Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:42

Putinin seçki reytinqi düşüb


Vladimir Putin mart seçkisindən sonra çıxış edir

Son beş ildə ilk dəfə olaraq Prezident Vladimir Putinin seçki reytinqi 60 faizdən aşağı düşüb. Bunu Rusiyanın müstəqil sorğu mərkəzi açıqlayıb.

Levada Mərkəzinin noyabrın 22-də açıqladığı sorğuya görə, potensial seçicilərin 56 faizi 2024-cü ildə Putinə səs verəcəyini açıqlayıb. Bu, bir il öncəki göstəricidən 10 faiz azdır.

Putin mart seçkisində səslərin 77 faizini yığıb.

Levadanın oxşar sorğularına əsasən demək olar ki, sonuncu dəfə Putinin seçki reytinqi 2013-cü ildə 60 faizdən aşağı düşmüşdü.

Mərkəzin oktyabrda keçirdiyi sorğu zamanı rəyi soruşulanların üçdə biri Putinin prezident kimi fəaliyyətini dəstəkləmədəyini demişdi. 41 faiz isə ölkənin Putinin rəhbərliyi altında “düzgün olmayan yolla” getdiyinə əmindir.

PREZİDENT “TAM MƏSULİYYƏT DAŞIYIR”

Son sorğuda respondentlərin 61 faizi hesab edir ki, Putin ölkənin qarşısında duran problemlər üçün tam məsuliyyət daşıyır. Araşdırma aparıldığı dövrdə bu da maksimum göstərici sayılır.

Rusiyada pensiya islahatına etirazlar
Rusiyada pensiya islahatına etirazlar

22 faiz hesab edir ki, prezident “müəyyən dərəcədə” məsuliyyət daşıyır. Respondentlərin 10 faizi əmindir ki, Putin hər şeyi düzgün edir, problemlər “səriştəsiz və rüşvətxor məmurlar”ın ucbatından yaranır. 6 faiz isə hər şeyə görə “obyektiv şərait”i günahlandırır.

Bir il öncə rusiyalıların 55 faizi prezidentin tam məsuliyyət daşıdığını, 21 faiz isə bu məsuliyyətin qismən olduğunu deyirdi.

Putin 1999-cu ildən Rusiyanın prezidenti, ya da baş naziri olub. O, martın 7-də keçirilən seçkidə daha altı il müddətinə rəhbər seçilib.

Seçkidə saxtakarlıq iddiaları səslənib, beynəlxalq müşahidəçilər seçicilərə əsl seçim imkanı yaradılmadığını deyiblər.

Bu ilin əvvəlində pensiya sisteminə dəyişikliklər elanı, təqaüd yaşının artırılması təklifi prezidentin populyarlığına təsirini göstərib. Putin reytinqi 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq ediləndə pik həddə çatmışdı.

XS
SM
MD
LG