Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Əhali artımında sıfırın altına düşmə təhlükəsi-Media icmalı


Manat
Manat

Azərbaycan-Türkmənistan münasibətləri, problemli kreditlərin həlli yolları, demoqrafik vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Hökumət belə bir qərar qəbul edərsə...

«Yeni Müsavat» qəzetində «Azərbaycanda kimlərin kredit borcları silinə bilər-ekspert rəyi» sərlövhəli yazı oxumaq olar.

Müəllif bank borcları mövzusunda ekspert Rəşad Həsənovla söhbət edib. Yazıda bu mövzunun yenidən aktuallaşmasına səbəb kimi Gürcüstanda kredit borclarının silinməsi məsələsinin gündəmə gəlməsi göstərilir.

Müəllif vurğulayır ki, Azərbaycan cəmiyyəti də analoji problem yaşayır, həcmi 2 milyard manata yaxın olan problemli kreditlər hələ də banklara, əhaliyə çətinliklər yaşadır.

Yazıda qeyd edilməsinə görə, Gürcüstanda 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə (750 dollar) qədər olan borcunun silinməsindən söhbət gedir.

Müəllif isə belə bir sual gündəmə gətirir: Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər?

İqtisadçı-ekspert R.Həsənov hesab edir ki, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar olmalıdır: «Bu qərar olacaqsa, ilk növbədə kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda, dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir».

R.Həsənov vurğulayıb ki, burada banka borcunu ödəyə bilməyənlə ödəmək istəməyən arasında fərq olmalıdır.

Üstəlik, o hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri də fərqləndirilməlidir. Amma onun vurğulamasına görə, bir sıra hallarda biznes kreditlərinin istehlak kreditləri adı ilə rəsmiləşdirilməsi kimi problem də var və buna görə çox diqqətli olmağa ehtiyac var.

F.Ağamalı
F.Ağamalı

Deputatın demoqrafik vəziyyətlə bağlı təklifləri

Oxu.az saytında «Deputat: Aztəminatlı ailələrə kömək etməsək, sıfırın altına düşəcəyik» sərlövhəli yazı yer alır.

Sayt ölkədə olan demoqrafik vəziyyəti Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müzakirə edib. Müəllif xatırladıb ki, deputat 2019-cu ilin dövlət büdcəsinin müzakirələri zamanı da ölkədə uşaq doğuşlarının azalmasını xüsusi olaraq gündəmə gətirib.

Deputat sayta deyib ki, Milli Məclisdə statistik rəqəmlər dilə gətirilib. Orada vurğulanıb ki, uşaq doğuşunda 2011-2017-ci illərdə, hətta 2018-ci ilin ilk doqquz ayında azalma var: «Bu, ciddi və düşündürücü bir məsələdir. Bu məsələ demoqrafik təhlükəsizliyimizə əngəl yaradır. Burada ciddi azalma tendensiyası özünün bütün əlamətlərini, elementlərini göstərməkdədir».

F.Ağamalıya görə, bu məsələdə ciddi problem mövcuddur və problem ailə institutunun tarixi ənənələrə söykənməməsi, kifayət qədər aşınması ilə bağlıdır:

Ölkədə imkanlı ailələrin iki uşaqdan artıq övlad dünyaya gətirmədiklərini deyən deputat bildirib ki, fiziki baxımdan milli artım aztəminatlı və bir də ortatəminatlı ailələr hesabına baş verir: «Əgər bunlara yardım, maddi dəstək yoxdursa, artıq bu artım da kəsiləcək, onlar da bir uşaqla kifayətlənəcək və biz də bu gedişlə gəlib artıq sıfırın altına düşəcəyik. Ona görə də, burada həyəcan təbili vurulmalıdır».

Daha sonra F.Ağamalı hesab edir ki, doğulan uşağa birdəfəlik yardımın miqdarını minimum 200 manata (hazırda 90 manat civarındadır) qaldırılmalı, hər bir uşağa 12 yaşına qədər aylıq müavinət verilməlidir.

Deputat vurğulayıb ki, ölkədə uşaq doğumunun azalmasında sosial problemlər də öz rolunu oynayır. Onun fikrincə, gənc ailələrin evlə lazımi dərəcədə təmin olunmamasının da buna mənfi təsiri var.

Prezidentlərin görüşü
Prezidentlərin görüşü

Prezidentin Türkmənistan səfəri

«Azərbaycan» qəzetində «Ekspert: Prezidentin Türkmənistana səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir» sərlövhəli yazı dərc edilib.

Yazıda dövlət başçısı İlham Əliyevin bu günlər Türkmənistana gerçəkləşən səfəri iqtisadçı Vüqar Bayramovla müzakirə edilib.

«Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur», - V.Bayramov səfərin nəticələrini qəzetə belə şərh edib.

Ekspert vurğulayıb ki, son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. Əgər 2014-cü ildə dövriyyə 51 milyon dollar idisə, son 4 ildə bu rəqəm 3 dəfədən çox artaraq, 2017-ci ildə 164 milyon dollardan yuxarı olub: «Ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində, ticarət və iqtisadi əlaqələrin inkişafında irəliləyişlər müşahidə olunur».

V.Bayramov hesab edir ki, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması Xəzərin statusunun müəyyən olunması ilə də bağlıdır.

Ekspert vurğulayıb ki, hər iki dövlət Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var və bu yataqların işlənməsi məsələsi uzun müddətdir müzakirə edilirdi.

«Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən, bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı»,-deyə V.Bayramov qeyd edib.

XS
SM
MD
LG