Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Çin supergücə necə çevrilir – Qərb mediası


Pekində parkda mürgüləyən sakin, 22 noyabr, 2018-ci il
Pekində parkda mürgüləyən sakin, 22 noyabr, 2018-ci il

Pekin ticarət, diplomatiya və təhlükəsizlik şərtlərini yenidən çəkmək üçün ticari və hərbi gücünə əl atır, liberal demokratik düzənə meydan oxuyur. “The New York Times” qəzeti Çinin supergücə necə çevrilməsi barədə silsilə məqalələr dərc edir.

Qəzet Misirdə Çindən gətirilmiş tikinti fəhlələrinin 21 göydələn layihəsi üzərində işləməsindən yazır. Misir şirkətilə bağlanmış bu 3 milyard dollarlıq kontrakta maliyyəni Çin bankları ayırır. Qəzet yazır ki, Çinin əmək qüvvəsinin və səxavətinin Misir torpaqlarına daşınması Pekinin qlobal niyyətlərinin göstəricisidir.

Əsrlər boyu davam etmiş zəiflik və təcriddən sonra Çin liderləri alın yazısı saydıqlarını – Asiyada üstünlüyü və bütün planetin sayqısını geri almağa çalışırlar. Misirdə və başqa yerlərdə qurduğu işbirlikləri ilə Çin nəhəng iqtisadi imkanları hesabına geosiyasi nüfuzunu genişləndirir, investisiyalar qoymaqla vacib nəzarət nöqtələri olan hökumətlərin nazını çəkir”, – məqalədə deyilir.

Çinin Avropa və Şimali Amerikaya investisiyaları
Çinin Avropa və Şimali Amerikaya investisiyaları

Birləşmiş Ştatların ənənəvi müttəfiqi olan Çin Süveyş Kanalına nəzarət edir. Bu kritik gəmi yoluna çıxışın əngəllənməsi Çinin qlobal hərəkətinə maneənin yaradılması deməkdir. Yəni, yuxarıda sözügedən layihə vasitəsilə Çin Misir Prezidenti Abdel Fattah el-Sisi-nin gözünə xoş görünür. Digər tərəfdən də Sisinin böyük planlarının Pekinlə dost münasibətlərindən asılı olmasıtəəssüratı yaranır.

Manafort səfirlikdə Assange ilə gizli görüşdüyünü danır

ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş meneceri Paul Manafort Londondakı Ekvador səfirliyində Julian Assange ilə gizli danışıqlar aparıb. “The Guardian” qəzeti Manafortun Trump-ın kampaniyasına qoşulan dönəmdə də “WikiLeaks” saytının yaradıcısına baş çəkdiyini yazır.

Mənbələrin qəzetə deməsinə görə, Manafort 2013, 2015 və 2016-cı ildə Assange ilə görüşə gedib. O, Trump Ağ evdəki baş post uğrunda kampaniya aparan zamanı aparıcı fiqur sayılırdı.

Paul Manafort (solda) vəkili Richard Westling ilə məhkəmədə
Paul Manafort (solda) vəkili Richard Westling ilə məhkəmədə

Manafort isə bəyanat yayaraq Assange ilə görüşmədiyini bildirib. “Mən Julian Assange, yaxud onunla əlaqəli heç kəslə görüşməmişəm. WikiLeaks-ə bağlı heç kəs heç vaxt mənimlə nə birbaşa, nə də dolayısı ilə əlaqə saxlayıb”, – o, bəyanatında yazıb.

“Th Guardian” Manafortun Assange ilə niyə görüşmək istəməsinin səbəbinin bəlli olmadığını bildirir. Amma qəzet yazır ki, bu görüşün xüsusi prokuror Robert Mueller-i maraqlandıracağı şəksizdir. Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın əlbirlik iddialarını araşdırır.

Yaxşı informasiyalı mənbənin qəzetə deməsinə görə, Manafort 2016-cı ilin martında Assange ilə görüşə gedib. Bir neçə ay sonra WikiLeaks Demokrat partiyasının Rusiya kəşfiyyatçıları tərəfindən oğurlanmış emaillərini yayıb.

69 yaşlı Manafort bu haker hücumuyla bağlılığı olmadığını, iddianın “100% saxta” olduğunu bildirib. Vəkilləri də qəzetin suallarını cavablandırmaqdan imtina edib.

WikiLeaks bir neçə tvit yayaraq Assange ilə Manafortun görüşmədiyini bildirib. Assange isə bu əhvalatı uydurma adlandırıb.

Manafort bu il həbs olunub. Onun Mueller-in istintaqında əsas şahid olacağı gözlənirdi. Amma Mueller bazar ertəsi bildirib ki, Manafort dəfələrlə Federal Təhqiqat Bürosuna yalan danışıb, baxmayaraq ki, iki ya öncə əməkdaşlıq edəcəyi ilə bağlı razılaşma əldə olunmuşdu.

Qeyd edək ki, Trump-ın seçkidəki rəqibi Hillary Clinton uduzmasının bir səbəbi kimi həmin emaillərin yayılmasını göstərmişdi.

Şəhər uşağı olmaq

Dünyada şəhər əhalisinin sayı hər gün 220 min nəfər, yaxud ildə 80 milyon nəfər artır. Təxminən 10 il öncə dünya rəsmən əsasən şəhərləşmiş bir planetə çevrildi. Urbanizasiya insan inkişafında böyük rol oynayıb, uşaqların sağ qalması, inkişafında ciddi uğur əldə olunub. BMT-nin uşaq fondu olan UNICEF-in bu günlərdə açıqladığı hesabatda deyilir ki, şəhərdə doğulan uşaqlar kənddə yaşayan həmyaşıdları ilə müqayisədə tibbi xidmətə və təhsilə, su və sanitariyaya, enerji xidmətlərinə daha yaxşı çıxış əldə edirlər.

Bakı, arxiv fotosu
Bakı, arxiv fotosu

“Şəhərdə yaşamağın üstünlüyü” o deməkdir ki, şəhərdə ailələr daha çox qazanır, daha yaxşı infrastrukturdan faydalanır, daha yaxşı təhsil alır, əsas xidmətlərlə daha yaxın yaşayırlar.

Amma dərindən baxanda bəlli olur ki, şəhər uşaqlarının heç də hamısı bu imtiyazlardan bərabər faydalana bilmir və uşaqlar üçün şəhərdə yaşamağın üstünlüyü anlayışı həddindən artıq ümumiləşdirmədir. Məsələn, şəhərlə bağlı bir çox imtiyazlar, əslində, ailənin nə qədər imkanlı olmasına bağlıdır. Şəhərdəki yoxsul uşaqlar hətta kənd yerlərindəki həmyaşıdlarından da pis vəziyyətdə yaşayırlar.

Şəhər həyatının paradoksu ondadır ki, ortalama götürəndə şəhər sakinləri xidmətlərə və imkanlara daha yaxşı çıxış əldə edirlər, amma şəhər əhalisinin böyük bir hissəsi bu anlamda geri qalır. Məsələn, hər dörd ölkədən birində ən yoxsul şəhər uşağının beş yaşına çatmadan ölməsi ehtimalı kənddəki həmyaşıdına nisbətən daha yüksəkdir. Hər 6 ölkədən birində isə ən yoxsul şəhər uşağı kənd yerlərindəki həmyaşıdları ilə müqayisədə ibtidai məktəbi bitirə bilmir.

Hesabatda əvvəllər kənd fenomeni olan yoxsulluğun da getdikcə şəhərləşməyə məruz qaldığı vurğulanır.

XS
SM
MD
LG