Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Allahşükür Paşazadə: 'Abel Məhərrəmovla dostam'


Neftin qiyməti
Neftin qiyməti

Azərbaycanda multikultural dəyərlər, neftin qiymətində kritik hədd, Abel Məhərrəmovun Bakı Dövlət Universitetinin rektorluğundan çıxarılması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Neftin qiymətində kritik hədd»

Bakupost.az saytında «Manat üçün devalvasiya təhlükəsi varmı? –Neftin qiymətində 50 dollar kritik həddir» sərlövhəli yazı oxumaq olar.

Müəllif son aylar dünya bazarında neftin qiymətinin ciddi dəyər itirməsini və bunun neft ölkəsi kimi Azərbaycana mümkün təsirlərini iqtisadçı-ekspert Rövşən Ağayevlə müzakirə edib.

R.Ağayev hesab edir ki, neftin bir barelinin qiyməti 50 dollara enərsə, bu, Azərbaycandan ötrü bir siqnal olacaq: «Çünki tədiyyə balansının tənzimlənməsinə problem yaranır. Yəni, ölkəyə valyuta gəlişinin valyuta gedişindən az olması mərhələsi başlayır... Neftin qiyməti sürətlə 40-35 dollara düşsə, çox ciddi problemlər yaranacaq. Ancaq hökumətin sərəncamında ehtiyatlar var...».

Ekspert deyib ki, hətta neftin bir barelı 30 dollara düşsə belə, onun qiymətinin yenə yüksələ biləcəyini düşünərək hökumət 2-3 ay gözləmə mövqeyi tuta bilər. R.Ağayevin fikrincə, hətta tezliklə neft 30 dollara düşsə də, hökumətin dərhal devalvasiyaya gedəcəyinə inanmır. Amma o hesab edir ki, «qara qızıl»ın bir bareli uzun müddət 50 dollardan az, xüsusən 40 dollar və ondan az olarsa, o zaman Azərbaycan manatının sabitliyinə ciddi problemlər yaranacaq.

Ekspert düşünür ki, neftin dəyər itirməsi manata Rusiya, Türkiyə və İran valyutalarının ucuzlaşması ilə müqayisədə daha çox təsir edir: «Əlbəttə, neftin qiyməti azalırsa, bu üç qonşu ölkənin milli valyutalarının məzənnəsinin sabitliyi pozulursa, bu iki amilin birləşməsi manat üçün daha böyük təhlükə yaradır».

Ekspert sonda da deyib ki, ABŞ neftin qiymətinin aşağı olmasında maraqlıdır, ona görə də qiymətin yüksək olacağını gözləmir.

A.Paşazadə
A.Paşazadə

Allahşükür Paşazadə: «Mən artıq uzun illərdir ki...»

«Yeni Müsavat» qəzetində «Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar: Abel Məhərrəmovla dostam, o yazılanlar...» sərlövhəli yazı yer alır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə «Yeni Müsavat» qəzetinə müsahibə verib. Müsahibədə o, Çexiyada mülklərinin olması ilə bağlı mətbuatda yayılan iddialara, Bakı Dövlət Universitetinin rektorluğundan çıxarılan Abel Məhərrəmovla münasibətlərinə və başqa bir sıra mətləblərə də toxunub.

A.Məhərrəmov bu yaxınlarda işdən çıxarılarkən yerli mətbuat bunun səbəbləri ilə bağlı bir sıra iddialara yer vermişdi. Həmin iddiaların birində də vurğulanırdı ki, A.Məhərrəmov İspaniyada keçirilən konfransların birində şəxsi biznes maraqlarına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə açıq konflikt yaşayıb. Şeyxülislam Allahşükür Paşazadə isə qəzetə deyib ki, İspaniyada hər hansı konflikt baş verməyib və onlar əslində dostdurlar.

«O ki qaldı Abel müəllimin rektorluqdan azad edilməsinə, bu, prezident cənablarının müstəsna səlahiyyətidir. Heç kimin bu işə qarışmağa ixtiyarı yoxdur. Prezident kimə görəsə kimisə işdən azad etmir. Bu gün işdən azad edib, bəlkə gələcəkdə başqa yerdə lazım olacaq?», - deyə Allahşükür Paşazadə qəzetə söyləyib.

O, Çexiyada mülklərinin olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan iddialara da münasibət bildirib: «Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə…».

Xaç və aypara
Xaç və aypara

Multikultural dəyərlərə sədaqət

«Azərbaycan» qəzetində «Multikultural dəyərlərə sadiqlik» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, qarşılıqlı hörmət ruhu, fərqli mədəniyyətlərin dialoqu, ən yaxşı keyfiyyətlərin bir-birindən mümkün qədər görüb-götürməsi tərəqqinin təməli rolunda çıxış edir. Yazıda vurğulandığına görə, müasir dünyada indi çoxları bu həqiqətin fərqindədir. Müəllif hesab edir ki, söylənilən məsələdə dövlətlərin, beynəlxalq qurumların, elmi-mədəni mərkəzlərin üzərinə daha böyük vəzifələr düşür: «Prezident İlham Əliyevin «2016-cı ilin Azərbaycan Respublikasında «Multikulturalizm ili» elan edilməsi haqqında» Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan verdi. Sərəncama əsasən hazırlanmış tədbirlər planı çərçivəsində aidiyyəti dövlət qurumları və ictimai təsisatlar tərəfindən təşviqat-təbliğat tədbirləri genişləndirilmiş, beynəlxalq səviyyəli forumlar, konfranslar, sərgilər keçirilmişdir».

Müəllif daha sonra da yazıb ki, Azərbaycanda «Multikulturalizm ili» elan edilməsi həm də rəsmi Bakının dünyaya verdiyi açıq mesajdır: «Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu, bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan siyasi, dini-milli sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır».

Yazıda vurğulanır ki, fərqli milli-mənəvi və dini dəyərlərə hörməti nümayiş etdirmək indi zərurətə dönüb. Müəllifin fikrincə, bu fərqliliklərə dözümsüzlük bir çox ölkələri hələ də davam edən müharibələrlə üz-üzə qoyub.

Yazının sonunda da oxuyuruq: «Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-mənəvi sərvətidir».

XS
SM
MD
LG