Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:51

Nissan-la bağlı istintaq genişlənir


Carlos Ghosn
Carlos Ghosn

Nissan rəhbəri Carlos Ghosn-la bağlı istintaq genişləndirilərək, Renault-Nissan-ı da əhatələyə, Nissan Fransadakı tərəfdaşının bu qlobal avtomobil alyansında mövqeyini zəiflətməyə çalışa bilər. “Reuters” bunu mənbələrə əsasən yazır.

Nissan bazar ertəsi Renault-un idarə heyətinin iclasında bildirib ki, Renault-Nissan BV-nin yol verdiyi nöqsanlarla bağlı əlində dəlil var. Bu Niderland şirkəti Renault-un nəzarəti altında olan alyansın əməliyyatlarına nəzarət edir. Agentlik bunu məsələdən xəbərdar üç nəfərə istinadla yazır.

Yaponiya şirkəti olan Nissan-ın 43,4 faizinin sahibi Renaul-dur. Nissan bu günlərdə bildirib ki, Ghosn şirkətin aktivlərindən əldə etdiyi kompensasiya və şəxsi istifadəsi barədə informasiya verməyib.

Nissan rəhbəri Hiroto Saikawa-nın özəl yazışmasından Ghosn-un sədrlikdən çıxarılacağı planları da aydın olur. Avtomobil industriyasının 64 yaşlı veteranı direktor həmkarı Greg Kelly ilə birlikdə Tokioda həbs olunub.

Hiroto Saikawa
Hiroto Saikawa

Hələlik, onlardan heç biri səslənən iddialara açıq şərh bildirməyiblər.

Renault-Nissan alyansı 19 ildir yaranıb, 2016-cı ildə Mitsubishi Motors da ona qoşulub. Ancaq bu alyansda avtomobil istehsalçıları və Fransa hökuməti arasında gərginlik yaşanır. Hökumət 15 faizlə Renault-un əsas səhmdarıdır.

Həm də Renault-un sədri olan Ghosn bu il hökumətin təzyiqi altında bəzi güzəştlərə getməli olmuşdu.

Fransa Prezidenti Emmanuel Macron deyib ki, ölkəsi “alyansın sabitliyinin qorunması üçün ayıq-sayıqlığı artıracaq”.

Putinin adı bədnam “aşpazı”nın sorağı indi də Afrikadan gəlir

Kremli ərzaqla təmin etdiyinə görə Rusiya Prezidenti Vladimir Putinin “aşpazı” ləqəbini qazanmış biznesmen Yevgeny Prigozhin-in sorağı indi də Afrikadan gəlir. İndiyədək onun adı Rusiyanın Ukraynaya təcavüzü, Suriya müharibəsi, ABŞ-da seçkilərə müdaxiləylə bağlı çəkilib. “Bloomberg” yazır ki, indi bu gizli biznesmenin Afrikada muzdlular ordusu, həkimləri yeni biznesinə cəlb etməsi barədə informasiya yayılır.

Yevgeny Prigozhin (sağda) və Vladimir Putin (ortada)
Yevgeny Prigozhin (sağda) və Vladimir Putin (ortada)

Məsələdən xəbərdar iki nəfərin deməsinə görə, Prigozhin muzdlu əsgərlər və siyasi kadrların köməyi ilə yerli əhaliyə təhlükəsizlik, silahlar üzrə təlim, seçki üzrə xidmətlər təklif edir, əvəzində mədənlərin işlənməsi hüquqlarını, digər imkanlar əldə edir. Onun artıq Rusiya ordusunun əlaqə qurduğu 10 ölkədə fəal olduğu, yaxud getməyə hazırlaşdığı bildirilir. Bu ölkələr Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya- Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasıdır.

Gələn il Putin birinci Rusiya-Afrika sammitinə, 50-dən artıq liderin görüşünə ev sahibliyi edəcək. Xarici işlər naziri Sergei Lavrov deyirdi ki, bu tədbir “Rusiyanın regionda fəal iştirakını möhkəmlədəcək”.

“Bloomberg” yazır ki, Prigozhin-in şirkətlərinin elə də məşhur olmaması Kremlə iştirakını danmaq fürsəti verir. 2014-cü ildə ona dövlətə xidmətə görə mükafat vermiş Putin bu il köhnə dostunun beynəlxalq fəaliyyətini amerikalı milyarder George Soros-la müqayisə edib. Kreml Sorosu Vaşinqtonun göstərişilə hökumətləri yıxmağa çalışmaqda suçlayıb.

Emmerson Mnangagwa səs verir, 30 iyul, 2018-ci il
Emmerson Mnangagwa səs verir, 30 iyul, 2018-ci il

57 yaşlı Prigozhin-dən şərh almaq mümkün olmayıb. ABŞ-da xüsusi prokuror Robert Mueller-in fevralda ittiham irəli sürdüyü 3 şirkət və 13 nəfər sırasında o və Concord Catering şirkəti də var. Onların 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxilədə əli olduğu iddia olunur.

Afrika Putin üçün indiyədək ikinci dərəcəli məsələ olub. Axı, 20 il öncə hakimiyyətə gəlmiş Putin Rusiyanın itirilmiş superdövlət statusunu bərpa etməyə çalışırdı. Amma indi Qərbin sanksiyaları altında olan Kreml bu regiona yeni bazarlar fürsəti kimi baxır.

Prigozhin-in siyasi konsultantları Zimbabvedə Emmerson Mnangagwa-ya mübahisəli qələbəsini qazanmaqda tövsiyələr veriblər. Mnangagwa-nın əsas rəqibi “rusiyalıları” səsvermənin nəticələrinin manipulysiyasına yardımda suçlayıb. Amma hakim Zanu-PF partiyası Rusiyanın seçkidə heç bir əli olmadığını bildirib.

Prigozhin-in muzdlulardan ibarət, Rusiya mediasında Wagner adı almış şirkəti artıq Mərkəzi Afrika Respublikası (MAR) və Sudandan qızıl və almazla bağlı güzəştlər əldə edib. İyulda MAR-da üç rusiyalı jurnalist qətlə yetirilib. Onlar Prigozhin-in fəaliyyətini araşdırırdılar.

Kreml Ukraynada seçkini necə qazana bilər

Ukraynada gələn il keçiriləcək seçki yaxınlaşdıqca, Moskvanın maraqları da diqqət mərkəzinə keçir. “The Atlantic Council” təşkilatının vebsaytında Markian Kuzmowycz yazır ki, 2014-cü ilin Avromaydan İnqilabının ərsəyə gətirdiyi avropapərəst kursa baxmayaraq, Moskvanın maraqlarına daha sıx bağlı olan partiyalar hakimiyyətə gəlməyə real cığır görməkdədirlər.

Kiyevdə satılan suvenirlər
Kiyevdə satılan suvenirlər

Heç bir namizədə yekdil dəstək yoxdur. Seçki rəsmilərindən narazılıq, iqtisadi narahatlıq, müharibənin gətirdiyi sıxıntılardan yoğrulmuş bir nəhəng ortam mövcuddur. Seçki ikinci tura qalsa, qərbyönlü siyasətçi müxalifət namizədi ilə üz-üzə gəlsə, birinci turdan keçməmiş namizədləri dəstəkləyənlər Rusiyayla münasibətlərin normallaşması, Donbasda zorakılığa son qoyulması kimi mesajlara anlam verə bilərlər. Adətən bu və iqtisadi populizm kimi mesajları Rusiyaya sığınmış keçmiş prezident Viktor Yanukovych-in varisləri səsləndirir”, – müəllif yazır.

Müxalifət Bloku və Za Zhyttia partiyaları Rusiyayla münasibətləri normallaşdırmaq, Donbasdakı müharibəni qeyri-hərbi yolla bitirmək istəyir. Onları birlikdə 12,2 faiz dəstəkləyir. Müxalifət Blokunun Boyko fraksiyası və Za Zhyttia partiyası bu yaxınlarda elan ediblər ki, vahid seçki platforması yaradacaqlar. Medianın dəstəyi, qərbyönlü düşərgədə parçalanma və status kvodan narazılıq o deməkdir ki, vahid namizədin ikinci turda real şansı yarana bilər. Hələ bu, Ukrayna elektoratının 16 faiz azalması faktına baxmayaraq belədir. Axı, separatçı regionlar ənənəvi müxalif mövqe ilə seçilirdi.

Müəllif qeyd edir ki, elektorata dezinformasiya ötürmək cəhdləri də gözlənəndir. Avropa Birliyi və NATO ilə bağlı ölkə boyunca fərqli fikirlər hökm sürür, bəzi hallarda neytral və neqativ yanaşmalar pozitiv fikirləri üstələyir. Son bir ildə ölkənin cənubunda və şərqində avroatlantik inteqrasiyaya dəstək azalıb. Digər tərəfdən, Ukraynada neytrallıq tərəfdarlarının sayı 2015-ci ildə 23 faiz idisə, bu il 35 faizə qalxıb. Düzdür, NATO-ya dəstək 41-21 faizdir və indiyədək ölkə tarixində bu səviyyədə olmayıb. Di gəl, NATO-nun opponentləri və neytrallar ucbatından Kiyev rəhbərliyi post-Maydan əhval-ruhiyyəsini dəyişə bilməsə, bu, Moskva üçün qeyri-hərbi yolla qələbə demək olar.

XS
SM
MD
LG