Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Putin Azov dənizində qorxulu oyun oynayır – Qərb mediası


Rusiya təyyarəsi Krım körpüsü üzərində uçur
Rusiya təyyarəsi Krım körpüsü üzərində uçur

Rusiya Kerç boğazını yenidən açıb, amma Ukrayna ilə son toqquşma Moskvanın geosiyasi xəritəni yenidən çəkməkdən ötrü qeyri-ənənəvi, qismən qeyri-hərbi və bəzən də ölümcül olmayan yollara əl atmaq kimi daim artan iştahının daha bir göstərisidir. Bu strategiya nəticəsində Putinin düşmənləri özəlliklə də Ukrayna sərhədləri boyunca sonsuz müharibəyə sürüklənib, NATO üzvləri isə bunu önləməyə çalışırlar”. “Reuters” agentliyinin köşə yazarı Peter Apps bazar günü Qara dənizdə Rusiyayla Ukrayna arasında yaşanmış insidentdən söz açır.

Həmin gün Moskva Ukrayna gəmilərinin Azov dənizinə girişini önləyib, üç gəmini və dənizçiləri ələ keçirib. Rusiya isə Ukraynanı provokasiyada ittiham edir.

Ukrayna və onun Qərbdəki müttəfiqləri indi buna necə reaksiya verməyi qərarlaşdırmalıdırlar. Əks halda bu, Rusiyaya zəiflik kimi görünəcək və onu daha artıq təcavüzə meylləndirəcək. Amma heç bir tərəf idarə edə bilməyəcəyi münaqişə istəmir – bu, daha çox şahmat oyununa bənzəyir, amma canlı sursat, gəmilər, təyyarələr və insanlarla oynanılır”, – müəllif vurğulayır.

Ukrayna, siyasi karikatura
Ukrayna, siyasi karikatura

Belə qarşıdurmalar Cənubi Çin dənizində olduğu kimi qansız da keçə bilər, Ukraynanın Donbas regionu, yaxud Yaxın Şərqdəki Suriya və Yəmən müharibələri kimi qanlı-qadalı da. Müəllif oxşar qarşıdurmaların getdikcə artdığını, ticarətdən tutmuş insan haqlarınadək bir sıra məsələlər üzrə gərginliklərdən daha da alovlandığını qeyd edir.

“Krımın ilhaqından bəri Qərbin hərbi yardımını artırmasına baxmayaraq, Ukrayna NATO-dan kənarda qalıb, yəni Qərb ölkələrinin hərəkətə keçmək kimi bir saziş öhdəliyi yoxdur. Amma Avropa ölkələri, eləcə də Birləşmiş Ştatların milli təhlükəsizlik icmasında çoxları Qərbdən birbaşa dəstək, təlim, silah yardımı görmək istərdi. ABŞ və NATO-nun digər üzləri Qara Dənizdə iştiraklarını artıra da bilərlər... Qərb belə addım atarsa, Rusiya daha da qəzəblənə bilər, ancaq indi qaçılmaz görünən əlavə sanksiyalar Moskvanı hərəkətlərinə görə cəzalandırmış olar. Bu insidentdən sonra NATO da yəqin Şərq Avropada müdafiəsini möhkəmləndirə bilər”, – müəllif yazır.

Rusiya dövləti necə idarə olunur

Vladimir Putin 2000-ci ildə hakimiyyətə gələndə Rusiyayla bağlı həm ölkəiçi, həm də kənarda səslənən təhlillər rejimin iki əsas yozumuna söykənirdi. Birinci arqument bu idi, Rusiya mafiya dövlətidir və hakim elitanın əsas məqsədi ölkədən pul oğurlayaraq xaricdə gizlətmək, yaxud xərcləməkdir. İkinci cəbhə isə iddia edirdi ki, Putin öz populyarlığının girovudur və Rusiyada atılan hər bir addım onun reytinqini yüksəltməyi hədəfləyir. “Karnegi” fondunun saytında Alexander Baunov yazır ki, bu izahlar reallıqla kökündən ziddiyyət təşkil edir. Müəllifin fikrincə, Kremlin motivlərini anlamaqdan ötrü onun özünün bu miflərш necə dağıtdığını görmək lazımdır.

Vladimir Putin
Vladimir Putin

Düzdür, Kremllə işləyənlər arasında korrupsiya geniş yayılıb. Onlar ölkənin idarə olunmasından qazanır, qazanclarını ofşor banklarda və Londonun əmlak bazarında yerləşdirir, övladlarını Qərb məktəblərində oxumağa göndərirlər. Lakin müəllif yazır ki, Rusiya elitası doğrudan da öz rifahını düşünən mafiya ölkəsi olsaydı, xaricdəki investisiya və xərcləmələrinə zərbə vuracaq addım atmazdı. Di gəl, Rusiya elitası Putinin xarici siyasət macəralarına, özəlliklə də Krımın ilhaqına dəstək verib, sonucda isə bu addım acı sanksiyalara yol açıb.

Və əlbəttə ki, Putin bir çox siyasətçilər kimi öz populyarlığını düşünür. Elə Krımın ilhaqında əsas məqsədlərdən biri də onun düşməkdə olan reytinqini qaldırmaq idi. Amma son hadisələr göstərdi ki, prezident təkcə populyarlığını düşünmür. İyulda parlament pensiya yaşının artırılmasına səs verdi və bu, ölkədə narazılığa yol açdı. Rəy sorğuları rusiyalıların 90 faizinin bu addımlara qarşı çıxdığını üzə çıxarıb. Ancaq Kreml islahatı gerçəkləşdirməkdə israrlıdır. Və bu, Putinin ölkədə xoş qarşılanmayan ilk addımı deyil. Bəzi vergilərin tətbiqi də etirazlar doğurmuşdu.

Bəs onda Rusiya rejimi bu risklərə niyə gedir? “Çünki Rusiya Filippin, yaxud Qvatemala deyil. Rusiya elitasının qlobal ambisiyaları var. Cənab Putin və yaxınları inanırlar ki, Rusiya bütün dünyaya iqtisadi, hərbi və siyasi gücünü sərgiləməlidir”, – müəllif yazır.

Hətta ölkəiçi məsələlərdə belə cənab Putin və müttəfiqləri Rusiyanın dünyadakı yerini saxlamağa çalışırlar. Rusiyada pensiya yaşı bir çox inkişaf etmiş ölkələrdən aşağıdır və bu sistemə xərclənən məbləğin gələcəkdə şişəcəyi gözlənir. Hökumət bunu iqtisadiyyata yük hesab etdiyindən islahatlar aparmaqda qərarlıdır – rusiyalıların çoxunun xoşuna gəlməsə belə”, – məqalədə vurğulanır.

Ukraynanın korrupsiyaya qarşı islahatları işləyirmi?

2014-cü ildən başlayaraq Ukrayna dövlət strukturlarında korrupsiyanın kökünü kəsməkdən ötrü ciddi islahatlara başlayıb. “Chatham House” beyin mərkəzi qeyd edir ki, indiyədək korrupsiya imkanlarının məhdudlaşdırılması yönündə daha çox iş görülüb, nəinki korrupsioner məmurların məsuliyyəti cəlb edilməsində.

Naftogaz qarşısında fəalların aksiyası
Naftogaz qarşısında fəalların aksiyası

Bu ölkədə korrupsiya zəif idarəçilik sisteminin simptomudur, onun səbəbi deyil. Burada qəti dönüşdən ötrü siyasi sistem daha çox oyunçunun üzünə açılmalıdır, daha böyük rəqabət yaradılmalıdır, hüququn aliliyini təmin edəcək etibarlı qurumlar yaradılmalıdır.

Qurum korrupsiyayla mübarizə sahəsindəki uğurları da sadalayır. Məsələn, Naftogaz təmizlənib, administrativ xidmətlər, bank sektorunda, post patrul xidmətində, vergiqoymada islahatlar aparılıb. Mərkəzsizləşdirmə vətəndaşlara yeni imkanlar yaradır ki, yerli hakimiyyətlərdən dövlət resurslarının idarəsinə görə hesab soruşsun.

Di gəl, gömrük, dövlət nəzarətinin ləğvi, özəlləşdirmə, monopoliyaların aradan qaldırılması, dövlət administrasiyasında islahatlar kimi prioritet sahələrdə proqres yoxdur. Müdafiə xərcləri özəlliklə qaranlıq qalır. Enerji sektorunun bəzi hissələrindəki korrupsiya mexanizminə toxunulmayıb. Dövlət xidmətində radikal dəyişikliklər gərəkdir.

Beyin mərkəzi hüquq-mühafizə orqanlarında islahatların da ləng getdiyini, bəlkə də heç getmədiyini vurğulayır. Hələ ədliyyə sistemindəki islahatların məhkəmələrin işini təkmilləşdirəcəyini söyləmək olmaz, çünki bu sistemdə korrupsiya mədəniyyətinin kökləri lap dərinə işləyib.

XS
SM
MD
LG