Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

'Sahibkarlara başa salırdıq'


Dönərxana
Dönərxana

«Heç yerdə iş tapa bilmirdim. Məşğulluq İdarəsinə də müraciət etmişdim, qeydiyyatdan keçmişdim. Müavinət də vermədilər ki, sənə düşmür. Nə vaxtsa adımda maşın olub, indi çürüyüb artıq, yoxdur. Körpə uşağım acından ölürdü...», – məhkəmə önünə çıxarılan Elnur Rzayev məcburiyyətdən cinayətə əl atdığını deyir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Səfər Vəliyevlə birlikdə mağaza, dönərxana sahiblərindən rüşvət almaqda suçlanır. Amma onlara rüşvət alma ittihamı verilməyib. Hər ikisi CM-in 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312 (rüşvət verməyə təhrik etmə) maddələriylə ittiham olunur.

İttihama görə, E.Rzayev və S.Vəliyev özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edib, obyekt sahiblərindən aşkarladıqları pozuntulara göz yummaq müqabilində rüşvət alıblar. Məbləğ də 150-250 manat civarında olub.

Məhkəmədə E.Rzayev vəsatət qaldıraraq, heç olmasa, hökm elan olunana qədər ev dustaqlığına buraxılmasını istəyib. Deyib, ailə vəziyyəti ağırdır.

Lakin vəsatət təmin olunmayıb.

«Mənə uzağı 20 manat verərdi, 150 manat verməzdi axı»

Hakim önünə çıxarılanların hər ikisi özünü qismən təqsirli bilib. Onlar ittihamda bəzi obyektlərin sayı və alınan pullarla bağlı rəqəmlərin şişirdildiyini deyirlər: «Günə 80 manat pul qazanan dönərxana mənə uzağı 20 manat verərdi. 150 manat verməzdi axı...».

E.Rzayev bildirib ki, cəmi üç epizodda iştirak edib. Özünü də Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim etməyib. Bundan öncə «Sahibkarlıq - Hüquq Cəmiyyəti»ndə çalışdığını deyən E.Rzayevin sözlərinə görə, onda həmin cəmiyyətin vəsiqəsi olub. Bu cəmiyyət də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətiylə əməkdaşlıq edirdi.

Təqsirləndirilən şəxs bildirir ki, sahibkarlara könüllü təlim keçib, buna görə onlardan zəhmət haqqı alıb: «Bir çox mağazalar bizim təklifimizi qəbul etmişdi. Gedib orada vaxtı keçmiş malları aşkar edirdik, sonra sahibkarlara başa salırdıq. Biz daha əvvəl mağazalara gedəndə heç Qida Təhlükəsizliyi Agentliyi yaranmamışdı. Ümumiyyətlə, agentliyin adından istifadə etməmişik. Sonra cəmiyyət ləğv edildi və vəsiqəni sədrimiz Əli müəllimə verə bilmədik».

E.Rzayev tutduğu əməldən peşman olduğunu vurğulayıb: «Düzdü, dələduzluq etmişəm. Ailəmi, uşağımı saxlamaqdan ötrü eləmişəm. Məcburiyyətdən...».

Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə verilmiş ittihamlardan vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə 1000 manata qədər cərimə, 400 saata qədər ictimai və ya 2 ilədək islah işləri, yaxud da 3 ilə qədər həbs cəzası nəzərdə tutulub. Qanunda təkrar rüşvət verməyə görə cəza isə daha ağırdır - 8 min manatdan 12 min manata qədər cərimə və ya 4 ildən 8 ilədək həbs.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG