Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:56

Avropada regionçuluq necə baş qaldırır – Qərb mediası


Kataloniyada etirazçı
Kataloniyada etirazçı

Avropadakı populist dalğa milli azlıqlar və qonşuları arasında gərginliyi qızışdırır. “The Economist” dərgisi bu haqda yazır.

Məqalədə Avstriya-Macarıstan monarxiyasının çöküşündən bir əsr keçməsinə baxmayaraq, İtaliyanın şimalındakı Bolzano şəhərində onun izlərinin hələ də qaldığı vurğulanır. Burada Vyana kofe evlərini, pivə zallarını görmək olar. Bahnhofsallee kimi küçə adlarına rast gəlinir.

Avstriyanın hakimiyyəti altında burada pluralizm vardı. Hüquqlar bərabər idi. Adamlar istədikləri dildə danışırdılar”, – Sven Knoll deyir. Onun sözlərinə görə, Mussolini hakimiyyətə gələndən sonra regionu italiyalaşdırmağa çalışıb, dil məhdudiyyətləri qoyub, cənubdan miqrasiyanı həvəsləndirib.

Cənab Knoll-un Cənubi Turol Azadlıq Partiyası almandilli yerli əhaliyə Avstriya pasportlarının verilməsini, region üçün müstəqillik istəyir. Birinci Dünya müharibəsindən sonra, müttəfiqlərinin dəstəyinin əvəzi olaraq bu region İtaliyaya verilib. Vyanadakı hazırkı sağ qanad hökuməti yeni vətəndaşlıq qanunu hazırlayır, yəni birinci hədəf artıq əlçatan görünür. Cənab Knoll ümid edir ki, ikinci hədəf də zaman məsələsidir.

Bolzanoda eritrealı miqrant
Bolzanoda eritrealı miqrant

“The Economist” yazır ki, Avropa qarışıq bir qitədir və sərhədlərin adamların özlərini aid etdikləri məkana uyğun saxlamaq heç vaxt asan olmayıb. Bugünkü Kataloniya (o zaman Araqon) 1479-cu ildə Kastiliya ilə ittifaq yaratdı, sonra onun tabeçiliyinə keçdi. 1866-cı ildə Prussiya Şlezviqi Danimarkadan alıb. 1913-cü ildə son dönəmini yaşayan Osmanlı imperiyası əsasən müsəlmanların yaşadığı Kosovonu Serbiyaya verdi.

1920-ci ildə imzalanmış Trianon sazişi ilə Macarıstan əraziləri Rumıniyaya verildi və Çexoslovakiya adlı yeni dövlət yarandı. 1919-cu il fevralın 7-də britaniyalı diplomat Harold Nicolson yazırdı ki, “günün böyük hissəsini ABŞ nümayəndə heyətilə Rumıniya və Çexoslovakiyanın sərhədlərini çəkdik. Çox az məqamlarla bağlı fikir ayrılığı vardı”.

Demokratlar Konqresin nəzarətini necə geri qaytara bilərlər

Noyabrın 6-da ABŞ Konqresinə seçkilərdə demokratlar Nümayəndələr Palatasına üstünlüyü ələ alıblar. Bundan sonra tərkibi yenidən seçiləcək komitələr Trump administrasiyasına güclü nəzarət vəd ediblər. Onlar dinləmələr keçiriləcəyini, yanlışların təhqiq olunacağını, yeni qanunvericilik vəd edirlər. “Foreign Affairs” dərgisində Linda L. Fowler yazır ki, xarici siyasət ekspertləri bu fürsəti alqışlayıb, axı, silahlı xidmətlər, xarici məsələlər, kəşfiyyat komitələrindəki demokratlar milli təhlükəsizliyə hərtərəfli nəzarət vəd edirlər.

ABŞ-da seçki məntəqəsində Səs Verdim stikerləri
ABŞ-da seçki məntəqəsində Səs Verdim stikerləri

“Ancaq reallıq gözləntilərlə ayaqlaşmaya bilər. Son bir neçə on ildə siyasi və institusional baryerlər o qədər gücləndirilib ki, xarici siyasətin, müdafiə qərarlarını nəzərdən keçirməyi hədəfləyən istənilən cəhdin qarşısı alına bilər. Dünyadakı problemlərə rəğmən, 2018-ci ilin seçkisində diqqət ölkəiçi məsələlərə və Prezident Donald Trump-ın siyasətinin bəyənilməməsinə yönəldi. Rəy sorğularında beynəlxalq münasibətlər problem kimi qeyd olunmadı və bu fakt böyük sorğular keçirməyə həvəsi azalda bilər. Bundan başqa, Nümayəndələr Palatasının müdafiə və xarici siyasət komitələri medianın diqqətini cəlb etməkdən ötrü digər komitələrlə yarışmalı olacaqlar. Çünki senatdakı respublikaçılar, prezident ictimaiyyətin və mətbuatın diqqətini əsas məsələdən yayındırmaq məqsədilə hücuma keçə bilər”, – yazan müəllif icraedici qanadın məsuliyyətini artırmaq, ictimaiyyəti bilgiləndirməkdən ötrü nəzarətin vacib olduğunu vurğulayır.

Məqalədə qeyd olunur ki, yaxşı qanunların qəbulu üçün hökumət proqramlarının necə həyata keçirilməsi təhlil olunmalıdır. Konqresmenlər adətən, nəzarətdənsə, qanunların qəbuluna üstünlük verirlər. Palata üzvləri isə agentliklərin fəaliyyətinə senatorlardan daha çox nəzarət edirlər, hökumət parçalanmış vəziyyətdə olanda təhqiqatları sürətləndirirlər.

George W. Bush administrasiyasının sonunda Demokratların üstünlük təşkil etdiyi Konqres xarici siyasətə qənaətbəxş nəzarət edə bilməyib. Obama administrasiyası vaxtı Respublikaçıların nəzarətində olan Konqres isə ondan da pis örnək göstərib. Bugünkü komitə liderləri respublikaçı sələflərinə baxaraq nəyi etməli olmamalarını öyrənməlidir”, – məqalədə deyilir.

Yağış meşə yanğını qurbanlarının axtarışını əngəlləyə bilər

Şimali Karolinada meşə yanğını qurbanlarının axtarışı üçün yeni əngəl yaranıb. Gözlənən yağışlar axtarışa çətinlik yarada, amma eyni zamanda yanğınsöndürənlərin işini asanlaşdıra bilər.

Axtarışlar davam edir
Axtarışlar davam edir

“The Associated Press” agentliyi yazır ki, bazar günü 400-dək könüllü, xilasedici kül və dağıntılar arasında axtarışlara çıxıb. Yanğında azı 77 nəfər həlak olub, 10 min 500-dən artıq evin dağıdıldığı bildirilir.

Robert Panak adlı könüllü deyir ki, o, axtarış zamanı adamların yanan evin harasında gizlənə biləcəyini təsəvvürünə gətirib, amma axtarış fayda verməyib.

“Ancaq müsbət düşünməyə çalışıram”, – Panak deyib.

Şerif Kory Honea-nın fikrincə, rəsmilər itki sayını heç vaxt dəqiq bilməyə də bilərlər. O, axtarış işlərinin həftə ortasına, yəni yağış proqnozu verilən günlərədək qurtarmayacağından da narahatdır.

Yanğından bir həftə keçir, itkin siyahısında minədək adamın adı var. Ancaq rəsmilər onların hamısının itkin düşməməsi versiyasını da nəzərdən keçirirlər. Məsələn, bazar günü siyahı 300 nəfər azalıb, bur çoxları tapılıb, ya da əlaqə saxlayaraq itkin düşmədiklərini bildiriblər.

Bazar günü axşam Çikoda Birinci Xristian Kilsəsindəki memorialda 50-dən çox adam anım mərasiminə yığışıb. Onların qaldırdığı plakatda “Külün altından qalxacağıq” sözləri yazılıb.

XS
SM
MD
LG