Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

Azərbaycanda insan alverinin miqyası ‘rəsmi rəqəmlərdən yüksəkdir’


Azərbaycanda insan alveri qurbanlarının sığınacağı
Azərbaycanda insan alveri qurbanlarının sığınacağı

Azərbaycan insan alverilə mübarizədə irəliləyiş əldə edib, amma əməyin istismarı məqsədilə alverin aşkarlanaraq önlənməsi yönündə daha çox iş görülməlidir. Bunu Avropa Şurasının ekspertləri bu gün – noyabrın 23-də açıqladıqları hesabatda bildirirlər. Qurumun İnsan Alverinə qarşı Ekspertlər Qrupu (GRETA) 2014-cü ilin mayında Azərbaycanla bağlı ilkin dəyərləndirmə hesabatının dərcindən sonrakı prosesləri qiymətləndirirlər. Söhbət Avropa Şurasının İnsan Alverinə qarşı Konvensiyasına necə əməl olunmasından gedir.

GRETA Azərbaycanın bir sıra sahələrdə əldə etdiyi uğurları alqışlayır. Özəlliklə də qanunvericiliyə əlavələr, peşəkarlara təlim keçilməsi, insan alverinə dair maarifləndirmə işi yüksək dəyərləndirilir.

PROBLEMLƏR VƏ TÖVSİYƏLƏR

Ancaq qurum narahatlıq doğuran məsələlərin olduğunu vurğulayır. GRETA Azərbaycan hakimiyyətini əməyin istismarı məqsədilə insan alverini önləmək üçün tədbirlər görməyə çağırır. Bunun yolları da göstərilir – əmək müfəttişləri iş yerlərində işçi qüvvəsinin yoxlanması prosedurlarını bərpa etsinlər, müfəttişlərin mandatı gücləndirilsin, işədüzəltmə və müvəqqəti iş agentliklərinin işi tənzimlənsin və nəzarətdə saxlansın, yerli işçilərlə bağlı tənzimləmə sistemi nəzərdən keçirilsin.

İllüstrativ foto
İllüstrativ foto

Əməyin istismarı məqsədilə insan alveri qurbanlarının fəal şəkildə müəyyənləşdirilməsinin vacibliyi vurğulanır. Bu hallara daha çox tikinti, kənd təsərrüfatı və ev işlərində rast gəlindiyi bildirilir.

GRETA hakimiyyəti uşaqları qorumağa, erkən və məcburi nikahlarla mübarizəni artırmağa çağırır. Anadan olan uşaqların hamısının qeydiyyata alınması da tövsiyələr sırasındadır.

Qurumun digər tövsiyələri insan alveri qurbanlarının onların təhqiqatla əməkdaşlığından asılı olmayaraq tanınması, onlara kompensasiya verilməsi ilə bağlıdır.

GRETA qeyd edir ki, insan alverinə aid bütün cinayətlər fəal şəkildə araşdırılmalıdır, müvafiq, önləyici sanksiyalar qoyulmalıdır. İstintaq və məhkəmə zamanı qurbanların və şahidlərin intiqamdan, qorxudulmadan qorunmasına daha çox diqqət ayrılmalıdır.

İnsan alverinə qarşı iş aparan QHT-lərin adekvat maliyyəyə çıxışının təmin olunması da tövsiyə olunur.

RƏSMİ STATİSTİKA

Hakimiyyətin təqdim etdiyi statistikaya görə, Azərbaycan insan alverində əsasən mənbə ölkədir, bəzən də mənzil (qəbul edən) ölkəsi rolunda çıxış edir. 2014-2017-ci illərdə 258 insan alveri qurbanının müəyyənləşdirildiyi bildirilir. Bundan başqa, bu müddətdə 81 güman edilən qurban da qeydə alınıb.

Rəsmi qurbanlar 95 faizi cinsi istismara cəlb olunmuş qadınlardır. Kişi qurbanların hamısı əməyin istismarına cəlb edilib. Bu dövrdə cəmi iki uşaq insan alveri qurbanı kimi tanınıb.

Qurbanların əksəriyyəti xaricdə istismar olunan Azərbaycan vətəndaşları idi. Azərbaycanlılar Rusiyaya, Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Malayziyaya və Pakistana aparılıb.

Azərbaycanda istismar olunan qurbanlara gəlincə, beş nəfər Özbəkistandan, dörd nəfər Rusiyadan, ikisi Ukraynadan, biri Çindən, biri Türkmənistandan gətirilib.

GRETA qeyd edir ki, Azərbaycanda insan alverinin miqyası rəsmi rəqəmlərdəkindən yüksək ola bilər. Qurum bu fərqin səbəbini identifikasiya prosesindəki qüsurlar, ölkəiçi traffikinqə yetərincə diqqət ayrılmamasında görür.

Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, münasibət açıqlamayıb. AzadlıqRadiosu mövzunu davam etdirəcək, saytımızı izləyin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG