Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Poroshenko NATO-dan kömək istəyir


Ukraynanın Mariupol şəhərində Rusiyaya etiraz aksiyası
Ukraynanın Mariupol şəhərində Rusiyaya etiraz aksiyası

Ukrayna Prezidenti Petro Poroshenko NATO-nu Ukraynanın qorunmasına kömək etməkdən ötrü Azov dənizinə gəmilər göndərməyə çağırıb. Qeyd edək ki, ötən bazar günü – noyabrın 25-də Rusiya ilhaq etdiyi Krım yaxınlığında Ukraynanın üç gəmisini və onların heyət üzvlərini ələ keçirib.

Almaniyanın “Bild” qəzetinin noyabrın 29-da yaydığı müsahibədə Poroshenko deyib ki, Avropa ölkələrinin fəal addımlar atacağına ümid edir. O, mümkün addımlar kimi Rusiyaya sanksiyaların, ona qarşı hərbi qorumanın gücləndirilməsini misal çəkib.

Bazar günü insidentindən sonra Qərb Ukraynaya dəstəyini şifahi şəkildə dilə gətirib.

“ALMANİYA ÖZÜNƏ SUAL VERMƏLİDİR”

Ümid edirik ki, NATO ölkələri Ukraynanı dəstəkləmək, təhükəsizliyini təmin etməkdən ötrü Azov dənizinə donanma gəmiləri göndərməyə hazırdır”, – deyən Poroshenko iddia edib ki, rusiyalı həmkarı Vladimir Putin özünü “Rusiyanın imperatoru”, Ukraynanı isə Rusiyanın “müstəmləkəsi” kimi görür.

Vladimir Putin (solda) və Petro Poroshenko
Vladimir Putin (solda) və Petro Poroshenko

Putinin anladığı yeganə dil Qərb dünyasının həmrəyliyidir. Rusiyanın təcavüzkar siyasətini qəbul edə bilmərik. Əvvəlcə Krıma, sonra Ukraynanın şərqinə hücum elədi, indi isə Azov dənizini istəyir”, – Ukrayna lideri vurğulayıb.

Azov dənizi Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım yarımadasını Ukrayna və Rusiya torpaqlarından ayırır. Mayda Rusiya Krımı Rusiyayla birləşdirən Kerç boğazı üzərindən körpü salıb və boğaza nəzarəti ələ alıb.

Kerç boğazı Azov dənizi və Qara dəniz arasında hərəkət edən gəmilər üçün yeganə marşrutdur. Ukraynanın Azov dənizində bir neçə limanı var. Qara dənizdə isə NATO gəmiləri keşik çəkir.

Ukrayna NATO-nun tərəfdaşıdır, amma üzvü deyil. NATO “Ukraynanın yanında durduğunu” bəyan edib, Rusiyanı saxladığı gəmiləri və heyət üzvlərini buraxmağa çağırıb.

Noyabrın 28-dən ölkənin bəzi regionlarında hərbi vəziyyət tətbiq etmiş Poroshenko deyib ki, Rusiyanın quruda Ukraynaya qarşı yeni hücum planlaşdırmasına əlində dəlil var və iddiasını əsaslandıran peyk şəkillərini NATO tərəfdaşlarına göstərib.

Almaniya da özünə sual verməlidir: Putinin qabağını kəsməsək, növbəti addımı nə olacaq?” – Ukrayna prezidenti “Bild”ə deyib.

SPİKER DƏ NATO-YA MÜRACİƏT EDİB

Rusiya 2014-cü ildən Ukraynanın şərqində hökumətlə savaşan separatçıları dəstəkləyir. Bu münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Andriy Parubiy
Andriy Parubiy

Bazar günü insidentinə qədər Rusiya ilə Ukrayna arasında birbaşa döyüş olmayıb. Həmin gün Rusiya tərəf Ukrayna gəmilərinə atəş açıb, altı dənizçi yaralanıb.

Ukrayna parlamentinin spikeri Andriy Parubiy da Poroshenko-ya qoşularaq NATO-dan qorumanı gücləndirməyi xahiş edib. O, noyabrın 27-də deyib ki, “NATO-nu Qara dənizdə təhlükəsizlik və sabitliyin təminatı kimi dəniz üzərində qüvvələrini, Qara dənizdə hərbi gəmilərinin sayını artırmağa çağırmışam”.

Avropa Birliyi isə, hələlik, Rusiyaya yeni sanksiyalar tətbiq etmək, yaxud mövcud sanksiyaları gücləndirməklə bağlı razılığa gələ bilməyib.

Polşa, Britaniya və AB-nin Baltik ölkələri daha çox sanksiya qoyulmasına çağırıblar. Amma üçgünlük müzakirələrdən sonra birlik üzvləri noyabrın 28-də bəyanat verməklə kifayətləniblər. Bəyanatda “gərginliyin təhlükəli səviyyədə artmasından” və Rusiyanın “qəbuledilməz” şəkildə gücdən istifadəsindən narahatlıq ifadə olunur.

***

Almaniya kansleri Angela Merkel deyir ki, həftəsonu Böyük 20-liyin sammitində Putinə gəmilərin və dənizçilərin buraxılması üçün təzyiq göstərəcək. Merkel Berlində Almaniya-Ukrayna iqtisadi forumunun açılış mərasimində çıxış edib.

Bu məsələni yalnız bir-birimizlə danışaraq həll edə bilərik, çünki bu münaqişələrin hərbi yolla həlli yoxdur”, – o deyib.

Kremlin sözçüsü Dmitry Peskov isə Poroshenko-nun xahişini tənqid edib, bunun “gərginliyi daha da artırmaq məqsədi güddüyünü”, Poroshenko-nun “seçki və daxili siyasi motivlərinə söykəndiyini” iddia edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG