ABŞ Prezidenti Donald Trump-ın vəkilləri deyirlər ki, Trump Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi və özünün bu barədə bilgisi barədə sualları yazılı cavablandırıb.
Noyabrın 20-də yaydığı bəyanatda Rudy Giuliani prezidentin yanlışa yol vermədiyini bir daha dilə gətirib və Xüsusi prokuror Robert Mueller-in istintaqını bitirməyə çağırıb.
“Xüsusi prokurora 30-dan çox şahid, 1,4 milyon səhifəlik material verilib, indi də prezident cavablarını yazılı təqdim edib. Bu istintaqı sona çatdırmağın vaxtıdır”, – o deyib.
Trump-ın cavablarını yazılı təqdim etməsi onun vəkilləri ilə Mueller istintaqı arasında aylardır gedən danışıqlarda böyük bir addım sayılır.
Bir arada Mueller Trump-la üzbəüz müsahibə etmək istəyirdi, amma vəkilləri buna qarşı çıxdılar, prezidentin yalan ifadə, prokurora potensial cinayət barədə daha çox dəlil verə biləcəyindən çəkindilər.
SUAL-CAVABLAR YAYIMLANMAYACAQ
Mueller-in və Trump-ın komandaları yazılı ifadə barədə razılığa gəlməsəydilər, Mueller Trump-ı dindirməyə çağırmağa məcbur qalacaq, bununla da Ali Məhkəməyə qədər gedib çıxacaq böyük siyasi çəkişmə başlanacaqdı.
Trump-ın digər vəkili Jay Sekulow isə bəyanatında bildirib ki, hüquq komandası sualların və cavabların surətini yaymayacaq, xüsusi prokurorla yazışmaları müzakirəyə çıxarmayacaq.
2017-ci ilin mayında Mueller Federal Təhqiqat Bürosunun apardığı istintaqın başına keçib. O, Trump-ın seçki kampaniyası ilə Rusiya rəsmilərinin mümkün əlbirliyini araşdırır. Mueller bu postda FTB-nin direktoru James Comey-i əvəzləyib.
O vaxtdan yeddi nəfərə ittiham irəli sürülüb və təqsirlərini boyunlarına alıblar. Onların içində Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri və keçmiş milli təhlükəsizlik müşaviri də var. Ümumilikdə isə 3 Rusiya şirkəti daxil 26 nəfərə ittiham verilib.
Noyabrın 18-də Fox News-a müsahibəsində Trjmp hansısa yanlışa yol vermədiyini deyib. O, istintaqa müdaxiləylə bağlı sualları isə cavablandırmayacağını söyləyib.
“Məncə, bu əcinnə ovuna yetərincə vaxt sərf etmişik və cavab yəqin budur ki, tükənmişik”, – o vurğulayıb.
İndiyədək cinayət təhqiqatları çərçivəsində Birləşmiş Ştatların keçmiş prezidentləri George W. Bush və Bill Clinton dindiriliblər.
ABŞ kəşfiyyat agentliklərinin gəldikləri qənaətə görə, Rusiya Trump-ın demokratlardan olan rəqibi Hillary Clinton-a zərbə vurmaq üçün seçkiyə müdaxilə edib.