Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 07:06

'Keçmiş SSRİ-dən qalan qrafik'-Media icmalı


Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Qışa hazırlıq, benzinin qiymətləri ətrafında gözləntilər, İrana valyuta axını və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Benzinin bahalaşması...»

«Yeni Müsavat» qəzetində «Benzinin bahalaşması gündəmdən çıxdı-səbəb» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (NEZ) oktyabrın 1-dən təmirə dayandırılıb. Təmir prosesinin təxminən bir ay davam edəcəyi nəzərdə tutulurdu.

Müəllifin qeyd etməsinə görə, SOCAR zavoddakı təmir işləri ilə əlaqədar artıq Rusiyadan Aİ-92 markalı benzinin idxalına da başlayıb.

Yazıda vurğulandığına görə, bir müddət öncə iqtisadçı Qubad İbadoğlu demişdi ki, bütün bunlar yaxın zamanlarda Azərbaycanda benzin və dizel yanacağının qiymətinin artırılmasına gətirib çıxara bilər: «Bakı Neft Emalı Zavodu planlaşdırılmış illik təmirə dayandığı müddət ərzində 70 min ton Aİ-92 markalı benzin idxal edilib. Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.... SOCAR rəsmisi qeyd edib ki, bu həcmin 40 min tonu Rusiyadan idxal edilib».

İ.Əhmədov bildirib ki, 30 min ton Aİ-92 markalı benzin isə Avropadan Kulevi terminalı vasitəsilə ölkəyə gətirilib. Üstəlik, zavodda artıq planlaşdırılmış təmir işləri yekunlaşıb və bütün qurğular işə salınıb

Müəllif yazır ki, NEZ-də yenidənqurma işlərinin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Bu proses 2021-ci ildə başa çatmalıdır.

İranda valyutadəyişmə məntəqəsi
İranda valyutadəyişmə məntəqəsi

Azərbaycandan İrana dollar gedir?

Oxu.az saytında «Azərbaycandakı dollar İranın «qara bazar»ına necə çıxır?» sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, sanksiyalarla bağlı İranda dollar bahalaşıb, ona tələbat artıb, orada «qara bazar» formalaşmaqdadır.

Müəllif qeyd edir ki, Azərbaycanla İran arasında ticarət əlaqələri heç də zəif deyil. Bu baxımdan yazıda diqqət Azərbaycandan İrana qanunsuz yolla dollar keçirməyə cəhdlərin qarşısının alınması barədə yayılan informasiyalara yönəldilir

Yazıda habelə bildirilir ki, Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsini İran Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun formalaşdırır.

İqtisadçı-ekspert Rəşad Həsənov isə mövzu ilə bağlı sayta bunları deyib: «İranda elan edilən rəsmi məzənnəyə uyğun dollar tapmaq mümkün deyil... Azərbaycandan bu ölkəyə valyuta axınını şərtləndirən də məhz bu məqamdır».

R.Həsənov vurğulayıb ki, İrana dollar aparıb Azərbaycana rialla qayıdan vətəndaş onu Mərkəzi Bankın məzənnəsinə uyğun satmaq istəyəcək, amma burada da problem var: «Amma bir şey var. Faktiki olaraq, bu gün Azərbaycanda İran rialını qəbul edən bank tapmazsınız. Ona görə də həmin cəhdi edənlər çətinliyə düşdü».

Ekspert deyib ki, daha bir məsələ də var, bu, rialın gömrükdən keçirilməsidir. Onun iddiasına görə, Azərbaycan tərəfi ölkəyə rial gətirilməsinə məhdudiyyət qoyub.

R.Həsənovun deməsinə görə, bəziləri rialı İranda əmtəəyə çevirərək Azərbaycana gətirirlər, dəyər-dəyməzinə satsalar belə, 3-4 dəfə artıq gəlir götürə bilirlər.

Ekspert vurğulayıb ki, Azərbaycanda banklar rialı qəbul etsəydilər, ölkədən İrana həddən artıq böyük valyuta axını yaranardı.

Əvvəllər İrandan daha çox qızıl gətirməyin dəbdə olduğunu deyən R.Həsənov qeyd edib ki, indi qızıl dollarla «qara bazar»dakı məzənnəyə satılır, ona görə də maraq azalıb.

Radiator
Radiator

Qışa hazırlıq

«Azərbaycan» qəzetində «Soyuq hava soyuq münasibət sevmir» sərlövhəli yazıda qış aylarında əhalinin istiliklə təminatı vəziyyəti dəyərləndirilib.

Müəllif yazıb ki, soyuqların düşməsi ilə istilik və enerjiyə tələbat artır: «Bəs, cari ildə vəziyyət necə olacaq? Bu barədə indidən bir söz demək çətindir. Ancaq «Azəriqaz» İstehsalat Birliyi və «Azəristilik» ASC-dən verilən məlumata görə, ölkə əhalisi qış aylarında fasiləsiz qaz və istiliklə normal təmin ediləcək».

Ardıyca «Təki belə olsun» yazan müəllif qeyd edir ki, «Azəriqaz» hazırda ölkə əhalisinin qazla təminatının 94.2 faizə çatdığını bildirir: «Qış mövsümü bütün xidmət orqanları, o cümlədən «Azəriqaz» üçün də sınaq dövrüdür. Yəni, bu mövsümdə qaz həm də əsas istilik mənbəyinə çevrilir. Bu isə o deməkdir ki, qaza olan tələbat kəskin artır, şəbəkədə gərginlik yaranır. Buna görə də qaz xətlərinin və qazpaylayıcı şəbəkələrin saz vəziyyətə gətirilməsi, onların daim nəzarətdə saxlanması tələb olunur. Bu səbəbdən də qışa yay fəslindən hazırlaşmaq lazımdır».

Yazıda vurğulandığına görə, əsas mübahisə doğuran məsələlərdən biri də istiliyin hansı tarixdə verilməsidir. Müəllif bildirir ki, mübahisələrə baxmayaraq, hələ də dağ və dağətəyi rayonlarda istiliyin noyabrın 1-dən, Bakı şəhərində isə 15-dən verilməsi qrafiki qüvvədədir: «Etiraf edək ki, bu, keçmiş İttifaqdan qalmış qrafikdir. Artıq 27 ildir olmayan ölkənin təsərrüfat qaydasını dəyişmək istəyənin indiyədək tapılmaması özlüyündə çox qəribə haldır. Qəribə həm də mövsümün havanın temperaturu ilə yox, hansısa sovet məmurunun nə vaxtsa tərtib etdiyi cədvəllə başlamasıdır…».

XS
SM
MD
LG