamasının üzərində dayanaraq bir sıra problemlərdən bəhs edib. Ekspertə görə, su və elektrikin normal verilməməsi də qış aylarında Bakıda qaz probleminin yaşanmasına səbəb olur: «Ərazilər var ki, orada suyu müəyyən vaxt kəsiyində güclü verirlər. Həmin zaman da insanlar toplu şəkildə su qızdırıcılarından istifadə edirlər. Nəticə qaz kəmərlərinin ötürücülük qabiliyyətinin prosesə gücü çatmır. Ona görə də qaz, su və elektrikin verilməsindən də asılıdır. Elektrik zəifdirsə, açılmalar olursa, yük qazın üzərinə düşür...».

N.Qasımov deyib ki, Bakının əsas problemlərindən biri də kanalizasiya məsələsidir…

Pensiyaların verilməsi
Pensiyaların verilməsi

Pensiya verilməsində hansı yeniliklər olacaq

Oxu.az saytında «Yaşa görə pensiyaya düşən amnistiya nədir? – rəy» sərlövhəli yazı yer alır.

Yazıda vurğulanır ki, yaşa görə pensiyaya çıxmaqdan ötrü minimum staj tələbinin dəyişdirilməsi ilə bağlı qanunvericiliyə təklif edilən layihənin təfərrüatı məlum olub.

2016-cı ildə Azərbaycanda pensiya yaşı 65-ə qaldırılıb. Bu müddət mərhələli şəkildə tətbiq olunmalıdır. Kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq (əvvəl 63 idi) 2021-ci il yanvarın 1-dək, qadınlarda isə (əvvəl 60 idi) həmin tarixdən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılmalıdır.

Müəllif qeyd edib ki, bu yaşa çatmış şəxslər isə pensiya almaqdan ötrü iki tələbdən birinə cavab verməli idilər: Ya ən azı 25 il sığorta stajları olmalı, ya da şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının həcmi minimum pensiya (110 manat) almağa yetməli idi.

Yazıda vurğulanıb ki, bundan ötrü şəxsin pensiya kapitalının həcmi hazırkı dövrə 16743 manat olmalıdır.

İqtisadçı-ekspert Rövşən Ağayev sayta açıqlamasında deyib ki, reallıqda bu tələbi ödəyə bilmədiyindən minlərlə insanın pensiyasız qalmaq riski böyük idi və yeni dəyişiklik bu riski aradan qaldırmalıdır: «Yenilik odur ki, pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq, 2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürüləcək. Pensiya kapitalı isə əvvəlki əmsal-məbləğ əsasında hesablanacaq. Yəni 2006-cı ilin yanvarın 1-dək olan staj illərinin sayı 306 manata vurulacaq və bu, şəxsə 7650 manat pensiya kapitalı qazandıracaq».

İ.Əliyev və D.Tusk
İ.Əliyev və D.Tusk

Azərbaycanın əsas investor və ticarət tərəfdaşı

«Azərbaycan» qəzetində «Avropa İttifaqı Azərbaycanın əsas investoru və ticarət tərəfdaşıdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığı Avratlantik məkana inteqrasiya kontekstində inkişaf edir.

Yazıda iddia olunur ki, prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasət Aİ ölkələriylə bərabərhüquqlu münasibətlərin qurulmasına əsaslanır: «Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın geostrateji mövqeyi bu quruma üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını daha da artırıb… Respublikamız hələ 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti, nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir».

Müəllif hesab edir ki, bu il iyulun 11-də isə Brüsseldə prezident İ.Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında paraflanan «Tərəfdaşlıq prioritetləri» əlaqələrinin gələcək inkişafına yeni imkanlar açıb.

Müəllif xatırladır ki, hazırda Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Üstəlik, Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Aİ ölkələri üstünlük təşkil edir: ​«Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri ilə Azərbaycan arasında ticarət palataları fəaliyyətdədir. Azərbaycan Avropanın bir çox ölkələri ilə ikitərəfli iqtisadi münasibətlərini möhkəmləndirməkdə davam edir. Tez-tez keçirilən biznes forumları, biznes dialoqları da ticarət tərəfdaşlığının şaxələnməsinə real zəmin yaradır».

Yazıda habelə bildirilir ki, müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb.

XS
SM
MD
LG