Kənd təsərrüfatında vəziyyət, Vergi Məcəlləsinə dəyişikliklər, quş əti, yumurta istehsalında problemlər və başqa məsələlər medianın aparıcı mövzularındandır…
Toyuq əti və yumurta qıtlığı
Musavat.com saytında «Bu problem həll edilməsə, növbəti 5 ildə toyuq ətinin idxalı 50%-ə çata bilər» sərlövhəli yazı oxumaq olar.
Müəllif ölkənin quş əti və yumurta ilə təminatında mövcud vəziyyəti dəyərləndirir. Yazıda iddia edilir ki, Azərbaycanda diri quşların daşınması dayandırılmasa, növbəti 5 ildə quş əti və yumurta istehlakında idxaldan asılılıq 50%-ə çata bilər.
Müəllif vurğulayıb ki, bunun səbəbi isə xəstəliklərdən ölkədəki orta və iri təsərrüfatlarda quşların tələf olması və həmin təsərrüfatların zərərlə işləməsidir: «Quş əti təsərrüfatlarının istehsal gücünün artırılması, yeni sahələrin qurulması barədə müntəzəm məlumatlara baxmayaraq, quş əti və yumurtanın çatışmazlığı bazarda tez-tez hiss edilir».
Müəllifin iddiasına görə, hər il sentyabrın sonlarından başlayan köçəri quşların miqrasiyası xəstəliklərin, xüsusilə, quşlar arasında hava-damcı infeksiyalarının baş qaldırdığı dövrdür.
Üstəlik, yazıda əlaqədar dövlət qurumlarının «quş qripi» xəstəliyi ilə bağlı apardıqları monitorinqlərində vəziyyətin sabit olması barədə deyilənlərə də toxunulur. Müəllifin vurğulamasına görə, belə nəticələr quşçuluq müəssisələrinə, quş saxlayan fermerlərə və təsərrüfatlara təsəlli vermir.
Müəllif yazır ki, naməlum səbəblərdən dövri olaraq satış yerlərində quş əti, yumurta «yoxa çıxır», nəticədə bahalaşma baş verir: «Qıtlıq və onun aradan qalxdığı müddət naməlum səbəbdən deyil, məhz xəstəlik nəticəsində baş verən kütləvi tələfolmaya işarədir. Əks halda, bu qədər istehsal gücü müqabilində belə qıtlıq yaranmazdı».
Müəllif sonda da yazıb: «Əhalinin qiymətcə daha sərfəli olan quş əti və yumurta ilə müntəzəm təmini üçün diri quşların ölkə ərazisində daşınması və satışı dayandırılmalıdır. Təzə quş əti satmaq istəyənlər quşu yerində kəsib, təmizləyib sonra bazarlara və ticarət nöqtələrinə çatdıra bilərlər. Bu addım bizi və istehsalçıları həm xəstəliklərdən qoruyar, həm də idxaldan asılılıqdan».
Vergi Məcəlləsi ətrafında müzakirələr
Oxu.az saytında «Deputat: ƏDV-nin faizi çox yüksəkdir» sərlövhəli yazı yer alır.
Deputat Vahid Əhmədov parlamentin son plenar iclasında deyib ki, Vergi Məcəlləsinə dəyişikliklər mühüm əhəmiyyət daşıyır. Amma o, «qeyri-dövlət sektoru» ifadəsinə yenidən baxmağı tövsiyə edir: «Hansı qurumlar bura daxil olacaq? Bəzi təşkilatlar var ki, səhmlərinin bir qismi dövlətə, bir hissəsi fərdi şəxslərə məxsusdur. Qeyri-dövlət məsələsi qanunda açıq göstərilməlidir. Bununla yanaşı, Azərbaycanda elə satış mərkəzi var ki, sənəd vermir. Sahibkar işinin getməsi üçün alış-veriş etməlidir».
Eyni zamanda deputat hesab edir ki, hazırda Əlavə Dəyər Vergisi (ƏDV) faizi çox yüksəkdir və bütün məhsullara 18 faiz vergi tətbiq edilməsinin fəlsəfəsi aydın deyil.
Başqa bir deputat Çingiz Qənizadə isə deyib ki, vergi sahəsində islahatlar davam etməlidir: «Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun…».
Kənd təsərrüfatında vəziyyət
«Azərbaycan» qəzetində «Kəndlinin xərcini-qazancını sayan vaxtıdır» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, ölkənin ümumi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar nəticəsini verir: «Qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında icra edilən islahatlar yüksək göstəricilərlə fərqlənir ki, bu da həm daxili tələbatın ödənilməsində, həm də ixracda özünü göstərir».
Yazıda bildirilir ki, payız kəndlinin nə qazanıb-nə itirdiyinin hesabatını apardığı fəsildir. Müəllif Dövlət Statistika Komitəsinə istinadən vurğulayıb ki, bu il aqrar sektorda bol məhsul istehsal olunub və bu hesaba kəndli yaxşı qazanc əldə edib: «Cari ilin yanvar-oktyabr aylarında istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 6 milyard 203 milyon manatdan çoxdur. Bunun 3 milyard 135.1 milyon manatı heyvandarlıq, 3 milyard 68.7 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 5, o cümlədən heyvandarlıq məhsulları üzrə 2.6, bitkiçilik məhsulları üzrə 7.4 faiz artıb».
Yazının sonunda isə müəllif heyvandarlıq və baramaçılıqdan bəhs edir: «Bu sahə üzrə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə diri çəkidə ət istehsalı 3.1, süd istehsalı 2.2 faiz artıb. Baramaçılıqda isə ən yüksək rekord qeydə alınıb. Belə ki, hesabat dövründə 514 ton barama istehsal olunaraq son 20 ilin ən yüksək göstəricisi əldə edilib».