Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Əli Kərimli sərbəst buraxıldı


Ə.Kərimli
Ə.Kərimli

Səbail Rayon Məhkəməsində noyabrın 17-də saxlananlarla bağlı proses tam başa çatıb. Saxlananlardan 8 nəfər cərimə edilərək sərbəst buraxılıb. 3 nəfərə isə həbs cəzaları verilib. AXCP üzvləri Ağababa Cəfərli, Ruslan ƏmirovCavid İbrahimov 20 sutka həbs cəzaları alıblar.

Buraxılanlar arasında AXCP sədri Əli Kərimli də olub.

+++

Noyabrın 17-də saxlanılan AXCP sədri Əli Kərimli həbsdən buraxıldı. Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun qərarıyla o, İnzibati Xətalar Məcəlləsinin 513.1 maddəsiylə təqsirli bilinib 2500 manat cərimələnib.

Vəkil Fuad Ağayev məhkəmədə Şəhidlər Xiyabanı ətrafında olan video-müşahidə kameralarının görüntülərinin alınıb araşdırılması barədə vəsatət qaldırıb: «İnzibati Xətalar Məcəlləsinin 65.4.6 maddəsində göstərilib ki, inzibati xəta yeri video-müşahidə altındadırsa, şəxsin o görüntüləri əldə etmək hüququ var. Bu, birbaşa hüquqdur. Əgər Əli Kərimli inzibati xətaya yol veribsə, bu, aydın görünəcək. Yaxud da bilinəcək ki, polis qanunsuzluq edib».

«Ölkəyə 365 gün turist gəlir»

Vəkil deyir ki, həmin gün AXCP sədri Ə.Kərimli başda olmaqla, cəbhəçilər bayram tədbiri keçiriblər - Milli Dirçəliş gününün 30 illiyi ilə əlaqədar Azərbaycanın müstəqilliyi uğrunda ölənlərin məzarları üstünə güllər qoymaq istəyiblər. «Sərbəst toplaşmaq haqqında» qanuna görə isə bayram tədbirləri bu qanunla tənzimlənmir.

Vəkilin vəsatəti təmin edilməyib.

F.Ağayev deyir ki, Ə.Kərimli polis idarəsində vəkili kimi onunla əlaqə yaradılmasını, idarəyə çağrılmasını istəyib. Lakin ona idarədən bu barədə heç bir məlumat verilməyib.

Ə.Kərimli haqqında inzibati xətaya dair protokolu tərtib etmiş polis Allahverdi Cəfərov bildirib ki, AXCP sədri protokolu imzalamaqdan imtina edib. Partiya üzvlərinin Şəhidlər Xiyabanına buraxılmamasının səbəbi barədə danışan A.Cəfərov bildirib ki, həmin gün orada dövlət tədbiri, eyni saatda qonaqlar gələcəkdi. Onun sözlərinə görə, Şəhidlər Xiyabanına girişin məhdudlaşdırılması barədə iki gün öncədən Bakı Şəhər Baş Polis İdarəsi Eldəniz Quliyevə xəbərdarlıq edilmişdi.

Vəkil F.Ağayevin «Nə tədbir vardı? Niyə məhdudlaşdırılırdı?» sualına A.Cəfərov belə cavab verib: «Turistlər gəlib-gedir axı...».

F.Ağayev bildirib ki, ölkəyə 365 gün turist gəlir, o zaman vəziyyət necə olacaq?

Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Anar Hüseynov bildirib ki, noyabrın 17-də adamlar Şəhidlər Xiyabanına tərəf irəliləyirdi, Ə.Kərimli gələndə onu alqışlamağa başladılar: «Şüar səsləndirəndə onları saxlamaq qərarı verildi».

Çıxışında öncə saxlanma şəraitindən danışan Ə.Kərimli deyir ki, prosessual hüquqları pozulub, telefonu dərhal alınıb, iki gün ərzində ailəsiylə əlaqə saxlamasına imkan verilməyib, evdən göndərilən paltar və yemək qəbul edilməyib: «Mən kostyumda yatmağa məcbur qalmışam».

«Ümid edirdim, başa sala biləcəm»

17 noyabrda keçirdikləri tədbirə gəlincə, Ə.Kərimli söyləyib ki, onlar siyasi aksiya, yürüş yox, anım mərasimi keçiriblər: «Bu barədə öncədən Facebook səhifəmdə də yazmışdım ki, Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 1988-ci ildə - mən hələ tələbə idim - biz Meydan hərəkatını başlatdıq, Azadlıq meydanını Kommunist partiyasından aldıq. Həmin gün başlayan hərəkat Azərbaycanın dövlət müstəqilliyinə, indi bu zalda olan üçrəngli bayrağın yenidən dalğalanmasına gətirib çıxardı. Biz ona görə məhz həmin gün bu ölkənin müstəqilliyi uğrunda canından keçən adamların ziyarətinə getmək qərarı verdik».

AXCP sədri deyir ki, indiyədək 70-80 dəfə Şəhidlər Xiyabanını ziyarət ediblər, heç vaxt da orada siyasi aksiya keçirməyiblər.

Ə.Kərimlinin sözlərinə görə, noyabrın 17-də o gəlib tədbir iştirakçılarına qoşulanda artıq adamların qarşısını kəsmişdilər, bir hissəsini də tutmuşdular: «Yenə də irəlilədik. Polis kordonu qarşımızı tam kəsəndə dayandım, polislərə rəhbərlik edən şəxslərə başa salmaq istədim ki, şəhidləri anmaq, ziyarət etməkdə heç bir qəbahət yoxdur. Ümid edirdim ki, başa sala biləcəm. İmkan vermədilər, onda adamlar «Azadlıq!» qışqırıb yolun açılmasını tələb edirdilər. «Şəhidlər, haqqını halal et bizə!» şüarı səslənəndə mən dedim ki, «Şəhidlər, haqqını nankorlara halal etmə!».

Ə.Kərimli vurğulayıb ki, o, heç bir qanunsuz addım atmayıb, sadəcə, siyasi və vicdani borcunu yetirib: «Baş vermiş hadisə Azərbaycanı dünyada biabır edir...».

Bu yerdə hakim Nurəddin Bağırov çıxışın davamını gözləməyərək, müşavirəyə gedib.

Təxminən iki dəqiqə sonra geri qayıdıb, 2 min 500 manat cərimə qərarını elan edib.

+++

Səbail Rayon Məhkəməsi daha bir nəfəri- Ramiz Cəfərovu 500 manat cərimə edərək sərbəst buraxıb. Beləliklə, məhkəmədə cərimə edilib buraxılanların sayı 5 nəfərə çatıb.

+++

Sərbəst buraxılanlardan biri – «Kanal-13» internet televiziyasinin əməkdaşı Nurlan Libre də olub. O deyib ki, onu həmin gün çəkiliş apararkən polis saxlayıb. N.Librenin sözlərinə görə, üstəlik, polis zorakılığı ilə də üzləşib.

Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Məhkəmə önündən AzadlıqRadiosuna verilən xəbərə görə, saxlananlardan daha 3 nəfər buraxılıb. Onlar da 400 manatdan 500 manata kimi cərimə ediliblər.

Saxlananlardan Fatimə Mövlamlı buraxılıb

Noyabrın 17-də saxlananlardan biri-gənc fəal Fatimə Mövlamlı sərbəst buraxılıb.

Bu gün, noyabrın 19-da Səbail Rayon Məhkəməsində o, 500 manat cərimə edilib.

Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər. Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə gətiriblər. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmamışdı.

Saxlananlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılırlar. Orada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər ilə bağlı «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG