Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:12

'Əhali kəndlərdə odun sobalarından istifadə edir'-Media icmalı


Qaz
Qaz

Tolerantlıq, Azərbaycanın bir sıra şəhərlərində kitab mağazalarının olmaması və havalar soyuyandan sonra əhalinin qazla təminatında problemlərin meydana çıxması medianın əsas mövzularındandır...

Havaların soyuması ilə...

«Yeni Müsavat» qəzetində «Əhalinin qazla təminatı axsayır- «Azəriqaz» isə «Hər şey yaxşıdır» deyir» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, havalar soyuyan kimi Sumqayıtda, Xirdalanda, Bakıətrafı qəsəbələrdə qazın verilməsində problemlər yaşanır, kənd rayonlarında isə əhali odun yandırır: «Artıq bir neçə gündür sosial şəbəkələrdə qazın təzyiqinin aşağı olması ilə bağlı müzakirələr başlanıb. Müzakirələrdən aydın olur ki, Sumqayıt və Xırdalan şəhərləri, Sumqayıt və Bakı ətrafındakı yaşayış məntəqələrindən narazılıq daha çoxdur».

«Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev isə «Yeni Müsavat»a deyib: «Deyirsiniz, sosial şəbəkələrdə müzakirələr, narazılıqlar var. Orada narazılıq edən şəxslər müraciət etsinlər Birliyin qaynar xəttinə, qeydiyyatdan keçsinlər, bizim əməkdaşlarımız gedib yerində yoxlasınlar vəziyyəti. Sosial şəbəkədə yazmaqdansa, bu addımları atsınlar və əgər qaz təchizatında problem varsa, onun aradan qaldırılmasına çalışsınlar...».

Müəllif yazıb ki, artıq 3 ildir Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracına dair müqavilələrini vaxtında icra etməkdən ötrü əlavə qaz həcmlərinə ehtiyac duyur. Yazıda vurğulandığına görə, bu ilin əvvəlindən etibarən Gürcüstan bütünlüklə Azərbaycan qazı ilə təmin olunur: «Əhali bilməlidir ki, soyuq havalarda pulunu ödədiyi halda niyə keyfiyyətli qaz təchizatı əldə edə bilmir? Bölgələrdən redaksiyamıza edilən şikayətlərdə isə bildirilir ki, əhali əksər kənd və qəsəbələrdə (hansı ki onlar sənəddə qazlaşdırılıb - R) odun sobalarından istifadə edirlər».

Ş.Xuduoğlu
Ş.Xuduoğlu

«...Kitab mağazaları yoxdur»

Moderator.az saytında «Elə böyük şəhərlərimiz var ki, orada kitab mağazaları yoxdur» sərlövhəli yazı yer alır.

Yazıda «Qanun» nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu ilə söhbət təqdim edilib.

Ş.Xuduoğlu sayta deyib ki, Azərbaycanda hələ xeyli kitab mağazalarının açılmasına ehtiyac var: «Hər iki-üç min adama bir kitab mağazası düşməlidir. Avropa ölkələrinin şəhərlərində əsasən bu cür ölçü götürülür. Düşünürəm ki, Azərbaycanda hələ xeyli sayda kitab mağazalarının açılmasına ehtiyac var. Kitab mağazalarının yerləşməsi düzgün təşkil olunmalıdır. Məsələn, Bakının mərkəzində kitab mağazaları açılır, amma şəhərdən qıraqda bu cür mağazalar yoxdur. Bizim elə böyük şəhərlərimiz var ki, orada da kitab mağazaları yoxdur».

Bununla belə, Ş.Xuduoğlu vurğulayıb ki, kitab alıcılarının sayı qənaətbəxş olmasa da, artım var: ​«Əvvəlki illərə nisbətən kitab satışı, kitab oxuyanların, kitabla bağlı tədbirlərin sayı artıb. Amma təhsil ocaqları buna gərək xüsusi önəm versin. Məktəblər və kolleclər açılır, amma onların kitabxanaları demək olar ki, yox səviyyəsindədir. Tələbələrin vasitəsi ilə onlar gərək öz kitabxanalarını zənginləşdirsinlər».

Namaz
Namaz

Azərbaycan tolerantlığı

«Azərbaycan» qəzetində «Tolerantlığın Azərbaycan modeli» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, bu gün, noyabrın 16-sı UNESCO-nun 50 illiyi şərəfinə 1995-ci ildən dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Müəllifə görə, bu günün təsis olunması bütün dinlərin və xalqların nümayəndələrinin bir-birinin dəyərlərinə ehtiram şəraitində yaşamasını təmin etmək məqsədi güdür: «Bəli, müasir dövrümüzün acı həqiqətlərindən biri ondan ibarətdir ki, heç də hər kəs birgə yaşadığı digər millətin mədəniyyətinə, dininə və digər mənəvi dəyərinə hörmət etmək istəmir. Bunun da nəticəsində toqquşmalara, savaşlara gətirib çıxaran qanlı hadisələr baş verməkdədir».

Müəllif yazıb ki, Azərbaycanda isə vəziyyət fərqlidir: «Lakin bu fərqli mühit yeni yaranmayıb. Bu mənada ölkəmizi fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni, mənəvi baxışlarına sayğı göstəriblər. Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya mili zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb».

Müəllif hesab edir ki, Azərbaycandan ötrü son illərin ən böyük tarixi reallıqlarından biri də ölkənin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Yazıda vurğulanır ki, bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir.

Müəllif yazinin sonlarına doğru da yazir: «Azərbaycanda bütün millətlərin mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir...».

XS
SM
MD
LG