Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Həbs olunan gömrük polkovniki: 'Məni aldatdılar'


Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsində rəhbər dəyişikliyindən sonra bu qurumda xeyli işdən çıxarılanlar, həbs edilənlər oldu. O adamların işləri bir-bir məhkəməyə göndərilir. Əksəriyyəti də özlərini təqsirli bilmirlər. İddia edənlər də var ki, rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmaqdan ötrü onları tutublar.

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenantı Natiq İmanov da özünü təqsirli bilmir.

Noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindiriləndə deyib ki, onu aldadıb sənədlərə imza atdırıblar. O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda suçlanır. 2006-cı ildən gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmiş N.İmanov isə bildirir ki, onun müavinətləri vaxtından əvvəl vermək səlahiyyəti olmayıb.

İstintaqa ifadəsində var ki, o, tutularkən üzərində olan 2 min 500 manatı iş yoldaşı Mansur Zeynalovdan rüşvət aldığını etiraf edib. Vəkili məhkəmədə vəsatət qaldırıb ki, o ifadə sübutlar siyahısından çıxarılsın, çünki təzyiq altında alınıb.

«Əməliyyatçılar gəlib məni saxlayanda dedilər ki, «səni tutmayacağıq, işdən çıxacaqsan, vəssalam. Ancaq bu ifadəyə imza at». Mən də elədim. Sonra məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırdılar, orada da eyni cür aldatdılar. İmzaladım. Bir də gördüm mülkigeyimlilər gəldilər ki, məni aparsınlar...», – təqsirləndirilən gömrük polkovniki məhkəmədə deyib.

Vəsatət təmin olunmayıb. Hakim deyib ki, sübutların qiymətləndirilməsi mərhələsində bu məsələyə baxarlar.

Gömrük işlərində nəyi dəyişərdiniz?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

«Alıb saxladım ki, qayıdanda verim»

N.İmanov ifadəsində bildirib ki, ona rüşvət verdiyi iddia olunan iş yoldaşı M.Zeynalov özü ona zəng edib. Deyib ki, toy edir, maddi vəziyyəti yaxşı deyil, qısa zamanda birdəfəlik müavinəti almaq istəyir: «Dedim ki, hazırda komitənin balansında pul yoxdur, pul köçən kimi birdəfəlik müavinət – 5 min manat veriləcək. O isə israr etdi ki, pulu tez almaqda kömək eləyim. Bildirdim ki, belə səlahiyyətim yoxdur. Bundan bir ay sonra yenə zəng elədi, iş yerinin qarşısında onun avtomobilində görüşdük. Dedi ki, müavinətin yarısı qədər – 2 min 500 manat rüşvət vermək istəyir. Yenə ona «yox» dedim. Bildirdi ki, həmin gün Qəbələyə yas yerinə gedir, pul üstündə qalmasın deyə, mənə saxlamağa vermək istəyir. Bir iş yoldaşı kimi mən də onun xahişini yerinə yetirdim – alıb saxladım ki, qayıdanda verim. Sağollaşdıq, avtomobildən düşüb komitənin binasına daxil olmaq istəyəndə məni əməliyyatçılar saxladı. Rüşvət aldığımı iddia edib pulları götürdülər».

Dövlət Gömrük Komitəsinin sentyabrın 11-də yaydığı məlumatda iddia olunurdu ki, maliyyə şöbəsinin rəisi pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün onlardan rüşvət alıb. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları birgə əməliyyat keçirib, N.İmanov pensiya yaşına çatmış gömrükçülərdən birindən 2 min 500 manat alarkən tutulub. Ona görə dərhal vəzifəsindən azad edilib, haqqında toplanan materiallar da Baş Prokurorluğa göndərilib.

N.İmanov CM-in 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunur. Qanunda rüşvət almaya görə 4 ildən 8 ilədək, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 4 min manata qədər cərimə, 2 ilə qədər islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG