Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

‘Putin nəzarəti ələ alır’ – Qərb mediası


Romada Rusiyanın son hərəkətlərinə etiraz aksiyası, 28 noyabr, 2018-ci il
Romada Rusiyanın son hərəkətlərinə etiraz aksiyası, 28 noyabr, 2018-ci il

Moskvanın son təcavüzü, Ukrayna gəmilərini və dənizçilərini ələ keçirməsi açıq-aşkar göstərdi ki, Rusiya Prezidenti Vladimir Putini Ukraynayla qarşıdurmanı səngitməyə dilə tutmaq cəhdləri boşa gedib. Nə sanksiyalar, nə Almaniyanın liderliyi ilə “dialoq” Rusiya rəhbərinə elə bir təsir göstərib. “Politico” dərgisində Matthew Karnitschnig yazır ki, indi durum lap pisləşib: Putin həyasızlaşdıqca, Qərb daha da köməksiz görünür.

Tam səmimi olsaq, çox variantımız da yoxdur. Biz müharibə riskiylə üzbəüz qalmaq istəmirik, amma Putin artıq müharibə aparır. Bu da bizi zəif göstərir”, – Avropanın aparıcı rəsmisi deyib.

Müəllif Avropa liderlərinin hələ də dialoqun vacibliyindən dəm vurduğunu yazır, Almaniyanın Xarici işlər naziri Heiko Maas “hər iki tərəfdən de-eskalasiya”nın vacibliyindən danışır. Doğrudur, Maas Moskvanı blokadanı bitirməyə də çağırıb, ancaq sanki hər iki tərəf günahkarmış kimi danışıb.

Vladimir Putin
Vladimir Putin

“Kimsə Krımı Rusiyanın suveren ərazisi saymırsa, deməli Ukrayna gəmilərinin Rusiyanın ərazi sularına girdiyini söyləməyə də əsas yoxdur”, – yazan müəllif Putinin məqsədlərinə çatdığını, bazar günü baş verənlərin Azov dənizində nəzarəti ələ almağı hədəfləyən birillik strategiyanın kulminasiyası olduğunu qeyd edir. Hazırda Rusiya Avropanı fakt qarşısında qoyub, Fransa və Almaniya rəsmilər isə “Normandiya formatı”nda görüş keçirməyi təklif edir. Rusiya, Ukrayna, Fransa və Almaniyadan ibarət bur format illərdir Ukraynadakı münaqişəni bir tərəfə çıxara bilmir.

Putin hər şeyi nəzarətə aldığını sübut elədi”, – Almaniyadan bir rəsmi belə deyir.

Ukrayna demokratiyasına hərbi vəziyyət sınağı

“Foreign Policy” dərgisində Michael Colborne Ukraynanın bəzi regionlarında elan olunmuş hərbi vəziyyətin ölkə demokratiyası üçün bir sınaq olduğunu yazır.

Petro Poroshenko (öndə) və Müdafiə naziri Stepan Poltorak
Petro Poroshenko (öndə) və Müdafiə naziri Stepan Poltorak

Bəzi müşahidəçilər hərbi vəziyyətin Prezident Petro Poroshenko-ya sərfəli olduğunu düşünürlər. Axı, prezident seçkisinə dörd ay qalır və prezidentin reytinqi aşağıdır.

Poroshenko-nun hərbi vəziyyət elan etmək qərarı gözlənilməz addımdır, mövcud təhdidə adekvat deyil. Bu səbəbdən güman etməliyik ki, bu qərar durumdan sui-istifadəni, özünə ictimai dəstəyi gücləndirməyi hədəfləyir”, – Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzinin təhlilçiləri belə düşünürlər.

Ancaq parlament hərbi vəziyyəti 60 deyil, 30 günlüyə və Ukraynanın sərhəd bölgələrində elan etdi. “Rada prezidentə nəzarət funksiyasını yerinə yetirdi”, – London Kral Kollecində mühazirə deyən Alexander Clarkson belə deyir.

2014-cü ilin Avromeydan etirazlarında iştirak etmiş ukraynalı fəal Kateryna Kruk isə dərgiyə deyib ki, bazar ertəsi baş verənlər heç də güclü və dinamik demokratiya göstəricisi deyil, amma yenə də, azından, ukraynalı siyasətçilərin bir-birilə danışa bildiyini, güzəştə getdiyini, kompromis əldə etdiyini göstərir. “Parlamentin öz mövqeyini müdafiə etməsindən məmnunam”, – Kruk söyləyib.

Ancaq müəllif yazır ki, Verkhovna Radanın prezidentin səlahiyyətini balanslaşdıra bilməsini sərgiləməsinə baxmayaraq, müşahidəçilər hələ də bir məsələ üzərində baş sındırırlar – Poroshenko-nun real niyyətləri, hərbi vəziyyət, hətta miqyası məhdudlaşdırılsa belə, ölkəyə nə bəxş edəcək.

Doyunca yeməməyə son qoymaq mümkün olacaqmı

Dünyada aclıq səviyyəsi yüksəlir və 2030-cu ilədək pis qidalanmaya son qoymaq hədəfinə çatmağa ciddi təhlükə var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutu (IFPRI) noyabrın 28-də qlobal təşəbbüs başladıblar. Məqsəd dünyada Sıfır Aclıq səviyyəsinə yönəlik səyləri sürətləndirməkdir.

Yəmənli uşaq
Yəmənli uşaq

On illər boyunca pis qidalanan adamların sayının azalmasında ciddi irəliləyiş əldə olunmuşdu. Amma indi dünyada aclığın yenidən vüsət aldığı bildirilir. FAO və BMT-nin daha dörd agentliyinin bu yaxınlarda yaydığı hesabatda deyilirdi ki, planetimizdə 820 milyon nəfər doyunca yemir.

Afrika adambaşına görə dünyanın ən ac qitəsi sayılır. Aşıya-Sakit Okean regionunda isə doyunca yeməyənlərin sayı 500 milyon nəfərdir.

Bütün bunlar qlobal problemlə dərhal məşğul olmağın vacibliyini göstərir. Məsələn, Asiya-Sakit Okean regionunda dünyada yaxşı yeməyənlərin 60 faizindən çoxu yaşayır, 2030-cu ilədək Sıfır Aclıq səviyyəsinə nail olmaqdan ötrü bu regiondakı ölkələrin hər biri növbəti 12 il ərzində hər gün 110 min nəfərdən çox adamı aclıqdan xilas etməlidir.

Çində iqtisadi artım sayəsində milyonlarla adam aclıq və səfalətdən qurtula bilib. Braziliya və Efiopiya isə ərzaq sistemlərində dəyişiklik ediblər, aclıq təhlükəsini azaldıblar. Onlar buna kənd təsərrüfatı araşdırmalarına və inkişafına sərmayələr, sosial qoruma proqramları vasitəsilə nail olublar. 1980-ci illərdən başlayaraq, 20 ildən çox bir müddət ərzində Braziliyada bitkiçiliyin səviyyəsi 77 faiz yüksəlib.

XS
SM
MD
LG