Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

'Bu, hələ son qiymət deyil'- Media icmalı


Dollar

Kapital qoyuluşu, Milli Məclisdə büdcə müzakirələri, problemli kreditlərin yaranmasında xarici valyutanın payı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Problemli kreditlərdə dollar amili

«Yeni Müsavat» qəzetində «Azərbaycanda bank borcları ifrat həddə» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanda problemli kreditlərin (1.8 milyard manata yaxın-r) yaranmasının səbəbləri ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla söhbət edib.

Yazıda bildirilir ki, qaytarılmasında çətinliklər yaşanan kreditlərin həcmi ümumi kredit portfelinin 15 faizinə çatır, bu isə dünya üzrə qəbul edilmiş 6 faizlik göstəricini az qala 3 dəfə üstələmək deməkdir.

Müəllif vurğulayıb ki, Azərbaycanda kredit faizləri həmişə yüksək olub, buna görə də istər əhalinin, istərsə də sahibkarların belə borclanmaya getməsinin səbəbləri maraq doğurur. Ə.Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: «Düşünmürəm ki, ümumi kreditləşmənin adambaşına düşən həcminə görə, tutalım ki, Gürcüstandan öndəyik. Lakin bizdə problemli kreditlərin həcmi yüksəkdir ki, bunun da bir neçə mühüm səbəbi var».

Ekspertə görə, əsas səbəblərdən biri xarici valyutada olan kreditlərin həcminin böyük olmasıdır: «Heç bir ölkədə xarici valyutada bu qədər kredit verilməyib...».

Ə.Həsənovun sözlərinə görə, bu ondan irəli gəlib ki, ölkə bankları neft gəlirlərinin yüksək olduğu illərdə xaricdən 5-8 faizlə dollarla vəsaitlər cəlb ediblər: «Banklar buna məcburən gedirdilər, yerli valyutada cəlb olunan əmanətlər kredit tələbatını ödəmirdi. Mərkəzi Bankdan isə kredit götürmək bankların böyük əksəriyyəti üçün əlçatmaz idi. İndinin özündə də cəmi bir neçə bank Mərkəzi Bankın vəsaitlərindən faydalana bilir...».

V.Əhmədov
V.Əhmədov

Deputatlar neftin qiymətindən danışırlar

Bakipost.az saytında «Parlamentdə neftin qiyməti yenə müzakirəyə çıxarılır: «Yeni qanun büdcəni riskdən qoruyacaq» - Millət vəkilləri» sərlövhəli yazı yer alır.

Müəllif son vaxtlar dünya neft bazarında qiymətlərin kəskin düşməsi və bunun «qara qızıl» ölkəsi kimi Azərbaycana mümkün təsirlərini deputatlarla müzakirə edib.

Müəllif xatırladır ki, 2019-cu il Azərbaycanın dövlət büdcəsi layihəsində «qara qızıl»ın bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələ büdcə parlamentdə qəbul edilməmiş artıq onun qiyməti nəzərdə tutulan hədd - 60 dollar ətrafında dəyişmə başlayıb.

Deputat Vahid Əhmədov sayta açıqlamasında deyib ki, əvvəllər neftin qiyməti birjalarda müəyyənləşirdi, indi isə siyasi kabinetlərdə müəyyən olunur: «Son zamanlar Səudiyyə Ərəbistanı neft hasilatını və ixracını kifayət qədər artırıb. Çünki ABŞ və Səudiyyə Ərəbistanı arasında müəyyən danışıqlar aparıldı. İki dövlət başçısı qərar verdi ki, neftin hasilatı və ixracı artırılsın».

Büdcə layihəsində neftin bir barelinin qiymətinin 60 dollar götürüldüyünü, layihənin isə noyabrın 27-də və 30-da müzakirə olunacağını deyən deputat qeyd edilən rəqəmi son qərar saymır. O, parlament müzakirələrində «qara qızıl»ın qiyməti məsələsinə bir daha toxunulacağını bildirir.

V.Əhmədov vurğulayıb ki, neftin qiyməti Azərbaycanın ümumi gəlirlərinə təsir edəcək, amma büdcəyə təsiri olmayacaq.

Başqa bir deputat Aydın Hüseynov da qeyd edib ki, gələn ilin büdcə layihəsində bütün risklər nəzərə alınıb: «Büdcə layihəsində gələcəkdə neftin qiymətində hansısa dəyişikliklər olarsa, bunların hamısı hesablanıb və nəzərə alınıb. Digər tərəfdən, neftin qiyməti bir-iki gün büdcədə nəzərdə tutulduğundan aşağı düşürsə, bu, neftin qiymətinin gələn il elə belə də olacağı anlamına gəlmir. Bir neçə müddətdən sonra neftin qiyməti 70 dollara da qalxa bilər. Ona görə də hələ tələsmək lazım deyil».

İ.Əliyev Bakıda orta məktəbdə
İ.Əliyev Bakıda orta məktəbdə

Kapital qoyuluşu

«Azərbaycan» qəzetində «Kapital qoyuluşunun artımı iqtisadi inkişafı təmin edən islahatların ilkin şərtidir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir ölkənin sosial-iqtisadi inkişafı vaxtında və aydın məqsədlərə hədəflənən islahatlardan keçir, onun nəticə verməsində isə kapital qoyuluşunun böyük önəmi var.

Yazıda vurğulanır ki, Azərbaycanda «əsrin müqaviləsi» çərçivəsində neft sənayesinə böyük sərmayələr yatırılıb: «Bunun sayəsində Azərbaycan iqtisadiyyatı durğunluqdan canlanmaya doğru sürətlə addımlamağa başlamışdır. 1997-ci ilin payızında həmin müqavilə çərçivəsində ilk neft hasil olunmaqla ölkəmiz böyük məbləğdə gəlir əldə etməyə imkan qazanmışdır».

Müəllif Dövlət Statistika Komitəsinin (DSK) göstəricilərinə istinadən yazır ki, 2018-ci ildə sənaye sahəsində istehsal edilən mal və göstərilən xidmətlərin həcmi 1.5 faiz artaraq 40 milyard manat olub. Sənayenin qeyri-neft sektorunda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb. Yanvar-oktyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 482.7 milyon manat vəsait qoyulub. Bu dövrdə sərmayə qoyuluşu ümumən azalsa da, müəllifin də qeyd etdiyi kimi, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 16.7 faiz artıb.

Yazının sonunda da oxuyuruq: «10 ay ərzində Azərbaycanda, xüsusən regionlarda müxtəlif təyinatlı çoxsaylı müəssisələr tikilib istifadəyə verilib, eləcə də yeni yollar çəkilib, körpülər salınıb, təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri inşa olunub».

XS
SM
MD
LG