Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:42

'Azərbaycanda vəzifəli şəxsdən müsahibə müşkülə çevrilib'-Media icmal


Mikrofonlar
Mikrofonlar

Xəzərin Azərbaycan sektorunda perspektivli hesab edilən karbohidrogen yataqlarının işlənməsi, repetitorluğun təhsilə təsiri, məmurların Azərbaycanda jurnalistlərdən qaçması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Məmurlar iclas zalına arxa qapıdan gəlib...»

«Yeni Müsavat» qəzetində «Məmurların media ilə ünsiyyətdən qaçmasının səbəbləri» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Azərbaycanda indi yüksəkvəzifəli şəxsdən müsahibə almaq müşkülə çevrilib. Yazıda vurğulanır ki, artıq bir neçə il bundan öncə ilə müqayisədə əksər nazirlər də bir elə mətbuat konfransı keçirmirlər: «Nadir hallarda jurnalistlərin suallarına cavab verirlər. «Yeni Müsavat» dəfələrlə müxtəlif nazirlərə, komitə sədrlərinə müraciət edərək, onları redaksiyanın studiyasına dəvət edib. Amma hər zaman rədd cavabı alıb, ən yaxşı halda isə komitənin mətbuat xidməti rəhbərlərini müsahibəyə göndəriblər».

Bunun səbəblərinə toxunan müəllif öncə qeyd edir ki, bəzən məmur illər öncə qəzetdə onun barəsində gedən tənqidi köşəni əsas götürüb həmin media orqanına embarqo qoyur. Yazıda habelə vurğulanır ki, bu mənzərənin yaranmasının əsas səbəbi isə əksər məmurların media qarşısına çıxmağa hazırlıqsız olmasıdır: «Onlar bir çox hallarda müsahibə verəndən sonra tənqidlərə tuş gəlirlər, verdikləri açıqlamalardakı boşluqlara görə tənqid olunurlar. Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamentə gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçmirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər».

Məktəb
Məktəb

«Valideynlərdə belə bir fikir formalaşıb ki...»

Azadliq.info saytında «Mingəçevir təhsilinin baş bəlası-repetitorluq» sərlövhəli yazı yer alır.

Müəllif Mingəçevir şəhərinin misalında repetitorluğun ailə büdcələrinə və təhsilin keyfiyyətinə təsirindən bəhs edir.

Yazıda iddia edilir ki, repetitorluq Azərbaycanın ən böyük şəhərlərindən olan Mingəçevirdə təhsilin baş bəlasına dönüb, şəhərin tam orta təhsil verən əksər məktəblərində 9-11 siniflər kağız üzərində fəaliyyət göstərir.

Müəllif habelə iddia edir ki, bəzi müəllimlər məktəbdə faktiki gün keçirir, təhsilin keyfiyyətsizliyini görən valideynlər əlavə imkanlardan – repetitorluqdan istifadə edirlər: «Valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıqsız ali məktəbə qəbul olmaq mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan əksər valideynlər artıq 9-cu sinifdən (bəzən daha tez) onu fərdi müəllim yanına göndərirlər».

Yazıda vurğulanır ki, repetitor yanına gedən şagirdlər dərslərə gəlmir, adları sinifdə ancaq qeyd edilir, yoxlama olduqda məktəbdə görünürlər, bu isə məktəb mühitini dağıdır.

Müəllifə görə, Mingəçevirdə orta məktəblərin verdiyi aşağı təhsil səviyyəsi repetitorluğa şans yaradır, əksər müəllimlər dərs dediyi şagirdləri fərdi şəkildə evdə təşkil etdiyi dərslərə cəlb edirlər.

Yazıda o da bildirilir ki, Mingəçevir kimi kasıb şəhərdə bir şagirdin 4-5 fəndən repetitor yanına getməsi valideynə 150 manata və daha baha başa gəlir: «Repetitorluğun qarşısının alınması üçün ilk növbədə məktəblərdə vaxtaşırı monitorinqlər təşkil edilməlidir. Şagird-müəllim münasibətləri elə qurulmalıdır ki, məktəbdə müəllim dərs deməyə, şagird isə öyrənməyə maraqlı olsun. Çünki normal dərs keçirilən məktəbdə oxuyan şagirdə heç bir repetitor lazım deyil».

T.Mey və İ.Əliyev
T.Mey və İ.Əliyev

Neft və qazla zəngin yataqların işlənməsi

«Azərbaycan» qəzetində «Enerji sahəsində əməkdaşlıq davam edir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, Xəzərin Azərbaycan sektorunda ümidverən, perspektivli hesab edilən karbohidrogen yataqları hələ çoxdur.

Müəllifin qeyd etməsinə görə, hazırda bir neçə perspektiv strukturda Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin əməliyyatçısı olan BP şirkəti (Böyük Britaniya) geoloji kəşfiyyat aparır: «Bu il aprelin 26-da SOCAR-ın və BP-nin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevin və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün Hasilatın Pay Bölgüsü Sazişini (HPBS) imzalayıblar... 25 illik müddəti əhatə edən HPBS-yə əsasən, tərəfdaş şirkətlər iştirak payını tən yarıya bölürlər, kəşfiyyat dövründə operator kimi BP çıxış edəcək».

Yazıda daha sonra Xəzrin Azərbaycana aid hissəsində başqa yataqların («Şəfəq-Asiman», «Dayazsulu Abşeron») işlənməsindən də bəhs edilir: «Xəzərdəki bu yataqlar neftmi, yoxsa qazmı verəcək? Mütəxəssislər müəyyən fikirlər söyləyirlər. Məsələn, onlar «Dayazsulu Abşeron»un neftlə, «Şəfəq-Asiman»ın isə qazla zəngin olacağını ehtimal edirlər…».

XS
SM
MD
LG