Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:02

Azərbaycanda da kredit borcları silinsin, silinməsin?..-Media icmalı


Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Bank borcları üçün hökumət nə edə bilər?

Azərbaycan-Belarus münasibətləri, problemli kreditlər mövzusuna fərqli baxışlar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Vəkil: «Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa...»

Moderator.az saytında «Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, borc silinməlidir» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda vətəndaşların banklara olan borclarının silinmə ehtimalı bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla müzakirə edilib.

Ekspertlə söhbət Gürcüstanda 600 min nəfərdən çox vətəndaşın bank borclarının silinməsi məsələsinin gündəmə gəlməsi fonunda aparılıb.

O, sayta bildirib ki, bu kimi addımların Azərbaycanda da atılması vacibdir, amma məhkəmələr və icra məmurları buna əməl etmirlər.

Gürcüstanda gedən proseslərdən xəbərdar olduğunu deyən Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda bir milyondan çox insanın problemli krediti var. Ekspert Gürcüstanla bağlı isə bunları deyib: «Burda iki variant var: Birinci variant odur ki, dövlət krediti silərək bankalara məbləği özü ödəyir, çünki banklar da özəl müəssisədir. İkinci variant isə odur ki, dövlət məhz ödəniş qabiliyyəti olmayan vətəndaşların kreditini sildirəcək. Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, bu o deməkdir ki, vətəndaş müflisdir və borc silinməlidir. Bu bütün sivil dünyada belədir».

Ə.Həsənov deyib ki, Azərbaycanda isə qanunlara əməl olunmur: «Bizdə də qanunda göstərilir ki, hər hansı bir öhdəlik icra oluna bilmirsə, xitam verilməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər».

Ekspert deyir ki, Azərbaycanda banklar kredit borclarına görə əhaliyə münasibətdə «vətəndaşın canı çıxsın, borcunu ödəsin» prinsipini əsas tutublar.

Hazırda Azərbaycan banklarında 1.8 milyard manat dəyərində problemli kreditlərin olduğu bildirilir.

Sizcə, dollarla götürülən kreditlər hansı məzənnə ilə ödənməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Bankirin qanun və vəkillərdən giley-güzarı

Marja.az saytında «Bankir: Ən böyük problemlərimizdən biri qanunlardakı boşluqlar və vəkillərdir» sərlövhəli yazı yer alır.

Bu yazıda isə problemli kreditlər mövzusunda «AGBank»ın İdarə Heyətinin sədri Əfqan Cəlilovla söhbət edilib. Burada isə mövzu ilə bağlı qarşı tərəfin, bankların mövqeyi ifadə edilib.

Ə.Cəlilova görə, ölkə qanunvericiliyindəki boşluqlar və bu boşluqları vətəndaşlara «öyrədən» bir sıra vəkillər bankların problemli kreditləri yığmasına çətinlik yaradırlar.

Ə.Cəlilov deyib ki, «AGBank» bir neçə ildir ki, aktiv kreditləşdirməni dayandırıb, əsas istiqamət devalvasiyalardan sonra yaranmış problemli kreditlərin yığılmasına yönəlib: «Əgər ödəmə vaxtı keçmiş kreditləri yığsaq, bu, xərclərimizin azalmasına və nəticədə bankın kapitalının artmasına səbəb olacaq».

Bankirə görə, Azərbaycan qanunvericiliyi istənilən problemli müştəriyə borcunu qaytarmaq müddətini uzatmağa imkan verir və bu ən böyük problemdir: «Müştəri məhkəməni uduzana yaxın müxtəlif bəhanələr ilə məsələni təxirə salır. Məsələn, deyir ki, «imza mənim imzam deyil». Başqa bir misal: Uduzan borclu müştərinin mənzili məhkəmənin qərarı ilə boşaldılmalıdır. Bu zaman borclunun həyat yoldaşı və ya 18 yaşı tamam olmuş övladı evin girov qoyulmasından xəbəri olmadığını bildirir, baxmayaraq ki, dövlət notariat kontorunda bu sənədləri imzalayıblar».

Ə.Cəlilov bu sahədə vəkillərdən də şikayətçidir. O deyir ki, ölkədə müştəriləri səhv istiqamətləndirən bir qrup «ağıllı» vəkillər əmələ gəlib.

Bankir bu vəkilləri qazancları naminə müştəriləri öyrədərək borcu qaytarmaq prosesini uzatmaqda suçlayır və vaxt uzandıqca, banka daha çox zərər dəydiyini iddia edir.

A.Lukaşenko və İ.Əliyev
A.Lukaşenko və İ.Əliyev

Prezidentin Belarus səfəri

«Azərbaycan» qəzetində «Strateji tərəfdaşlığın ən yüksək mərhələsi» sərlövhəli yazı dərc edilib. Yazıda Azərbaycanın xarici ölkələrlə əlaqələrindən bəhs edilir.

Müəllif mövzunu prezident İlham Əliyevin noyabrın 19-da başa çatmış Belarus səfəri kontekstində dəyərləndirib.

Müəllif yazıb ki, rəsmi Bakı diplomatik, siyasi, iqtisadi, humanitar çərçivədə bir çox dövlətlərlə əməkdaşlıq edir: «Lakin dostluq və qardaşlıq münasibətlərinə gəldikdə, bir neçə əsas dövlət yada düşür ki, onlardan da biri ölkə rəhbərinin rəsmi səfərdə olduğu Belarusdur».

Müəllifin qeyd etməsinə görə, son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.

Yazıda vurğulanıb ki, münasibətlərin bu səviyyəyə yüksəlməsi hər iki ölkənin dövlət başçıları - İlham Əliyevlə Aleksandr Lukaşenko arasındakı səmimiyyətdən, qarşılıqlı hörmətdən qaynaqlanır.

Daha sonra statistik göstəricilərə toxunan müəllif vurğulayıb ki, son 12 ildə İ.Əliyev 5 dəfə Belarusa, A.Lukaşenko isə 4 dəfə Azərbaycana səfər edib. 110 mühüm tərəfdaşlıq sənədləri imzalanıb, son səfərdə isə daha 8 saziş bu sənədlər sırasına daxil edilib: «Ümumiyyətlə, 2018-ci ilin son 10 ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə artıb və 331.5 milyon dollara bərabər olub. Respublikamızda 70-ə yaxın Belarus, bu ölkədə isə 59 Azərbaycan kapitallı şirkətlər fəaliyyətdədirlər».

Müəllif sonda da yazıb: «Dünənki (noyabrın 19-u) səfər zamanı da liderlərin apardığı müzakirələr, qəbul edilən mühüm qərarlar bir daha onu deməyə əsas verir ki, Belarus- Azərbaycan münasibətləri strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb».

XS
SM
MD
LG